RU

Bişkekdə Novruz və Ramazan bayramlarına həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikasının Qırğızıstandakı səfirliyi tərəfindən Bişkek şəhərində yerləşən “Hyatt Regency” mehmanxanasında Novruz və Ramazan bayramlarına həsr edilmiş tədbir keçirilmişdir. Bayram tədbirində Qırğız Respublikasının xarici işlər nazirinin müavini Meder Abakirov, Qazaxıstanın, Özbəkistanın, Tacikistanın, Türkmənistanın, Macarıstanın, Türkiyənin və Pakistanın səfirləri, Ağa Xan Fondunun Bişkekdəki nümayəndəsi, Qırğızıstanın ictimai və dövlət xadimləri, elm və mədəniyyət nümayəndələri, Azərbaycan diasporunun üzvləri və beynəlxalq təşkilatların Qırğızıstandakı təmsilçiləri iştirak etmişlər.

Tədbirdə giriş sözü ilə çıxış edən səfir Lətif Qəndilov Novruz bayramının Azərbaycanın, türk dünyasının, eləcə də bir çox Şərq xalqlarının qədim və mühüm bayramlarından biri olduğunu vurğulamış, bu il Novruz bayramı ilə Ramazan bayramının eyni dövrə təsadüf etdiyini qeyd etmişdir. Səfir bu bayramların sülh və xeyirxahlıq rəmzi olduğunu, sevinc və məhəbbət aşılayan dəyərləri özündə birləşdirdiyini bildirərək tədbir iştirakçılarını bayramlar münasibətilə təbrik etmişdir. Səfir, həmçinin, Ramazan və Novruz bayramlarının insanlar arasında dostluğun və qarşılıqlı hörmətin möhkəmlənməsinə xidmət etdiyini qeyd etmiş və tədbirin bütün türk dövlətləri adından keçirildiyini bildirmişdir.

Qırğız Respublikasının xarici işlər nazirinin müavini Meder Abakirov çıxışında qardaş Azərbaycan və qırğız xalqları arasında münasibətlərin ortaq tarixi və mədəni dəyərlərə, qarşılıqlı hörmət və dəstəyə əsaslandığını vurğulamışdır. O, iki ölkə arasında əlaqələrin dinamik inkişaf etdiyini, strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldığını qeyd etmişdir. M. Abakirov siyasi dialoqun genişləndiyini bildirərək digər sahələrdə əməkdaşlığın da ikitərəfli münasibətlərin güclənməsinə töhfə verəcəyini diqqətə çatdırmışdır.

Qırğızıstandakı diplomatik korpusun duayeni, Tacikistanın bu ölkədəki səfiri Nazirmad Alizoda çıxış edərək Novruz bayramının dünyanın ən qədim bayramlarından biri olduğunu, UNESCO tərəfindən beynəlxalq status aldığını və müxtəlif millət və dinlərdən olan insanları bir araya gətirdiyini qeyd etmişdir.

Tədbirdə qonaqlara Azərbaycan mətbəxinin seçilmiş nümunələri, milli yeməklər təqdim olunmuşdur.

Eyni zamanda, Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonunda istehsal olunan “İstisu” mineral suyunun təqdimatı keçirilmişdir. Səfir qonaqlara “İstisu” mineral suyu haqqında məlumat verərək bu məhsulun artıq Qırğızıstan bazarına daxil olduğunu bildirmiş, 30 illik işğaldan sonra Kəlbəcərdə istehsalın yenidən bərpa edildiyini vurğulamışdır.

Tədbirdə Novruz bayramına həsr olunmuş, Azərbaycanın və iştirakçı ölkələrin milli musiqi və rəqslərini əks etdirən videoçarxlar nümayiş etdirilmişdir.

Избранный
15
1
xalqqazeti.az

3Источники