ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını açmaq üçün yardım axtarır. Tramp Avropa, Yaponiya və Çindən hərbi gəmilər istəyib. Bu gün verdiyi açıqlamada isə müttəfiqlərin yardımının yolda olduğunu deyib. Amma ABŞ-ın “CNN” kanalı ABŞ hökumətindəki mənbələrinə istinadən xəbər verib ki, bu ana qədər heç bir ölkə Trampın çağırışına müsbət cavab verməyib.
Politoloq Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasnda bildirib ki, Donald Tramp Hörmüz boğazını açmaq üçün təxminən 7 ölkədən hərbi gəmilər göndərməyi istəyib: “Tramp xüsusilə Çin, Yaponiya, Fransa, Böyük Britaniya və digərlərinə çağırış edib. Qeyd edim ki, Hörmüz boğazı çox kritik enerji marşrutudur. Boğaz üzərindən dünya neftinin təxminən 20%-i keçir və müharibə səbəbilə boğaz ciddi şəkildə bloklanıb. Amma bu çağırışa demək olar ki, heç kim real hərbi dəstək verməyib. Avropa ölkələri dəstək çağırışını rədd edib. AB missiyanı genişləndirmək istəmir, Yaponiya hələ qərarsızdır. Çin isə ümumiyyətlə hərbi iştirak göstərməyib, daha çox diplomatik xətt tutur”.
Anar İsayev
ABŞ “çıxış yolu axtarır, yoxsa müharibənin arealını genişləndirir?”
“Real vəziyyətə əsasən analiz etdikdə görürük ki, “müharibəni qloballaşdırır” tezisi – zəif görünür. Əgər məqsəd müharibəni genişləndirmək olsaydı, onda müttəfiqlər aktiv şəkildə bu çağırışa qoşulardı. Həmçinin NATO və ya koalisiya formalaşardı. Amma indiki halda ölkələr qoşulmaqdan imtina edir, hətta ABŞ-ın müttəfiqləri də onunla məsafə saxlayır. Bu, qlobal müharibə planının işləmədiyini göstərir. Burada “çıxış yolu və ya yükü bölüşmək” ssenarisi – daha realdır. Tramp-ın çağırışı daha çox buna bənzəyir: "ABŞ tək qalmaq istəmir, enerji böhranının yükünü paylaşdırmaq istəyir, xüsusilə Çin və Yaponiya kimi neftdən asılı ölkələri məsuliyyətə çəkməyə çalışır". Hətta açıq şəkildə “bu neftdən siz istifadə edirsiniz, qorumağa da kömək edin” mesajı verir.
Bu, daha çox təzyiq və diplomatik manevr təsiri bağışlayır. Amma burada bir problem var. Bu strategiya artıq əks effekt verib. Müttəfiqlər deyir ki, “bu müharibə sizin müharibənizdir”. Belə olan halda, ABŞ faktiki olaraq nisbi təcrid vəziyyətinə düşür. Hərbi yox, diplomatik həllə çağırışlar artır”-deyə Anar İsayev qeyd edib.
Politoloq bildirib ki, bu addım müharibəni qloballaşdırmaq cəhdi kimi görünə bilər: “Real nəticə göstərir ki, bu, daha çox çıxış yolu axtarışı və yükü paylaşdırmaq cəhdidir. Lakin uğursuz gedir. Çünki hələ heç kim müharibəyə qoşulmaq istəmir”.
Netanyahu ilə bağlı "təzyiq edib müharibəyə qoşdurmaq" kimi iddialar haqda politoloq hesab edir ki, bu iddia daha çox siyasi spekulyasiya xarakteri daşıyır: “ABŞ prezidentlərinin xarici siyasət qərarları tək bir liderin təsiri ilə deyil, geniş təhlükəsizlik, iqtisadi və daxili siyasi faktorlarla formalaşır”.
İradə Cəlil, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.