RU

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Novruz şənliyi

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Berlin, 17 mart, AZƏRTAC

Azərbaycanın Almaniyadakı səfirliyinin və Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi, “Xarıbülbül” Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə Berlində Novruz şənliyi keçirilib.

AZ”RTAC xəbər verir ki, tədbir “Xarı Bülbül” Mədəniyyət Evinin nəzdindəki ana dili kurslarında iştirak edən azərbaycanlı uşaqların ifasında Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

“Xarıbülbül” Azərbaycan Mədəniyyət Evinin rəhbəri Sevda Badaliouri rəhbərlik etdiyi təşkilatın Berlində Azərbaycan dilini, mədəniyyətini, musiqisini və zəngin irsimizi yaşatmaq, gənclərimizə ötürmək üçün məsuliyyətlə çalışdığını bildirib. O, Berlində yaşayan azərbaycanlı ailələrin övladlarının doğma dilimizə və milli dəyərlərimizə böyük sevgi ilə yanaşmalarının qürurverici olduğunu vurğulayıb.

S.Badaliouri “Xarıbülbül” Azərbaycan Mədəniyyət Evinin fəaliyyətinə göstərilən davamlı dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə, Azərbaycanın Almaniyadakı səfirliyinə, Mədəniyyət Nazirliyinə və Azərbaycan Mədəniyyət Mərkəzinə minnətdarlığını bildirib.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək xalqımızın qədim və zəngin mədəni irsində xüsusi yeri olan Novruz bayramının cəmiyyətə sülh, dostluq, birlik və qarşılıqlı hörmət kimi dəyərləri aşıladığını vurğulayıb. Diplomat Novruz bayramının Azərbaycanda olduğu kimi, ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən də böyük coşğu ilə qeyd olunduğunu, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin yaşadıldığını və uğurla təbliğ edildiyini diqqətə çatdırıb. Səfir tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edərək, ölkəmizə, xalqımıza və soydaşlarımıza birlik, bərabərlik və cansağlığı arzulayıb.

Sonra “Xarıbülbül” Azərbaycan Mədəniyyət Evinin şagirdləri Bahar bayramını tərənnüm edən şeir və mahnılar oxuyub, milli rəqslərimizi ifa ediblər. Festivalın ən yaddaqalan məqamlarından biri də Azərbaycanın məşhur kinofilmlərindən maraqlı epizodların balacalar tərəfindən səhnləşdirilməsi olub. Həmin filmlərdə səsləndirilmiş mahnıların ifa olunması tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Norveç Musiqiçilər Birliyinin üzvü, Drezden simfonik orkestrinin solisti Şəbnəm Hüseyn çıxışı ilə bayram şənliyinə xüsusi rəng qatıb və tədbir iştirakçılarına unudulmaz anlar yaşadıb.

Sonda “Xarıbülbül” Azərbaycan Mədəniyyət Evinin rəhbəri Sevda Badaliouriyə, eləcə də tədbirin təşkilində əməyi olan digər şəxslərə - Xəyalə Çiftçiyə, Pərvanə Aslanovaya, Səid və Əzizə İbrahimliyə, fortepiano müəllimi Nigar Sadıxovaya və tar ifaçısı Fərhad Məmizadəyə, həmçinin Lalə Məmmədovaya, Səma Kərimliyə və Rövşən Həsənova minnətdarlıq ifadə olunub.

Tədbirdə Novruz şirniyyatlarının və baharın gəlişinin rəmzi olan səməninin bəzədiyi süfrələr açılıb, iştirakçılar üçün əsl bayram ab-havası yaradılıb. 

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
70
1
azertag.az

2Источники