RU

Qadınlarımız milli-mənəvi dəyərlərin qoruyucusudur

Qadınlar milli adət-ənənələrin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsində əsas rol oynayır – onlar həm evdə, həm də ictimai mühitdə mədəni irsin yaşadılmasına və təbliğinə məsuliyyət daşıyır.

"Hər bir millət kimi bizi tanıdan, digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərimizdən biri milli-mənəvi dəyərlərimiz və adət-ənənələrimizdir". Bu sözləri, Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva QHT.az-a olan açıqlamasında söyləyib. Z.Mustafayeva bildirib ki, biz dünyanın ən qədim xalqlarından biri kimi zəngin mədəniyyətə, əxlaqa, mənəvi dəyərlərə malikik.

O əlavə edib ki, xalq olaraq əsrlərlə çalışmışıq ki, milli dəyərlərimiz aşınmasın və gələcək nəsillərə ideal formada ötürülə bilsin. Ənənə və dəyərlərin qorunmasında xanımların rolu əvəzsizdir. Zenfira Mustafayeva bildirib ki, “Analar qızlarına, qaynanalar gəlinlərinə, gəlinlər uşaqlarına dəyərlərimizi ötürərək, bu günə saf, tarix sınağından dağılmadan çıxaraq gəlmişdir".

Sədr vurğulayıb ki, xalqımızın ən sevimli bayramı Novruz hər evə səadət, sevgi, həmrəylik və ruzi-bərəkət gətirir. Qadınlarımız bu bayramda evdə həmrəylik, qonşuluq, dostluq və barışıq nümunəsi göstərirlər. Hər evdən ətirli qoxular gəlir, xoş danışıq və xoşbəxtlik abu havası yaranır.

Zenfira Mustafayeva əlavə edib ki, gənc qızlar bilmədiklərini həvəslə öyrənirlər. O, şəxsi təcrübəsini də paylaşaraq bildirib: “Mən ailə quranda mətbəx işlərindən  heç nə bilmirdim. Şəkərburanın xəmirini və ya paxlavanın hazırlanmasını qaynanam hövsələ ilə mənə öyrətdi. Onun mənə öyrətdiklərini mən də qız və gəlinimə öyrədirəm".

Sədr əlavə edib ki, qadın hər evin səadət sütunudur. Adət-ənənələrimizi qoruyub saxlayan və onu yeni nəsillərə çatdıran məhz qadınlarımızdır. O, həmçinin qeyd edib ki, xanımlar həm də xalqımızın “sinə dəftəri” rolundadırlar. Zenfira Mustafayeva vurğulayıb ki, kənddə yaşayan xanımların bilik və bacarığı hər kəsi heyran edir və onların məclislərdə bədahətən bayatı deməsi xalqımızın dəyərlərinin yaşamasının göstəricisidir.

Sədr yekun olaraq bildirib ki, bütün dəyərlərimizi və xanımlarımızı qorumaq hər birimizin vəzifəsidir.

Fatimə Nəbiyeva

Избранный
18
qht.az

1Источники