RU

Novruz ənənələri yenidən canlandırılır – İradə Polad

Novruz bayramı ərəfəsində milli adət-ənənələrin qorunması və gələcək nəsillərə ötürülməsi məsələsi yenidən aktuallaşır. Bu prosesdə qadınların rolu xüsusilə diqqət çəkir və onların ailə daxilində formalaşdırdığı dəyərlərin cəmiyyətin ümumi mədəni yaddaşına necə təsir etdiyi sual doğurur.

Novruz bayramı əvvəlki ənənələri ilə yenidən qeyd olunur. “MƏRHƏMƏT” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Polad QHT.az-a olan açıqlamasında bildirib ki, uzun illərdən sonra ata-baba yurduna qayıdaraq İlaxır Çərşənbəni doğma torpaqda keçirmək xüsusi sevinc hissi yaradır.

İ.Poladın sözlərinə görə, Novruz bayramı xalqın qədimdən formalaşan adət-ənənələrinin yaşadıldığı mühüm mərasimlərdən biridir: “Mən çox xoşbəxtəm ki, İlaxır Çərşənbəsini artıq Laçında, öz ata-baba yurdumda qeyd edirəm. Bu bayram mənim üçün həm doğma, həm də tarixi keçmişə bağlılıq deməkdir”.

Sədr vurğulayıb ki, Novruz hazırlıqları qədimdən xüsusi əhəmiyyət daşıyıb, ailələr bayrama böyük sevgi ilə hazırlaşıb. Onun sözlərinə görə, nənələr və analar şəkərbura, paxlava, qoğal, qovurqa kimi milli şirniyyatları bişirir, qonşular bir araya gələrək bayramı birlikdə qeyd edirdilər.

İradə Polad qeyd edib ki, çərşənbələrin hər birinin özünəməxsus mənası var və insanlar bu mərhələləri xüsusi diqqətlə qarşılayırdılar. O bildirib ki, xüsusilə İlaxır Çərşənbədə evlərdə təmizlik işləri aparılır, xonçalar düzəldilir, şamlar yandırılır və müxtəlif oyunlar təşkil olunurdu.

Sədrin sözlərinə görə, bayram günlərində insanlar arasında həmrəylik daha da güclənirdi: “Qonşular bir-birinə pay aparır, qapı-qapı gəzərək bayram sevincini bölüşürdülər. Bu, həm də birlik və paylaşma ənənəsinin göstəricisidir”.

İ.Polad bildirib ki, Laçında bu ənənələr artıq yenidən canlandırılır. Onun sözlərinə görə, müxtəlif yaş qruplarından olan insanlar Laçın bulvarında, Əkər çayının kənarında toplaşaraq bayramı birlikdə qeyd edir, milli dəyərləri yaşadırlar.

Sədr vurğulayıb ki, Novruz bayramı yalnız şənlik deyil, həm də mənəvi dəyərlərin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, xüsusilə gənc nəslin bu ənənələri öyrənməsi və davam etdirməsi vacibdir.

İradə Polad əlavə edib ki, qadınlar milli adət-ənənələrin qorunub saxlanmasında mühüm rol oynayır: “Biz çalışırıq ki, bildiyimiz bütün adət-ənənələri gənc nəsilə ötürək. Çünki milli dəyərlərimizi ən çox ailədə və böyüklərdən öyrənirlər”.

Sədr sonda bütün Azərbaycan xalqını və müsəlman ölkələrini Novruz bayramı münasibətilə təbrik edib, hər kəsə sağlamlıq, ruzi-bərəkət və xoş günlər arzulayıb.

Fatimə Nəbiyeva

Избранный
8
qht.az

1Источники