Təhsilverənlərin bilik və bacarıqlarının müəyyən edilməsi zəruridir. İlkin araşdırmalar göstərdi ki, bu sahədə ciddi tədbirlərin görülməsinə ehtiyac var. Buna görə də bilik və bacarıqların ölçülməsi prosesinə başlanması vacib idi. Bu isə attestasiya vasitəsilə mümkün oldu.
AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Elm və təhsil komitəsinin martın 18-də “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirdiyi ictimai dinləmədə bildirib.
“Attestasiya prosesi ötən ildən təşkil olunmağa başlanıb. Ölkədə ilk dəfə belə genişmiqyaslı attestasiya həyata keçirilir. Proses ümumilikdə 12 min təhsilverəni əhatə edir və iki mərhələyə bölünüb. Ötən il musiqi və incəsənət məktəbləri üzrə 4 min təhsilverən attestasiyadan keçib. Bu il isə 8 min təhsilverənin bilik və bacarıqlarının yoxlanılması davam edir”, -deyə nazir qeyd edib.