RU

Vətəndaş ünvanlı sosial yardımla bağlı kömək istədi: Aidiyyatı qurum BELƏ CAVAB VERDİ

Ünvanlı dövlət sosial yardımın verilməsindən imtina qərarları zaman-zaman sosial narazılıqlara səbəb olur. Xüsusilə, aztəminatlı və həssas qruplara aid vətəndaşlar bu qərarların ədalətli olub-olmaması ilə bağlı suallar qaldırırlar. Bu dəfə isə Cəlilabaddan olan ikinci qrup əlil bir vətəndaşın müraciəti diqqət çəkir.O, ailəsinin ağır sosial vəziyyətinə baxmayaraq yardım ala bilmədiyini bildirir və səbəblərin yenidən araşdırılmasını istəyir.

Cəlilabad rayon sakini Səfərov Qurban İlham oğlu ünvanlı dövlət sosial yardımın (ÜDSY) verilməsindən imtina olunması ilə bağlı KONKRET.az redaksiyasına müraciət edib.

Onun sözlərinə görə, 2026-cı ilin yanvar ayında iki dəfə ÜDSY üçün müraciət etsə də, hər iki halda imtina cavabı alıb. Vətəndaş bildirir ki, imtinaya səbəb kimi 2025-ci ilin iyul ayında 3 sot torpaq sahəsinin alqı-satqısı göstərilib. Halbuki, həmin torpağı 2019-cu ildə aldığını, yalnız 2025-ci ildə satış həyata keçirdiyini qeyd edir.

Səfərov Qurban İlham oğlu həmçinin vurğulayır ki, ikinci qrup əlildir və hərbi xidmət dövründə xəstələnib.

Onun sözlərinə görə, aylıq 250 manat müavinət alır və 5 nəfərlik ailənin dolanışığını bu vəsaitlə təmin etmək mümkün deyil. Üç övlad atası olan vətəndaş yardımın bərpa olunması üçün aidiyyəti qurumlardan kömək istəyir.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan KONKRET.az-ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşın 22 yanvar 2026-cı il tarixli elektron müraciəti əsasında ailənin maddi-məişət şəraiti yerində araşdırılıb.

Qurumdan qeyd olunub ki, aparılan müayinə nəticəsində müraciətə qanunvericiliyin tələblərinə uyğun olaraq imtina verilib. İmtinanın səbəbi isə ailənin son 12 ay ərzində yaşayış minimumunun 12 mislindən artıq məbləğdə alqı-satqı əməliyyatı həyata keçirməsi olub.

Belə ki, mövcud qaydalara əsasən, müraciətdən əvvəlki ardıcıl 12 ay ərzində bu həddi aşan alqı-satqı hallarında ünvanlı sosial yardım təyin edilmir. Fondun məlumatına görə, sözügedən ailə 17 iyul 2025-ci il tarixində 5000 manat dəyərində əmlak alqı-satqısı həyata keçirib.

Aynurə İsmayıl

KONKRET.az

Избранный
50
konkret.az

1Источники