RU

Siyasi şərhçi: Azərbaycanın təcrübəsi öyrənilməli və digər regionlar üçün model kimi qəbul edilməlidir

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 17 mart, AZƏRTAC

Dünyada baş verən geosiyasi proseslər fonunda qarşıdurmaların və münaqişələrin miqyasının genişləndiyi müşahidə olunur. Bu gün beynəlxalq mühitdə sabitliyin deyil, əksinə, gərginliyin artdığını, müxtəlif regionlarda müharibələrin intensivləşdiyini görürük.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Xəyal Bəşirov bildirib.

Onun sözlərinə görə, hazırkı mərhələdə dünyada baş verən münaqişələr lokal xarakter daşımır, əksinə, daha geniş geosiyasi qarşıdurmaların tərkib hissəsi kimi çıxış edir. Xüsusilə Rusiya-Ukrayna müharibəsi yalnız iki dövlət arasında qarşıdurma deyil, daha geniş mənada Rusiya ilə Qərb, o cümlədən NATO arasında gedən mübarizə kimi qiymətləndirilə bilər.

“Yaxın Şərqdə, xüsusilə İran ətrafında müşahidə olunan gərginliklər də uzun illərə söykənən qarşıdurmaların məntiqi davamıdır. Bu proseslər regionda və ümumilikdə dünyada təhlükəsizlik məsələsini ən prioritet mövzulardan birinə çevirib. Belə bir mürəkkəb şəraitdə nəzərə almaq lazımdır ki, Cənubi Qafqaz həm şimalda, həm də cənubda müharibə gedən regionların arasında yerləşir. Bu isə region üçün əlavə risklər yaradır. Lakin Azərbaycan bu riskləri düzgün qiymətləndirərək vaxtında doğru addımlar atıb”, - deyə X.Bəşirov vurğulayıb.

O bildirib ki, Azərbaycan təxminən 5-6 il əvvəl baş vermiş hadisələri qabaqlayaraq öz ərazi bütövlüyünü və suverenliyini təmin edib, bununla da regionda yeni reallıq yaradıb. Bu nəticə düzgün proqnozlaşdırma, siyasi iradə və hərbi qələbə ilə əldə olunub və sonradan diplomatik müstəvidə də qəbul etdirilib.

“Bu gün dünyada ən dəyərli amil təhlükəsizlik, ən vacib məsələ isə sabitlik və sülhdür. Azərbaycan isə Cənubi Qafqazda bu istiqamətdə mühüm nəticələr əldə edib. Azərbaycan əvvəlcə faktiki sülhə nail olub, daha sonra isə bunu siyasi müstəvidə möhkəmləndirib. 2025-ci il avqustun 8-də əldə olunan razılaşmalar bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu gün ölkəmiz maksimum səylər göstərir ki, regionun ətrafında baş verən münaqişələrin təsiri Cənubi Qafqaza sirayət etməsin. Dövlətimizin bu siyasəti yalnız sənədlər vasitəsilə deyil, eyni zamanda, sülhün təşviqi, vasitəçilik təşəbbüsləri, hərbi bloklara qoşulmamaq və böyük güclər arasında qarşıdurmalarda tərəf tutmamaq prinsipləri əsasında həyata keçirir. Azərbaycanın bu mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qarşılanır və bir çox tərəflər ölkəmizin təcrübəsindən yararlanmağa maraq göstərir. Respublikamızda mütəmadi olaraq keçirilən beynəlxalq tədbirlər də bu siyasətin mühüm göstəricisidir. Bu tədbirlərdə dünyanın müxtəlif ölkələrindən nüfuzlu siyasətçilər, sabiq dövlət başçıları, diplomatlar, ekspertlər, beyin mərkəzlərinin nümayəndələri iştirak edirlər. Bu tədbirlər sıradan tədbirlər deyil. Burada iştirak edən şəxslər beynəlxalq ictimaiyyətdə söz və nüfuz sahibi olan şəxslərdir. Xüsusilə XIII Qlobal Bakı Forumunun keçirilməsi buna bariz nümunədir. Azərbaycan bu cür platformalar vasitəsilə qlobal miqyasda sülh, əməkdaşlıq və dialoq ideyalarını təşviq edir. Forumlar vasitəsilə Azərbaycan dünyaya göstərir ki, qarşıdurma deyil, əməkdaşlıq, münaqişə deyil, dialoq, gərginlik deyil, inkişaf yolu seçilməlidir. Azərbaycan həm də münaqişədən sonra qısa müddətdə sabitlik, təhlükəsizlik və əməkdaşlıq modelini ortaya qoyur”, - deyə X.Bəşirov qeyd edib.

Siyasi şərhçi hesab edir ki, hər bir münaqişənin son nəticədə danışıqlar yolu ilə həll olunduğunu nəzərə alsaq, Azərbaycanın bu təcrübəsi beynəlxalq səviyyədə nümunə kimi qiymətləndirilməlidir. Bu baxımdan Azərbaycanın təcrübəsi öyrənilməli, təqdir olunmalı və digər regionlar üçün model kimi qəbul edilməlidir. Artıq beynəlxalq ictimaiyyət də bu prosesi müşahidə edir və Azərbaycanın mövqeyini dəstəkləyən tərəflərin sayı getdikcə artır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
1
azertag.az

2Источники