RU

Ekspert Azərbaycanın enerji siyasəti uzunmüddətli sabit əməkdaşlığa və qarşılıqlı faydaya əsaslanır

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 18 mart, AZƏRTAC

Qlobal enerji bazarlarında müşahidə olunan kəskin qiymət dalğalanmaları təkcə istehlakçılar üçün deyil, həm də istehsalçı ölkələr üçün ciddi risklər yaradır. Xüsusilə neft və qaz qiymətlərinin qeyri-sabitliyi maliyyə bazarlarına, suveren fondların fəaliyyətinə və ümumilikdə iqtisadi sabitliyə birbaşa təsir göstərir. Azərbaycan isə bu şəraitdə daha balanslı və proqnozlaşdırıla bilən enerji bazarının formalaşdırılmasının tərəfdarı kimi çıxış edir və OPEC+ çərçivəsində bu istiqamətdə fəal mövqe nümayiş etdirir.

Mövzu ilə bağlı AZƏRTAC-a açıqlamasında iqtisadi ekspert Xalid Kərimli bildirib ki, Azərbaycan enerji siyasətini qısamüddətli və ya korporativ maraqlar üzərində deyil, uzunmüddətli sabit əməkdaşlıq və qarşılıqlı fayda prinsipləri əsasında qurur.

Onun sözlərinə görə, Azərbaycanın enerji sektorunda həyata keçirdiyi siyasət uzun illər ərzində formalaşmış etibarlı tərəfdaş imicinə əsaslanır. “Əsrin müqaviləsi”, Cənub Qaz Dəhlizi, “Şahdəniz” yatağının işlənməsi, beynəlxalq boru kəmərləri və alıcılarla bağlanmış uzunmüddətli müqavilələr Azərbaycanı etibarlı enerji tərəfdaşı kimi tanıdıb.

Ekspert qeyd edib ki, buna baxmayaraq, Azərbaycanın qlobal enerji bazarlarında payı nisbətən məhduddur. “Dünyada gündəlik təxminən 100 milyon barel neft istehsal olunur. Azərbaycan isə gündəlik təqribən 500 min barel neft hasil edir. Bu isə dünya bazarında təxminən 0,5 faiz pay deməkdir. Bu baxımdan ölkəmizin qlobal qiymətlərə və bazar sabitliyinə birbaşa təsir imkanları məhduddur”, - deyə X.Kərimli vurğulayıb.

Onun sözlərinə görə, qaz bazarında da oxşar vəziyyət müşahidə olunur. Bununla belə, Azərbaycan OPEC+ formatında məsuliyyətli tərəf kimi çıxış edərək bazarda balansın qorunmasını dəstəkləyir və bu istiqamətdə qəbul edilən qərarlara uyğun fəaliyyət göstərir.

İqtisadi ekspert bildirib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi həcmi baxımından böyük olmasa da, strateji əhəmiyyət kəsb edir. “Avropanın ümumi qaz bazarı təxminən 400–500 milyard kubmetr təşkil edir. Azərbaycan isə hazırda bu istiqamətdə Türkiyə də daxil olmaqla təxminən 22 milyard kubmetr qaz ixrac edir. Bu ümumi bazarın 3-4 faizi olsa da, alternativ və etibarlı mənbə kimi Avropa üçün əhəmiyyətlidir və yüksək qiymətləndirilir”, – deyə o qeyd edib.

X.Kərimli əlavə edib ki, Azərbaycan gələcəkdə də enerji əməkdaşlığını genişləndirmək niyyətindədir. “Trans-Xəzər layihələrində iştirak, Mərkəzi Asiya enerji resurslarının Azərbaycan üzərindən Avropa bazarına çıxarılması, həmçinin Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində maraq mövcuddur. Eyni zamanda, ölkəmiz enerji tranziti sahəsində rolunu artırmağa çalışır”, – deyə ekspert bildirib.

O vurğulayıb ki, Azərbaycan enerji sahəsində əməkdaşlığı davamlı olaraq qarşılıqlı fayda prinsipi əsasında inkişaf etdirir və bu yanaşma ölkənin beynəlxalq enerji bazarlarında etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
35
1
azertag.az

2Источники