RU

Qəbir BİZNESİ – İnsanlar ölümdə də DƏB AXTARIRLAR

Bakı qəbiristanlıqlarında qəbir yerlərinin qiyməti son illərdə sürətlə artaraq daşınmaz əmlak bazarındakı mənzil qiymətləri ilə rəqabət aparmağa başlayıb.

Hazırda paytaxtın müxtəlif ərazilərində məzar yerlərinin qiymət statistikası yerləşmə yerindən asılı olaraq kəskin fərqlənir: Qurd qapısı qəbiristanlığında yerlər 2000-3500 AZN, Badamdar və Xırdalanda 900-2000 AZN, Maştağa və Günəşlidə 800-1500 AZN, Zabratda 600-800 AZN, Hövsanda 400-500 AZN, Əmircanda 500 AZN, ən ucuz sayılan Bülbülə qəbiristanlığında isə 150-200 AZN civarında dəyişir. Bu rəqəmlər göstərir ki, şəhərin “prestijli” sayılan mərkəzi nöqtələrində bir məzar yerinin kvadratmetri təxminən 1200 manatdan çox qiymətə başa gəlir ki, bu da paytaxtdakı yeni tikili binaların satış qiyməti ilə eynidir.

Orta statistik pensiyaçının yaşa görə aldığı manatlıq təqaüdü nəzərə alsaq, bir vətəndaşın ən ucuz qəbiristanlıqda yer alması üçün azı iki ay yeməyib-içmədən pul toplaması lazımdır. Ölüm faktının özü mənəvi yük olmaqla bərabər, həm də qəbir daşı, ehsan süfrələri və digər mərasim xərcləri ilə birlikdə ailə büdcəsi üçün ağır maliyyə yükünə çevrilməkdədir.

Elçin Bayramlı

Məsələni NOCOMMENT.az-a şərh edən sosioloq Elçin Bayramlı bildirib ki, qəbiristanlıqların bu dərəcədə kommersiyalaşması cəmiyyətdəki dərin sosial böhranın, sinfi təbəqələşmənin və mənəvi aşınmanın ən bariz göstəricisidir:

“Biz artıq elə bir həddə çatmışıq ki, insanlar sağ ikən nümayiş etdirə bilmədikləri sosial statusu, nail ola bilmədikləri lüks həyat görüntüsünü öləndən sonra dəbdəbəli məzarlar vasitəsilə kompensasiya etməyə çalışırlar.

Bu, sosioloji baxımdan bir “ölüm yarışı”dır və cəmiyyətin psixoloji sarsıntısını əks etdirir. Qəbiristanlıqların varlı-kasıb məhəllələrinə bölünməsi, şəhərin mərkəzində qəbir yeri sahibi olmağın bir imtiyaz kimi təqdim edilməsi mənəvi dəyərlərin tamamilə itdiyini göstərir. Torpağın belə qanunsuz şəkildə pulla satılması, qiymətlərin heç bir iqtisadi modelə sığmayan subyektiv prinsiplərlə müəyyən edilməsi nəzarətsiz bir qara bazar yaradıb. Bu bazarda əsas zərərçəkən yenə də kasıb təbəqədir. Əgər dövlət və bələdiyyə səviyyəsində vahid, əlçatan tariflər tətbiq edilməsə, dəfn xərcləri sadə ailələr üçün fəlakətli həddə çatacaq.

Qəbir daşlarına tökülən minlərlə manat, uca hasarlar və bahalı mərmərlər əslində itkiyə olan hörməti deyil, sağ qalanların “mən digərlərindən üstünəm” mesajını nümayiş etdirir. Bu, milli mentalitetimizə daxil olmuş zərərli bir yarışdır ki, bunun qarşısını yalnız güclü ictimai qınaq və dövlət tənzimləməsi ala bilər”.

Kənan Rövşənoğlu

Din araşdırmaçısı Kənan Rövşənoğlu NOCOMMENT.az-a məsələnin mənəvi və dini tərəflərini şərh edərək qeyd edib ki, İslam dininin mahiyyətində və şəriət hökmlərində məzar yerinin satılması anlayışı qətiyyən mövcut deyil və bu, dinin fundamental prinsiplərinə kökündən ziddir:

“İslam hüququna görə, qəbiristanlıqlar ümumi vəqf əmlakıdır – yəni onlar Allahın və xalqın ortaq mülkiyyəti sayılır. Heç bir din xadimi, məmur və ya qurum Allahın torpağını bazar predmetinə çevirib kiməsə mülkiyyət kimi sata bilməz.

Bu gün Bakı qəbiristanlıqlarında müşahidə etdiyimiz fantastik qiymətlər dini hökmlərdən deyil, tamamilə dünyəvi tamahdan və kapitalist yanaşmadan qaynaqlanır. Dinimiz dəfni ən sadə, təvazökar və ailəni maddi sıxıntıya salmayacaq şəkildə həyata keçirməyi buyurur. Məzarın üzərində ucaldılan əzəmətli heykəllər, bahalı mərmər kompozisiyaları və hasarlar axirət dünyası üçün heç bir fayda vermədiyi kimi, həm də israf olduğu üçün böyük günah hesab olunur. Məzar yerinin ‘prestijli’ olması həmin şəxsin günahlarını azaltmır və ya mənəvi dərəcəsini artırmır.

Bizim təklifimiz odur ki, qəbiristanlıq idarəçiliyi tam şəffaf şəkildə bələdiyyələrin tabeliyinə keçsin və hər bir vətəndaş üçün məzar yeri dövlət tərəfindən pulsuz təmin edilsin. Vətəndaşdan yalnız texniki xidmətlər – yəni qəbrin qazılması, təmizlik və qulluq işləri üçün simvolik, rəsmi rüsumlar alınmalıdır. Torpağın özünü satmaq həm milli mənəviyyatımıza, həm də İslamın bərabərlik prinsipinə qarşı bir təhqirdir”.

Избранный
55
nocomment.az

1Источники