RU

Masazır, Şamaxı və Yevlaxda bayramərəfəsi futbol həyəcanı!

Misli premyer-liqasında 24-cü tur da geridə qaldı. Bu çərçivədə keçirilən oyunlar göstərdi ki, "Sabah"la "Qarabağ" arasında davam edən çempionluq mübarizəsinin ömrü uzun olacaq. Çünki nə Ağdam, nə də Masazır təmsilçisinin xal itirmək niyyəti var. Bu komandalar, xüsusən də "bayquşlar" rəqiblərinə münasibətdə elə amansız davranır ki, nəfəskəsən həyəcanın son ana qədər yaşanacağına şübhə qalmır. Odu ki, sürəti azaltmadan növbəti tura keçid almağın vaxtıdı.

Bu yazıda turun ilk üç oyununun afişasıyla tanış olacaqsız. Bu görüşlər "CBC Sport"un efirində canlı yayınlanacaq.

Misli premyer-liqası
3-cü dövrə, 25-ci tur
18 mart
Şamaxı - Araz-Naxçıvan
“Şamaxı”nın bu rəqiblə ev oyunlarının balansı: 5:+2=1-2, 4:4.
2000/01 – 3:1; 2001/02 - +:-; 2024/25 – 0:1, 0:1; 2025/26 - 1:1.
"Futbol+"in proqnozu: 30-40-30.
Şamaxı, şəhər stadionu. Saat 15.00.

"Şamaxı" premyer-liqada qalmaq hədəfinin öhdəsindən böyük ölçüdə gəlsə də, uğurlu çıxışını davam etdirir. Ötən cümə avrokuboklara vəsiqə qazanmaq arzusunda olan "Sumqayıt"ın meydanından qalib ayrılan "şirlər" indi "Araz-Naxçıvan"a həmin aqibəti yaşatmağa çalışacaq. Ancaq iş bu dəfə daha çətin ola bilər. Çünki "qırmızı-ağlar" 5-ci yerdə olsa da, 4-cü yerdəki "Zirə"dən cəmi 3 xal geri qalır. Ölkəmizi Avropada təmsil etmək istəyən komanda "Şamaxı"nı məğlub etməyə çalışacaq ki, ən pis halda "qartallar"la aradakı fərq artmasın.

Komandalar indiyə qədər 10 dəfə üz-üzə gəlib. Bunların 6-da “Araz-Naxçıvan”, 2-də “Şamaxı” qalib gəlib, 2-də “sülh” qeydə alınıb. Topların nisbətində “qırmızı-ağlar” öndədi – 11:5.

19 mart
Karvan-Yevlax - Zirə

"Karvan-Yevlax"ın bu rəqiblə ev oyununun balansı: 1:+0=0-1, 2:3.
2025/26 - 2:3.
"Futbol+"in proqnozu: 20-30-50.
Yevlax, şəhər stadionu. Saat 15.00.

Zaman "Karvan-Yevlax"ın əleyhinə işləyir. Mövsüm ərzində cəmi bir qələbə qazanan komanda tilsimi qıra bilmir ki, psixoloji təzyiqdən xilas olsun. Bununla belə, 10-cu sırada olan "Qəbələ"nin uğursuzluğu bölgə təmsilçisinin ümidlərini diri saxlayır. Yenə də “Karvan-Yevlax”ın 3-cü pilləyə göz dikmiş "Zirə"nin öhdəsindən gələcəyinə inanmaq çətindi. Çünki qəsəbə təmsilçisi xal itkisinin "Turan Tovuz"la aradakı fərqə mənfi təsir edə biləcəyindən xəbərdardı. Hər halda, Yevlaxda keçiriləcək oyun hər iki komanda üçün yetərincə əhəmiyyətlidi.

Bu komandalar indiyə qədər iki dəfə qarşılaşıb. Hər iki matç "Zirə"nin qələbəsiylə başa çatıb. Topların nisbətində də "qartallar" öndədi - 4:2.

Sabah - Sumqayıt
“Sabah”ın bu rəqiblə ev oyunlarının balansı: 14:+6=5-3, 26:16.
2018/19 – 1:4, 1:1; 2019/20 – 1:3; 2020/21- 1:2, 1:1; 2021/22 – 3:0, 2:2; 2022/23 – 3:0, 4:0; 2023/24 – 3:1, 2:0; 2024/25 – 3:1, 0:0; 2025/26 - 1:1.
"Futbol+"in proqnozu: 50-30-20.
Bakı, "Bank Respublika Arena". Saat 19.15.

Cari mövsümdə yalnız bir dəfə uduzan "Sabah", heç şübhəsiz, "doğma divarlar" arasında məğlub olmağı ağlının ucundan belə keçirmir. Əksinə, "bayquşlar" böyükhesablı qələbələrə də öyrəşib, 1-ci pillənin ləzzətinə də. Bu baxımdan, son 10 oyunda cəmi bir qələbə qazanan, akademiyasının yetirmələrinə şans verməyi planlaşdıran "Sumqayıt"ın Masazırda şansı yoxdu!

Bu komandalar indiyə qədər 29 dəfə qarşılaşıb. Həmin matçların 15-də “Sabah”, 8-də “Sumqayıt” qələbə qazanıb, 6-da hərəyə bir xal düşüb. Topların nisbətində “bayquşlar” öndədi – 54:29.

KƏNAN BAHADIR

Избранный
41
1
football-plus.az

2Источники