RU

Çayda balıq ehtiyatlarının azalması yerli balıqçılara və bölgə iqtisadiyyatına necə təsir edir? - EKOLOQ DANIŞDI

“Çaylarda balıq ehtiyatlarının azalması həm iqtisadi, həm sosial, həm də ekoloji baxımdan ciddi nəticələr doğurur. Bu problem birbaşa olaraq yerli balıqçıların gəlirlərinə təsir edir”.

Bu sözləri SİA-ya açıqlamasında ekoloq Cəmşid Quliyev deyib.

Onun sözlərinə görə, balıq ehtiyatı azaldıqca balıqçılar ya daha az gəlir əldə edir, ya da daha uzaq ərazilərə üz tutmalı olur ki, bu da əlavə xərclər yaradır:

“Nəticədə bölgə iqtisadiyyatında da müəyyən zəifləmə müşahidə oluna bilər.

Ekspert qeyd edib ki, balıq qıtlığı bazarda qiymət artımına səbəb olur: “Təklif azalır, tələb isə qalır. Bu da qiymətlərin bahalaşması ilə nəticələnir. Eyni zamanda idxaldan asılılıq artır, xarici ölkələrdən gətirilən balıqlar bazarda daha geniş yer tutur.”

Bu prosesin digər sahələrə də təsirsiz ötüşmədiyi vurğulanıb. Balıq satışı, emalı və restoran sektoru kimi sahələr də yeni şərtlərə uyğunlaşmağa məcbur qalır.

Ekspert xüsusilə ekoloji təsirlərə diqqət çəkib. Onun sözlərinə görə, balıq ehtiyatlarının azalması biomüxtəlifliyin zəifləməsinə və ekosistemin pozulmasına gətirib çıxarır. Balıqların miqrasiya yollarının bağlanması, çaylarda bəndlərin qurulması və qanunsuz ov üsulları populyasiyanın bərpasını çətinləşdirir.

Balıq ehtiyatlarının bərpası istiqamətində görülən tədbirlərə də toxunan ekspert bildirib ki, bu sahədə müəyyən addımlar atılır. Bunlara qanunsuz ovla mübarizə, brakonyerliyə qarşı nəzarətin gücləndirilməsi, ov kvotalarının tətbiqi və kürüləmə dövründə məhdudiyyətlər daxildir.

Bununla yanaşı, süni balıq yetişdirmə mərkəzlərinin yaradılması və körpə balıqların su hövzələrinə buraxılması da həyata keçirilən tədbirlər sırasındadır. Akvakulturanın inkişafı isə təbii ehtiyatlara düşən yükün azaldılmasına xidmət edir.

Ekspert əlavə edib ki, ekoloji və texniki tədbirlər də mühüm rol oynayır. Bunlara çayların təbii axınının qorunması, su keyfiyyətinin yaxşılaşdırılması, sənaye tullantılarına nəzarət və balıqların kürüləmə yerlərinin bərpası daxildir.

Sonda vurğulanıb ki, bu sahədə maarifləndirmə, elmi monitorinqlər və beynəlxalq əməkdaşlıq da gücləndirilməlidir. Ekspert hesab edir ki, xüsusilə media və ictimaiyyət davamlı balıqçılıq qaydalarının təşviqində daha aktiv rol oynamalıdır”.

Ayşən Vəli

Избранный
38
1
sia.az

2Источники