Son illərdə texnologiyanın sürətli inkişafı təhsil sahəsində də yeni imkanlar yaradıb və onlayn təhsil modeli getdikcə daha geniş yayılmağa başlayıb. Xüsusilə, pandemiyadan sonra bu sistemin effektivliyi və əlçatanlığı ilə bağlı müzakirələr daha da intensivləşib, bir çoxları isə onun gələcəkdə ənənəvi təhsili əvəz edib-etməyəcəyini sual altına alır. Bəs onlayn təhsil yaxın illərdə ənənəvi təhsili tam şəkildə əvəz edə biləcəkmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, onlayn təhsilin ənənəvi təhsili tam əvəz etməsi yaxın perspektivdə mümkün görünmür:

“Bu keçidi təxminən 10-15 il sonra daha aydın şəkildə görə biləcəyik. Hazırda dünyanın demək olar ki, bütün ölkələrində təhsil sistemi tam şəkildə onlayn rejimə keçməyib. Bunun üçün ilk növbədə ümumi infrastruktur gücləndirilməli, hər kəs üçün internetə əlçatanlıq təmin olunmalıdır”.
Ekspert qeyd edib ki, yalnız bu şərtlər təmin olunduqdan sonra mərhələli şəkildə onlayn təhsil sisteminə keçid mümkün ola bilər. Onun sözlərinə görə, bu proses çətin və keçid dövrü baxımından mürəkkəb olacaq:
“Elektron jurnalların tətbiqi, onlayn qeydlərin aparılması və digər rəqəmsal mexanizmlər bu prosesin tərkib hissəsidir. Keçid dövründə süni zəka əsaslı idarəetmə modellərindən də istifadə olunacaq.
İnkişaf etmiş ölkələr bu transformasiyanı daha sürətli həyata keçirə bilər. Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə bu proses daha gec baş verəcək və mərhələli xarakter daşıyacaq”.
Beləliklə, ekspertlərin qənaətinə görə, onlayn təhsil gələcəkdə daha geniş yayılacaq, lakin yaxın illərdə ənənəvi təhsili tam şəkildə əvəz etməsi real görünmür.
Aynurə İsmayıl
KONKRET.az