RU

Yeni dünya nizamı və Azərbaycanın artan geosiyasi çəkisi

ain.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

“Müasir beynəlxalq münasibətlər sistemi dərin transformasiya mərhələsindən keçir. Qlobal güc balansının dəyişməsi, regional münaqişələrin artması, enerji və təhlükəsizlik məsələlərinin ön plana çıxması yeni dünya nizamının formalaşmasını sürətləndirən əsas amillər kimi çıxış edir. Belə mürəkkəb və ziddiyyətli bir dövrdə dövlətlərin yalnız hərbi və iqtisadi potensialı deyil, həm də diplomatik çevikliyi, çoxtərəfli əməkdaşlıq imkanları və strateji baxışları həlledici rol oynayır. Bu kontekstdə Azərbaycanın rolu və mövqeyi getdikcə daha qabarıq şəkildə nəzərə çarpır”.

Bunu Ölkə.az-a açıqlamasında deputat Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, Azərbaycanın son illərdə qazandığı uğurlar təsadüfi deyil, sistemli və düşünülmüş siyasətin nəticəsidir. “Xüsusilə ərazi bütövlüyünün və suverenliyin tam bərpası regionda yeni reallıqlar yaradaraq ölkənin geosiyasi çəkisini əhəmiyyətli dərəcədə artırıb. Bu reallıqlar fonunda Azərbaycan artıq təkcə regional aktor kimi deyil, həm də qlobal proseslərə təsir edən mühüm tərəfdaş kimi çıxış edir.

Bu baxımdan Bakıda keçirilən Qlobal Bakı Forumu kimi beynəlxalq platformalar xüsusi əhəmiyyət kəsb edir. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” kimi mövzular ətrafında aparılan müzakirələr göstərir ki, Azərbaycan yalnız öz maraqlarını müdafiə edən ölkə deyil, eyni zamanda qlobal dialoqu təşviq edən və körpü rolunu oynayan aktordur. Bu isə ölkənin “yumşaq güc” elementlərinin güclənməsinin bariz nümunəsidir”, - o qeyd edib.

 Deputat əlavə edib ki, Azərbaycanın beynəlxalq nüfuzunun artmasında enerji siyasəti xüsusi yer tutur: “Ölkə uzun illər ərzində həyata keçirdiyi irimiqyaslı enerji layihələri sayəsində etibarlı tərəfdaş imici formalaşdırıb. Neft strategiyasından qaz ixracatçısına çevrilmə prosesi Azərbaycanın iqtisadi müstəqilliyini möhkəmləndirməklə yanaşı, onun siyasi təsir imkanlarını da genişləndirib. Bu gün Azərbaycanın bir çox ölkələrə enerji ixrac etməsi və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması onun qlobal əhəmiyyətini daha da artırır.

Eyni zamanda, yeni enerji yataqlarının istismarı və mövcud infrastrukturun genişləndirilməsi Azərbaycanın gələcəkdə də enerji bazarındakı mövqeyini gücləndirəcəyini göstərir. Bu isə ölkəni yalnız enerji təminatçısı deyil, həm də enerji təhlükəsizliyinin təminatında strateji tərəfdaşa çevirir.

Bununla yanaşı, Azərbaycanın təşəbbüskarı olduğu nəqliyyat və logistika layihələri də yeni dünya nizamında ölkənin rolunu artıran əsas faktorlardandır. Xüsusilə Orta Dəhliz layihəsi Avropa ilə Asiya arasında alternativ və etibarlı marşrut kimi strateji əhəmiyyət qazanır. Regionda sülhün bərqərar olunması və kommunikasiyaların açılması bu dəhlizin potensialını daha da artırır. Azərbaycanın bu istiqamətdə irəli sürdüyü təşəbbüslər yalnız milli maraqlara deyil, həm də regional və qlobal iqtisadi inteqrasiyaya xidmət edir.

Digər mühüm məqam Azərbaycanın sülh gündəliyinə verdiyi töhfədir. Müharibədən sonrakı dövrdə ölkənin əsas prioritetlərindən biri regionda dayanıqlı sülhün təmin olunmasıdır. Ermənistanla sülh sazişinin əldə olunmasına yönəlmiş səylər, qarşılıqlı əməkdaşlıq imkanlarının təşviqi və kommunikasiya xətlərinin açılması təşəbbüsləri Azərbaycanın konstruktiv və praqmatik siyasət yürüdüyünü göstərir. Bu yanaşma beynəlxalq ictimaiyyət tərəfindən də dəstəklənir.

Bütün bunların fonunda Azərbaycanın beynəlxalq platformalarda, o cümlədən iqlim dəyişiklikləri və dayanıqlı inkişaf məsələlərində fəal iştirakı da diqqət çəkir. Bu istiqamətdə həyata keçirilən təşəbbüslər ölkənin yalnız enerji ixrac edən dövlət deyil, həm də qlobal məsuliyyət daşıyan aktor olduğunu nümayiş etdirir.

Nəticə etibarilə, yeni dünya nizamının formalaşdığı bir dövrdə Azərbaycan özünü sabitlik, əməkdaşlıq və inkişaf modeli kimi təqdim etməyi bacarır. Ölkənin balanslaşdırılmış xarici siyasəti, iqtisadi müstəqilliyi, enerji və nəqliyyat layihələrindəki fəallığı, həmçinin sülh təşəbbüsləri onun beynəlxalq sistemdə mövqeyini daha da möhkəmləndirir. Mövcud tendensiyalar onu deməyə əsas verir ki, Azərbaycanın qlobal proseslərdə rolu yaxın gələcəkdə daha da artacaq və ölkə yeni dünya düzənində söz sahibi olan əsas aktorlardan birinə çevriləcək”.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
63
2
olke.az

3Источники