RU

Dövlətə 8 milyon borcu olan sahibkar kimdir?

Azərbaycanda dövlətə 8 milyon manat vergi borcu olan sahibkarla bağlı qərar ləğv edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ali Məhkəmə prokurorun protestini və mülki iddiaçı - Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Eldəniz Əhmədovun şikayətini əsaslı hesab edib.

Sahibkar Arif Asif oğlu Yusifov taxıl, qarğıdalı, evkalipt yağı, süd əvəzediciləri və sair kimi malların idxalı və ölkə ərazisində satışı ilə məşğul olub. O, əsasən Rusiya Federasiyasından, Qazaxıstandan və müəyyən miqdarda Türkiyədən malları idxal edib satışını həyata keçirib.

Bu fəaliyyət nəticəsində Yusifovun dövlətə 8 milyon 464 min manat vergi borcu yaranıb. Həmin borc ödənilmədiyi üçün sahibkar cinayət məsuliyyətinə cəlb edilib.

İşə əvvəlcə Nərimanov Rayon Məhkəməsində baxılıb. Lakin məhkəmə verilmiş ittihamla razılaşmayıb. Hökmə əsasən, təqsirləndirilən şəxsin əməli daha yüngül maddəyə tövsif edilib, ona 1 il 11 ay islah işləri cəzası verilib. Mülki iddiada tələb olunandan daha az - 77 min 258 manat vergi borcu müəyyənləşib.

Amma apellyasiya instansiyasından keçən hökm Ali Məhkəmədə ləğv edilib. Məhkəmə işlə yenidən tanış olduqdan sonra prokuror və mülki iddiaçı tərəfinin etirazlarını əsaslı sayıb. Nəticədə əvvəlki qərar tamamilə ləğv edilib, iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb. Beləliklə, yeni məhkəmə baxışında Arif Yusifovun dövlətə nə qədər borcunun olması yenidən mübahisələndiriləcək.

Paytaxtda nömrə seriyaları yenilənir: “88”lər nəyi göstərir?

Xəbər verdiyimiz kimi, Bakıda “88”lə başlayan nömrə nişanlarının verilməsinə başlanılıb. Avtosfer.az-ın məlumatına görə, son günlər paytaxt ərazisində bir neçə avtomobilin üzərində 88-lə başlayan qeydiyyat nişanlarına rast gəlinib.

Hazırda bu nömrənin Bakı qeydiyyatında olan nəqliyyat vasitələrinə verildiyi bildirilir. Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev Musavat.com-a açıqlamasında bildirib ki, böyük şəhərlərdə avtomobillərin sayının sürətlə artması səbəbindən mövcud nömrə seriyaları tez dolur və yeni seriyaların tətbiqinə ehtiyac yaranır:

"Məsələn, bu praktika dünyanın bir çox iri şəhərlərində mövcuddur. Moskva şəhərində əvvəl 77 seriyası istifadə olunurdu, daha sonra 777 və 700 kimi yeni seriyalar tətbiq edildi. Bu, avtomobil sayının artması ilə əlaqədar normal və qaçılmaz bir prosesdir. Ümumiyyətlə, bir seriya daxilində müxtəlif hərf kombinasiyaları vasitəsilə yüz minlərlə nəqliyyat vasitəsinə dövlət qeydiyyat nişanı vermək mümkündür. Məsələn, bir seriyada müxtəlif hərf kombinasiyaları nəzərə alınarsa, təxminən 300–400 min avtomobil üçün nömrə ayrılması mümkündür. Azərbaycanda da oxşar dinamika müşahidə olunur. Əvvəllər 10-90, daha sonra 77 və 99 seriyaları istifadə olunub, hazırda isə 88 seriyasının tətbiqi gündəmə gəlib. Bu dəyişikliklər əsasən Bakı şəhərində avtomobillərin sayının çoxluğu və yol hərəkətinin sıxlığı ilə bağlıdır.

Yəni yeni seriyaların tətbiqi hər hansı qeyri-adi hal deyil. Bu, sadəcə olaraq nəqliyyat vasitələrinin sayının artması fonunda dövlət qeydiyyat sisteminin genişləndirilməsi zərurətindən irəli gəlir”.

Избранный
74
7
milliyol.az

10Источники