RU

''Real'' yenə ''Mançester Siti''yə qənim kəsildi

Çempionlar Liqasında artıq klassikaya çevrilmiş ''Mançester Siti'' ilə ''Real'' arasında daha bir duel tarixin yaddaşına qovuşdu.

Bir həftə öncə Madriddə rəqibini 3:0 darmadağın edərək 1/4 final yolunda böyük üstünlük yaxalayan ''Real'' gözlənildiyi kimi mərhələni əldən vermədi. Madrid nəhəngi zatən buna qədər tarixi ərzində avrokubokların pley-offuna ən azı 3 top fərqli qələbə ilə başladığı 35 halın hamısında mərhələni adlanmağı bacarmışdı. Bu tendensiya davam etdi.

"Football-plus.az" xəbər verir ki, cavab oyununda intriqa faktiki olaraq ilk hissənin ortalarında məhv oldu. Bernardo Silva əllə oyuna görə həm penaltiyə səbəbkar oldu, həm də meydandan qovuldu.

Vinisiusun qoluna fasilə ərəfəsində Holann cavab verdi. Azlıqda bundan artığına meydan sahiblərinin gücü çatmadı. Son anlarda daha bir dəfə səhnəyə çıxan Vinisius ''Real''a 2:1 hesablı qələbə qazandırdı. Braziliyalı ulduz ÇL-in pley-offunda vurduğu qolların sayını 15-ə çatdırdı. O, bu turnirin pley-offunda ən məhsuldar qeyri-avropalı futbolçuların siyahısında yalnız Lionel Messidən (49) geri qalır.

Maraqlıdı ki, Vinisius Xabi Alonsonun başçılığı altında 33 rəsmi oyunda yalnız 7 dəfə fərqlənmişdisə, Alvaro Arbeloanın dönəmində 15 rəsmi oyuna artıq 8 qol vurub!

Yeri gəlmişkən, Arbeloa ''Real''ın tarixində ÇL-in pley-offunda ilk 4 matçın hamısından qələbə ilə ayrılan birinci məşqçi oldu. ''Siti'' ÇL-i qazandığı 2023-cü ildən bu yana bu turnirdə yalnız ''Real''a uduzaraq mübarizəni dayandırıb. Yəni ''kral klubu'' ardıcıl 3-cü mövsümdə bu dueldən qalib ayrıldı. ''Şəhərlilər'' ardıcıl 2-ci dəfə heç 1/4 finala da yüksələ bilmədilər. Bu hal Qvardiolanın dönəmində ilk dəfə baş verdi.

Yeri gəlmişkən, Qvardiola məşqçi karyerasında 4-cü dəfə pley-offun hər iki oyunundan məğlub ayrıldı. Bu hal üç dəfə ''Real'' və bir dəfə ''Liverpul'' ilə dueldə yaşanıb.

Onu da bildirək ki, bu, Qvardiolanın ''Siti''nin başında 10-cu mövsümüdü. Komanda bu 10 mövsümdə yalnız bir dəfə ÇL-i qazanmağa müvəffəq oldu.

Избранный
13
football-plus.az

1Источники