RU

“Evlərini satıb bura köçüblər ki, uşaqları məktəbə rahat gedib gələ bilsin”

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

“Landau” özəl təhsil məktəbinin Xətai “Preschool” filialında təhsil alan uşaqlar bu il növbəti pillədə təhsillərini davam etdirmək üçün Bakının Nərimanov rayonunda yerləşən filiala göndərilir. Seçim edilərkən uşaqların yaşadıqları ərazi nəzərə alınmır. Halbuki valideynlər ev alarkən övladlarının təhsillərini nəzərə alıblar. Hətta elə valideynlər var ki, onlar evlərini satıb Ağ Şəhərə köçüblər ki, uşaqları məktəbə rahatlıqla gedib-gələ bilsin”.

Bu şikayətlə “Qafqazinfo”ya övladı həmin məktəbdə təhsil alan Nərmin Quliyeva müraciət edib.

Onun sözlərinə görə, bu barədə valideynlərə əvvəlcədən məlumat verilməyib, əksinə ilin əvvəlində Ağ Şəhər filialına şagirdlərin ekskursiyası təşkil olunub və onlara bu məktəbdə oxuyacaqları bildirilib: “İndi bizə deyirlər ki, artıq yerlər dolub, prioritet bacısı və qardaşı yuxarı siniflərdə oxuyanlara verilir. Qeydiyyat isə aprelə qədərdir. Məktəb seçimlərinə daxil olanda isə sistemdə həmin filial görünmür. Bunu bizə ilin sonunda deyiblər. Əvvəldən desəydilər, uşaqlarımızı digər özəl məktəbə qoyardıq. Bu azmış kimi, indi bizi göndərdikləri filialla hazırda oxuduğumuz filial arasında təxminən 1000 manat təhsilhaqqı fərqi var”.

Şikayətçi valideynlərin dəfələrlə yığışaraq məktəb rəhbərliyinə müraciət etdiklərini, lakin problemin həll olunmadığını bildirib. Onun iddiasına görə, məktəbin CEO-su ilə görüşmək istəsələr də, buna şərait yaradılmayıb. 

“Landau School”dan sorğumuza cavab olaraq bildirildi ki, bu il Ağ Şəhər korpusunda təlabat gözləniləndən qat-qat çox olub: “Landau School” olaraq, həm Nərmin xanım, həm də bütün Xətai “Preschool” korpusunun valideynlərinin narahatlıqlarını tam anlayırıq. Bizim üçün hər bir şagirdin rahatlığı və hər bir valideynin məmnuniyyəti prioritet məsələdir. 

Məktəbimizdə hər tədris ili bir il öncədən planlaşdırılır və “Preschool” şagirdlərinə hər zaman üstünlük verilir. Lakin ötən il Ağ Şəhər korpusuna olan tələbat gözləniləndən qat-qat çox olub. Nəticədə planlaşdırılan 5 sinif əvəzinə, 8 birinci sinif açmalı olduq. Hazırda bu korpusda fiziki olaraq yalnız 1 boş sinif otağı qalıb ki, orada da prioriteti bacı-qardaşı artıq bu korpusda təhsil alan şagirdlərə vermək məcburiyyətindəyik.

Valideynlərimizə Ağ Şəhərə ən yaxın alternativ kimi Nərimanov korpusu təklif olunub və Nərimanov korpusunda təhsilhaqları Ağ Şəhər korpusu ilə tam eynidir. Təhsilhaqları fərqi yalnız yeni açılacaq "City Garden" korpusunda mövcuddur və burada təhsilhaqqına gündə iki dəfə qidalanma daxildir.

Biz anlayırıq ki, məktəbin evə yaxın olması valideynlər üçün həlledici amil ola bilir. Bu səbəbdən Ağ Şəhər ərazisində məktəb tələblərinə cavab verən yeni binanın axtarışları aktiv şəkildə davam edir. Məqsədimiz bu ərazidəki tutum problemini fundamental şəkildə həll etməkdir. Proseslə bağlı valideynlərimizlə daimi təmasda olacağıq”.

Gülnar Əliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
2
qafqazinfo.az

1Источники