RU

"Müttəfiqlər Trampın müharibəsini öz müharibələri hesab etmirlər" -Politoloq

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti bəzi müttəfiqlərinin, Avropa İttifaqının Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinə dəstək verməməsi barədə açıqlama verib. 

Bəs bu, ABŞ-nin münaqişə dövründə tək qalması anlamına gəlir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Əli Mustafa bildirdi ki, bu, Amerikanın tək qalması anlamına gəlmir:

"Sadəcə olaraq, Amerika Birləşmiş Ştatlarının İrana hücum qərarını müttəfiqləri ilə razılaşdırmadan, təkbaşına verməsi kimi qiymətləndirilməlidir. Bunu Almaniya kansleri də, Avropa İttifaqının xarici siyasət komissarı Kaya Kallas da açıq şəkildə ifadə ediblər. Yəni onların mövqeyi ondan ibarətdir ki, Donald Tramp bu qərarı verərkən müttəfiqlərlə məsləhətləşməyib. Digər tərəfdən, İrana qarşı hücumun arxasında BMT səviyyəsində hər hansı rəsmi qərar və ya mandat yoxdur. Bu isə Avropa dövlətlərinin yanaşmasına birbaşa təsir edir".

Politoloq əlavə etdi ki, onların əsas prioriteti daha çox öz təhlükəsizliklərinin təmin olunmasıdır və bu da Yaxın Şərqdə genişmiqyaslı müharibədə iştirak etmək maraqları ilə üst-üstə düşmür:

"Hörmüz boğazı məsələsi də kifayət qədər mürəkkəbdir. Doğrudur, Trampın müraciət etdiyi ölkələr – Yaponiya, Cənubi Koreya, Çin və Avropa ölkələrinin bir qismi bu marşrutdan enerji baxımından asılıdırlar. ABŞ özü isə bu asılılığın çox aşağı olduğunu, təxminən 1% civarında olduğunu bildirir, halbuki məsələn, Yaponiya üçün bu göstərici xeyli yüksəkdir. Buna baxmayaraq, Trampın çağırışları hələlik müsbət cavab almır. Bunun əsas səbəbi həmin dövlətlərin milli maraqları ilə İrana qarşı aparılan müharibənin üst-üstə düşməməsidir. Əksinə, bəzi ölkələrin İranla müəyyən səviyyədə iqtisadi və siyasi əməkdaşlığı mövcuddur və onlar bu müharibəni öz müharibələri kimi qəbul etmirlər".

Müsahibimiz Hörmüz boğazı ilə bağlı məsələyə də ehtiyatlı və bir qədər skeptik yanaşıldığını qeyd etdi.

"Çünki proseslərin necə inkişaf edəcəyi hələ qeyri-müəyyəndir. Boğazda mümkün gərginlik dünya neft qiymətlərinə mənfi təsir göstərə və qlobal iqtisadiyyata zərər vura bilər. Eyni zamanda, ABŞ-nin müttəfiqləri hərbi iştirak məsələsində də ehtiyatlı davranırlar. Çünki münaqişənin uzunmüddətli və strateji müharibəyə çevrilmə ehtimalı yüksəkdir. Belə bir vəziyyətdə, xüsusilə hərbi gəmilərin bölgəyə göndərilməsi halında onların təhlükəsizliyinə tam təminat yoxdur. İranın hələ də Hörmüz boğazında təsir imkanlarını qoruyub saxlaması bu riskləri artırır. Bu səbəbdən, açıq və ya gizli, sərt və ya yumşaq formada, əksər dövlətlərin bu mərhələdə Amerikanın mövqeyini tam şəkildə bölüşmədiyini demək olar. Bununla belə, proseslərin gedişi həlledici olacaq. Əgər ABŞ bölgədə ciddi uğurlar əldə edərsə, bəzi dövlətlərin mövqeyində dəyişiklik və daha müsbət reaksiya müşahidə oluna bilər. Hazırkı mərhələdə isə ümumi yanaşma gözləmə mövqeyidir", - deyə Əli Mustafa yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Избранный
18
redaktor.az

1Источники