RU

BDYPİ rəsmisi: Ən ağır nəticə ilə üzləşənlər piyadalar olurlar

Yol hərəkəti təhlükəsizliyi yalnız sürücülərin davranışı ilə deyil, hərəkətdə iştirak edən hər kəsin məsuliyyəti ilə təmin olunur. Bu baxımdan piyadaların davranışı da ümumi təhlükəsizlik mühitinə birbaşa təsir göstərir. Aparılan təhlillər göstərir ki, ölkəmizdə baş verən ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin təxminən yarısı piyadavurma hallarının payına düşür. Həmin göstərici piyadaların yol hərəkətindəki davranışına daha diqqətlə yanaşmağın vacibliyini ortaya qoyur.

Ekologiya.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev piyadaların yol hərəkətində yol verdiyi təhlükəli davranışlar və bunun doğurduğu ağır nəticələr barədə məlumat verərkən bildirib.

O qeyd edib ki, bəzi hallarda piyadalar tərəfindən yolu nəzərdə tutulmayan yerlərdən keçmək, hərəkət hissəsinə qəfil daxil olmaq, diqqəti yayındıran vasitələrdən istifadə etmək kimi davranışlara yol verilir. Bu cür halların hər biri isə riskin artmasına səbəb olur. Nəzərə almaq lazımdır ki, yol hərəkətində üstünlük hüququ hər zaman təhlükəsizlik demək deyil. Ən vacib amil diqqətli olmaq, vəziyyəti düzgün qiymətləndirmək və qaydalara əməl etməkdir. Çünki baş verən toqquşmalarda ən ağır nəticə ilə üzləşən tərəf məhz piyadalar olurlar.

“Yol hərəkəti qaydaları insan həyatının qorunmasına xidmət edir. Həmin qaydalara əməl etmək isə hər birimizin üzərinə düşən məsuliyyətdir. Unutmamalıyıq ki, yolda atılan hər addım düşünülmüş olmalıdır. Çünki bəzən bir addım insanı təhlükədən uzaqlaşdırır, bəzən isə əksinə, onu təhlükəyə aparır”, – deyə şöbə müdiri vurğulayıb.

Избранный
33
11
ekologiya.az

10Источники