ain.az bildirir, Demokrat.az portalına istinadən.
Regionda artan hərbi gərginlik və logistika çətinlikləri avtomobil ehtiyat hissələrinin qiymətinə təzyiq göstərir. Nəqliyyat xərclərinin yüksəlməsi, idxal prosesində gecikmələr və xarici valyuta məzənnəsindəki dəyişikliklər bahalaşmanın əsas səbəblərindəndir. Bundan əlavə, tələbin artması və təklifin məhdudluğu bazarda qiymətlərin yüksəlməsinə şərait yaradır. Hazırda Bəndər Abbas limanında minlərlə konteynerin yığılıb qalması və onların yola çıxa bilməməsi tədarük zəncirində böyük boşluqlar yaradır. Sahibkarlar məcburiyyət qarşısında qalıb alternativ yollara üz tuturlar. Bu alternativlər arasında Orta Dəhliz və Gürcüstanın Poti limanı üzərindən keçən Qara dəniz marşrutu əsas yer tutur. Lakin bu yolların hər biri özlüyündə yeni iqtisadi çətinliklər gətirir. Məsələn, dəmir yolu ilə daşınma vaxta qənaət etsə də, maliyyə tutumu baxımından İran marşrutunu iki dəfədən çox üstələyir. Bu isə son nəticədə idxal olunan məhsulun satış qiymətinə birbaşa təsir göstərir.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, əsas iqtisadi səbəblər gərginlik və logistika problemləridir."Əvvəllər Çindən və digər Şərq ölkələrindən, məsələn, Yaponiya, Koreyadan gələn mal və ehtiyat hissələri İran üzərindən, Bəndər Abbas limanı vasitəsilə tranzitlə çatdırılırdı. Bu marşrut həm vaxt baxımından əlverişli, həm də qiymət baxımından sərfəli idi. Hazırda isə bu mümkün deyil. Nəticədə həm gecikmələr yaranır, həm də daşınma qiymətləri daha yüksəkdir. Alternativ yollar da mövcuddur: Orta Dəhliz vasitəsilə Çindən gələn yüklərin dəmiryol xətti və ya Gürcüstan üzərindən Poti limanı ilə Qara dəniz yolu. Hər iki marşrut hazırkı vəziyyətdə daha bahalıdır".Ekspert vurğulayır ki, logistik xərclərin kəskin artması təkcə qiymətləri qaldırmır, həm də bazarda müəyyən malların fiziki çatışmazlığına yol açır. Daşınma xərclərinin dəfələrlə artması kiçik və orta sahibkarların gətirdiyi məhsulların rentabelliyini aşağı salır. Əgər əvvəllər malın maya dəyərində nəqliyyat xərcləri cüzi paya sahib idisə, indi bu rəqəm həlledici amilə çevrilib. Mövcud vəziyyətin nə qədər davam edəcəyi qeyri-müəyyən qaldığından bazarda sabitliyin bərpası üçün yeni və daha dayanıqlı logistik həllərin tapılması zəruridir. Əks halda tədarükdəki gecikmələr istehlak bazarında təzyiqi artırmağa davam edəcək."Bunun səbəbi həm daşıma xərclərinin artması, həm də İranın Bəndər Abbas limanında konteynerlərin yığılması, yola çıxa bilməməsidir. Nəticədə bu problemlər həm daşınma xərclərini artırır, həm də məhsulun gecikməsinə və çatışmazlığına səbəb ola bilir".Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.