RU

Pensiyalarla bağlı yenilik gözlənilir

Azərbaycanda özəl (qeyri-dövlət) pensiya fondlarının yaradılması planlaşdırılır. Bəs bu fondlar vətəndaşlara hansı konkret imkanları verəcək?İqtisadçı ekspert Asif İbrahimov Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda özəl (qeyri-dövlət) pensiya fondlarının yaradılması model olaraq artıq bir çox inkişaf etmiş ölkələrdə tətbiq olunur və əsas məqsəd vətəndaşların gələcək sosial təminatını daha da gücləndirməkdir. Onun sözlərinə görə, özəl pensiya fondları praktikada vətəndaşlara bir çox imkanlar yaradır: “Əsasən onu da deyim ki, iki mənbədən pensiya alma imkanı dedikdə, yeni sistem tətbiq olunarsa, Azərbaycan vətəndaşları yalnız dövlət pensiyası ilə kifayətlənməyəcək. Yəni şəxs həm dövlət xətti ilə, həm də özəl fond vasitəsilə əlavə pensiya gəliri əldə edə biləcək. Bu isə ümumi pensiya məbləğinin artmasına, qocalanda daha yaxşı sosial təminat imkanına səbəb olacaq. Bu modelin ən yaxşı üstünlüyü fərdi yığım və daha yüksək gəlir potensialıdır. Belə ki, özəl fondlar vətəndaşların fərdi vəsaitlərini investisiya edərək artırmağa çalışacaq. Bu da uzunmüddətli perspektivdə dövlət pensiyası ilə müqayisədə daha yüksək gəlir əldə etmək imkanı yarada bilər”.A.İbrahimov qeyd edib ki, dövlət pensiya fondundan fərqli olaraq özəl pensiya fondlarında könüllülük və seçim azadlığı mövcuddur: “Yəni bu sistem məcburi deyil. Vətəndaş özü qərar verəcək ki, özəl fonda qoşulsun ya yox, nə qədər vəsait yönəltsin və hansı fondu seçsin. Bu isə maliyyə azadlığını artırır. Bu model Azərbaycanda da tətbiq olunarsa və vətəndaşlar da bu fondlara müraciət edərsə, bu pensiya sisteminin şaxələndirilməsi (diversifikasiya) və köklü islahatlara səbəb ola bilər. Hazırda əsas yük dövlət üzərindədir. Özəl fondların yaradılması bu yükü bölüşdürəcək və sistemin uzunmüddətli dayanıqlığını artıracaq”. İqtisadçının sözlərinə görə, belə özəl fondların dünya praktikasında uzunmüddətli maliyyə planlaşdırması imkanı olur. Bu da vətəndaşların daha erkən yaşdan öz gələcək pensiyalarını planlaşdırmasına və yığım mədəniyyətini formalaşdıra bilməsinə imkan yaradır: “Dünya praktikasında özəl pensiya fondları dövlət sisteminə alternativ deyil, onu tamamlayan mexanizmdir. Yəni məqsəd rəqabət yox, əlavə sosial təminat imkanları yaratmaqdır. Azərbaycanda belə fondların yaradılıb-yaradılmaması qərarını vermək üçün, məncə, ciddi araşdırma, sosial-iqtisadi əsaslandırma və sorğuların keçirilməsi labüddür”.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
67
metbuat.az

1Источники