RU

Şimali Koreyada seçki məntəqələrində insanabənzər robotlar nümayiş etdirilib

Pxenyanda keçirilən parlament seçkilərində texnoloji elementlər diqqət çəkib, robotlar seçiciləri qarşılayıb...

Poliqon xəbər verir ki, bu barədə Cənubi Koreyanın Yonhap Agentliyi məlumat yayıb. Xəbərə görə, Şimali Koreyada 15 mart tarixində keçirilən parlament seçkiləri zamanı bəzi seçki məntəqələrində insanabənzər robotlar nümayiş etdirilib.

Agentliyin yaydığı məlumata görə, Pxenyan universitetində yerləşən seçki məntəqələrindən birində qadın obrazında hazırlanmış robot təqdim olunub. Robot ənənəvi Koreya geyimi olan ağ-mavi hanbok geyinib və seçicilərin diqqətini cəlb edib.

Şimali Koreyanın “Çoson Sinbo” qəzeti də həmin görüntünü yayımlayaraq bildirib ki, bu tip robotlardan əsasən təhsil sahəsində istifadə olunur. Bununla belə, robotların hərəkət edib-etmədiyi və ya hansı texniki imkanlara malik olduğu barədə ətraflı məlumat verilməyib.

Bundan əlavə, oxşar robot xarici diplomatlara da təqdim olunub. Pxenyandakı Rusiya səfirliyi özünün Telegram kanalında paylaşdığı görüntüdə qeyd edib ki, “ənənəvi Koreya geyimində olan gənc xanım formasında robot seçiciləri salamlayıb”.

Müşahidəçilər hesab edirlər ki, bu cür nümayişlər Şimali Koreyanın texnoloji inkişafını göstərmək və beynəlxalq ictimaiyyətə müəyyən mesaj vermək məqsədi daşıya bilər. Bununla yanaşı, ölkədə seçki proseslərinin şəffaflığı və rəqabətliliyi ilə bağlı suallar yenə də gündəmdə qalır.

Poliqon.info

Избранный
35
poliqon.info

1Источники