RU

Mehmet Gökhan Özçubukçu: Çanaqqala milli yaddaşın və mədəni kimliyin əsas sütunlarından biri kimi nəsillər boyu ötürüləcək bir mirasdır

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

“İlk olaraq milli şüur və azadlıq anlayışı baxımından Çanaqqala Türkiyə üçün bir dönüş nöqtəsidir. Bu zəfər xalqın öz taleyini müəyyən etmək haqqına olan inamını möhkəmləndirmişdir. Çanaqqala millətin çətin şərtlər altında belə bir araya gələrək nələri bacara biləcəyini göstərmiş, müstəqillik mübarizələri üçün nümunə olmuşdur. Bu ruh 1919-cu ildə başlayan Qurtuluş Savaşına və nəticədə Cümhuriyyətin elanına uzanan prosesin əsas motivasiya mənbələrindən biri olmuşdur”.

Diplomatiya və Strateji Araşdırmalar Mərkəzinin (DASAM) sədri/ Beynəlxalq münasibətlər üzrə mütəxəssis Mehmet Gökhan Özçubukçu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ikinci olaraq Çanaqqala cəmiyyətin bütün təbəqələrində həmrəylik və fədakarlıq anlayışını gücləndirmişdir: “Cəbhədə döyüşən əsgərlərlə yanaşı cəbhə arxasında qadınlar, yaşlılar və gənclər də böyük səylər göstərmişdir. Bu kollektiv şüur müasir Türkiyənin ictimai həmrəylik mədəniyyətinin əsasını təşkil etmişdir. Hər bir fərd Çanaqqaladakı müqavimətdən öz payını almış və vətən sevgisinin yalnız bir duyğu deyil, həm də əməl ilə dəstəklənməsi gərəkdiyini öyrənmişdir.

Üçüncü olaraq Çanaqqala Zəfəri türk ordusunun nüfuzunu artırmış və beynəlxalq aləmdə hörmətini gücləndirmişdir. Düşmən qüvvələrinin güclü donanmasına və say üstünlüyünə baxmayaraq türk əsgərinin göstərdiyi əzm və strateji uğur dünyaya bir mesaj vermişdir: Türkiyənin müstəqilliyi, torpağı və xalqı hər şəraitdə qorunacaqdır. Bu zəfər sonrakı illərdə diplomatik mübarizənin və beynəlxalq münasibətlərdəki qətiyyətin simvoluna çevrilmişdir.

Son olaraq Çanaqqala Zəfəri mədəni və tarixi irs baxımından Türkiyəyə böyük töhfə vermişdir. Bu zəfər yalnız tarix kitablarında deyil, şeirlərdə, mahnılarda, abidələrdə və xalqın yaddaşında da yaşayır. Çanaqqala milli yaddaşın və mədəni kimliyin əsas sütunlarından biri kimi nəsillər boyu ötürüləcək bir mirasdır. Hər 18 mart həm keçmişin qəhrəmanlarını yad etmək, həm də gələcəyə buraxılan dəyərləri xatırlamaq üçün bir fürsətdir”.

Mehmet Gökhan Özçubukçu

Mehmet Gökhan Özçubukçu qeyd edib ki, müasir Türkiyə baxımından Çanaqqalanın mənası yalnız keçmişi xatırlamaqla məhdudlaşmır: “Bu gün Türkiyənin müstəqillik anlayışı, dövlət suverenliyi və milli təhlükəsizlik siyasətlərinin arxasında duran tarixi yaddaşın ən güclü ünsürlərindən biri Çanaqqala ruhudur. Türkiyənin yerləşdiyi geosiyasi mövqe tarix boyu olduğu kimi bu gün də strateji əhəmiyyət daşıyır. Buna görə də Çanaqqalada verilən mübarizə yalnız keçmişdə qazanılmış bir hərbi zəfər deyil, eyni zamanda Türkiyənin bu gün sahib olduğu müstəqil dövlət anlayışının da əsas simvollarından biridir.

Bugünkü dünyada dövlətlərin üzləşdiyi siyasi, iqtisadi və təhlükəsizlik problemləri nəzərə alındıqda Çanaqqala Zəfərinin verdiyi ən mühüm dərslərdən biri birlik və qətiyyətdir. Bir millətin çətin şərtlər altında belə ortaq dəyərlər ətrafında birləşməsi tarix boyu olduğu kimi bu gün də dövlətlərin gücünü müəyyən edən ən əsas amillərdən biridir. Türkiyənin milli birlik və bərabərliyini qoruması Çanaqqalada ortaya çıxan həmrəylik ruhunun bu gün də yaşadılması ilə mümkün olacaqdır.

Bundan əlavə, Çanaqqala gənc nəsillər üçün tarixi şüurun formalaşması baxımından da böyük əhəmiyyət daşıyır. Keçmişdə verilən mübarizələrin mənasını dərk edən cəmiyyətlər gələcəyə daha möhkəm addımlarla irəliləyə bilirlər. Bu səbəbdən Çanaqqala Zəfəri yalnız bir anım günü deyil, həm də tarixi şüurun və milli məsuliyyət duyğusunun canlı saxlandığı bir xatırlama günüdür.

Nəticə etibarilə, Çanaqqala Zəfəri türk millətinin tarix səhnəsində qazandığı ən mühüm zəfərlərdən biridir. “Vətənin Səsi, Qəhrəmanların İzində” deyərək başladığımız bu yolçuluq yalnız bir müharibənin deyil, bir millətin azadlıq və müstəqillik mübarizəsinin dastanıdır. Bu zəfər keçmişin qəhrəmanlarını xatırlamaq, onların izindən getmək və vətən sevgisini nəsillərə ötürmək üçün bir vəsilədir. Çanaqqala keçilməz bir qala kimi millətimizin yaddaşında yaşamağa davam edəcək və hər 18 mart bu qəhrəmanlıq dastanını bizə yenidən xatırladacaqdır.

Bu baxımdan Çanaqqala Zəfəri yalnız keçmişdə qazanılmış bir hərbi uğur deyil, eyni zamanda Türkiyənin dövlət ənənəsini, müstəqillik anlayışını və milli iradəsini formalaşdıran tarixi dönüş nöqtəsidir. Çanaqqalada verilən mübarizə bir millətin öz taleyini müəyyən etmək iradəsinin və vətən torpağını qorumaq qətiyyətinin ən güclü ifadələrindən biri kimi yaddaşlara həkk olunmuşdur. Bu gün Türkiyə Cümhuriyyətinin sahib olduğu müstəqillik şüuru, milli suverenlik anlayışı və güclü dövlət refleksi böyük ölçüdə bu tarixi təcrübənin mirası üzərində qurulmuşdur. Buna görə Çanaqqalanı anlamaq yalnız bir müharibənin tarixini öyrənmək deyil. Eyni zamanda Türkiyənin bu gününü və gələcəyə dair baxışını anlamaq baxımından da böyük əhəmiyyət daşıyır. Çanaqqala ruhu keçmişdən gələcəyə uzanan iradə və qətiyyət simvolu kimi türk millətinin yaddaşında yaşamağa davam edəcəkdir”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
28
bizimyol.info

1Источники