RU

Şeyx Nəsrullah ın daha bir videosu Qrija nı əl enerjisi ilə sağaltmaq olur?

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Əl enerjisi ilə insanları sağaltdığını iddia edən və bir qədər əvvəl Azərbaycandan çıxarılan özbək “həkim” İqbol Soliyevlə bağlı yeni video yayılıb. Belə ki, videoda onun onurğa yırtığını (qrija) əl enerjisi ilə sağaltdığı iddia edilir. Müasir dövrdə bu tip “Şeyx Nəsrullahlara” inananların olması birmənalı qarşılanmır.

Onurğa yırtığını əl enerjisi ilə sağaltmaq mümkündürmü?

Globalinfo.az-a danışan terapevt Aygün Sayılova bildirib ki, bəzi insanlar pul xərcləmədən, sadəcə, kiminsə əli ilə “möcüzəvi” şəkildə sağalmaq istəyirlər:

“Halbuki tibbin inkişafı böyük elmi araşdırmalar və ciddi maliyyə vəsaiti tələb edir. Dünyada ən güclü tibb sistemi adətən ən çox investisiya qoyulan ölkələrdə formalaşır.

Məsələn, bu gün artıq bəzi xəstəliklərdə, o cümlədən xərçəngdə belə, xəstəliyin genetik xüsusiyyətləri araşdırılır və buna uyğun xüsusi dərmanlar tətbiq olunur. Bu isə çox ciddi elmi və maliyyə resursları tələb edir. Özünü “möcüzə göstərən” kimi təqdim edən şəxslər isə adətən insanların savadsızlığından və inancından istifadə edirlər. Onların yanında guya sağaldığını deyən bir neçə nəfər də olur və bu, sanki qurulmuş bir tamaşanı xatırladır.

Hər şeyin elmi izahı olmalıdır. Əgər bir iddia elmi şəkildə izah edilə bilmirsə, orada şübhəli məqamlar mövcud olur.

Mən o özbək “həkimin” videosunu sona qədər izləyə bilmədim, lakin əvvəlində gördüklərim belə düşünməyə əsas verir ki, o şəxsin ciddi tibbi biliyi yoxdur. Belə bir insana sağlamlığımızı etibar etmək olarmı? Halbuki bu xəstəliyin tibdə konkret və elmi əsaslı müalicə üsulları mövcuddur”.

Uroloq-androloq, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayılın sözlərinə görə, dünyada əsasən iki yanaşma mövcuddur: ənənəvi təbabət və elmi təbabət:

“Elmi təbabət dedikdə, sizin bildiyiniz xəstəxanalar, həkimlər və müasir tibbi yanaşmalar nəzərdə tutulur. Digər tərəfdən isə ənənəvi təbabət var. Məsələn, Azərbaycanda buna xalq təbabəti və ya “türkəçarə” deyilir. Hindistanda bu sistem “ayurveda” adlanır, Çində isə ənənəvi Çin təbabəti mövcuddur. Ümumiyyətlə, bir çox xalqların özünəməxsus təbabət ənənələri formalaşıb. Min illər boyunca müxtəlif təbabət məktəbləri arasında rəqabət gedib və nəticədə aydın olub ki, elmə əsaslanan təbabət, yəni müasir tibbin əsasını təşkil edən yanaşma daha dəqiq və daha effektivdir. Bununla belə, bu, ənənəvi təbabət növlərinin tamamilə yoxa çıxmasına səbəb olmayıb, onlar bu gün də mövcuddur”.

Həkim Çin təbabətinin və ya ayurvedanın təxminən 4000 illik tarixi olduğunu vurğulayıb:

“Bu sistemlərdə “enerji ilə sağaltma” kimi anlayışlar mövcuddur və Uzaq Şərqdə geniş yayılıb. Bəs bu qədər uzun müddət ərzində bu təbabət növləri vərəm, difteriya kimi insanları kütləvi şəkildə məhv edən xəstəliklərə qarşı effektiv müalicə tapa biliblərmi? Əgər bu “enerji”, “yin-yan” və digər anlayışlar həqiqətən effektiv olsaydı, insanlar min illər boyu bu gün artıq qorxmadığımız xəstəliklərdən həyatını itirməzdi. Məsələn, çiçək xəstəliyi bir zamanlar çox təhlükəli idi, lakin ənənəvi təbabət bu xəstəliyin öhdəsindən gələ bilmədi. Eyni sözləri digər xəstəliklər və hətta xərçəng haqqında da demək olar. Müasir təbabətin də hələ tam həll edə bilmədiyi problemlər var. Lakin əsas fərq ondadır ki, müasir tibb real nəticələr əldə edə bilib və xəstəliklərin səbəblərini araşdıraraq effektiv müalicə üsulları inkişaf etdirib”.

Vasif İsmayıl

Enerji üzərində qurulan təbabət anlayışlarına gəldikdə isə, Vasif İsmayıl bildirib ki, bunların elmi əsası yoxdur:

“Bu üsulların təsirli olduğunu iddia edənlər əslində “plasebo effekti” adlanan psixoloji hadisədən faydalanırlar. Yəni hər hansı bir şikayəti olan insana müəyyən “müalicə” tətbiq edildikdə, təxminən 30 faizə yaxın insan özünü daha yaxşı hiss etdiyini bildirir. Bu isə real müalicədən deyil, inam faktorundan qaynaqlanır. Bu səbəbdən “enerji ilə müalicə”, “mistik şəfa” kimi anlayışlar əslində aldadıcı və elmi əsasdan uzaqdır. İstəyən insanlar belə xidmətlər üçün Çinə və ya digər ölkələrə gedə bilər. Hətta Azərbaycanda da ənənəvi təbabət üsullarının tətbiq olunduğu klinikalar mövcuddur. Məsələn, hind və ya Çin təbabəti ilə məşğul olan mərkəzlər, eləcə də homeopatiya tətbiq edən müəssisələr. Lakin “möcüzəvi şəkildə hamını sağaldan” bir şəxsin mövcudluğu reallıqdan uzaqdır. Belə iddialar ciddi qəbul olunmamalıdır”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
39
globalinfo.az

1Источники