RU

Gəncədə İlaxır çərşənbə və Novruz bayramı qeyd olundu - FOTOLAR

Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının, Gəncə Dövlət Kukla Teatrının və Gəncə Dövlət Dram Teatrının təşkilatçılığı ilə ilin son çərşənbəsi – İlaxır çərşənbə və Novruz bayramı təntənə ilə qeyd olunub.

"Unikal" xəbər verir ki, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının qarşısında baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, Gəncə Şəhər Məhkəməsinin sədri Xəqani Tağıyev, Gəncə şəhər prokuroru Rauf Gözəlov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, şəhərdə fəaliyyət göstərən universitet rektorları, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə rəsmilər Filarmoniyanın önündə yerləşən Gəncənin sonuncu xanı Cavad xanın məqbərəsini ziyarət edərək məzarı önünə gül dəstələri düzüblər.

Daha sonra tədbir iştirakçılarını Dədə Qorqud və Bahar qızı qarşılayaraq xeyir-dua verib, xoş arzularını çatdırıblar. Bayram proqramı çərçivəsində 5 nömrəli musiqi məktəbinin Uşaq Aşıq Ansamblı, 1 nömrəli musiqi məktəbinin Nəfəsli Alətlər Ansamblı, “Xəmsə” nağaraçılar ansamblı, eləcə də idmançıların nümunəvi çıxışları təqdim olunub.

Tədbir iştirakçıları “Gəncəsənət” incəsənət, sənətkarlıq və yaradıcılıq sərgisi ilə yanaşı, Urban Mərkəzində təşkil edilən “Bahar sərgisi” ilə də tanış olublar. Bayram şənliyində Keçəl və Kosanın maraqlı çıxışları izlənilib.

Novruz bayramına həsr olunan ümumşəhər tədbiri Gəncə Dövlət Filarmoniyasının “Göygöl Dövlət Mahnı və Rəqs Ansamblı”nın təqdimatında konsert proqramı ilə davam edib. Filarmoniyanın solistləri bir-birindən zəngin musiqi nömrələri ilə çıxış ediblər. Ansamblın rəqs qrupunun çıxışı isə tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 44 günlük Vətən müharibəsi iştirakçısı Elmar Nəsirovla birlikdə bayram tonqalını alovlandırıb.

Избранный
44
unikal.az

1Источники