RU

“Çıxışdan bir neçə saat sonra…” - Deputatdan REAKSİYA

Deputat Sahib Alıyev parlamentin iclasında çıxış edən zaman ötən həftə keçirilən XIII Qlobal Bakı Forumu və daha bir neçə digər məsələ haqda danışıb.

Musavat.com-un məlumatına görə, deputat bildirib ki, bir zamanlar Azərbaycanla Ermənistana “çəkişməyə son qoyun, aranızdakı problemi danışıqlar masası arxasında çözün” deyənlərin, əməldə isə bunun əksinə çalışanların hamısı indi ya özlərinin birbaşa savaşın içindədirlər, ya da savaşa qatılanların yanında yer alıblar:

“Dövlətimiz isə beynəlxalq tədbirlərdə özünün işğala son qoymaq və sülh yaratmaq təcrübəsini bölüşür ki, onlardan biri də gündəliyi “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması”na həsr olunmuş XIII Qlobal Bakı Forumu idi. Cənab İlham Əliyev həmin forumda bir vaxtlar bizim üzləşdiklərimizlə indi üzləşən dövlətlərə üzünü tutaraq deyir ki, haqlı olduğunuza əminsinizsə, sizi əngəlləməyə çalışanlara fikir verməyin! Torpaqlarımız işğal altında olanda kimsə Azərbaycan Prezidenti sayaq açıq şəkildə bizə bunu deyirdimi? Xeyr, demirdilər, amma buna baxmayaraq millətimiz və dövlətimiz təsəvvürə belə gətirilməyən bir reallıq yaratmağı bacardı. Elə bir reallıq ki, Bakıda XIII Qlobal Forum keçirilən gün Ermənistanın baş naziri Avropa Parlamentində Qarabağdan özləri çıxıb gedən soydaşlarının emosional hissləri ilə oynamamaq çağırışı edir, onların geri dönməyəcəklərini bildirirdi. Qarabağı özləri tərk edənlərin geriyə dönüşləri ilə bağlı bir neçə qətnamə qəbul edən Avropa Parlamentindəkilər üçün bunun nə demək olduğu yəqin ki, aydındır. Və o da aydındır ki, Paşinyanın həmin çıxışı da, oradan dövlət başçımıza bir daha minnətdarlığını bildirməsi də, eyni gündə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Bakıya səfəri də, Fransa Prezidenti Makronun cənab İlham Əliyevə zəng edərək Azərbaycana qarşı hava hücumunu pisləməsi, bizimlə həmrəyliyini dilə gətirməsi də bir-birinə bağlı məsələlərdir və ötən il avqustun 6-da Vaşinqtonda üzə çıxan reallığın Avropada da həzm olunmasıdır. Bu, 2024-cü ilin 5 aprelində Brüsseldə keçirilən üçlü görüşdəki məkrli planın üstündən xətt çəkilməsi və Azərbaycan diplomatiyasının qələbəsi deməkdir”.

S.Alıyev sonda hökumətin hesabatı zamanı etdiyi çıxışa operativ reaksiya verilməsindən bəhs edib:

“Etdiyim çıxışdan bir neçə saat sonra Baş nazirin göstərişi ilə, Ekologiya və Təbii Sərvətlər nazirinin və digər qurumların rəhbərlərinin əlaqə saxlayıb qaldırdığım problemlə maraqlanmalarına toxunmaq istərdim. Fikrimcə, bu, vətəndaş məmnunluğunun təmini baxımından parlament-hökumət əməkdaşlığının gözəl bir örnəyidir. Çıxışımızda qaldırılan məsələlərə belə operativ reaksiyaya görə cənab Baş nazirə və kabinet üzvlərinə minnətdarlığımı bildirirəm!”

E.Paşasoy,
Musavat.com

Избранный
43
2
musavat.com

4Источники