RU

Qurbanməmmət Elyasov: Türkmənistan Azərbaycanla BOEM layihələrinin həyata keçirilməsinə hazırdır - MÜSAHİBƏ

2025-ci ildə Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq siyasət, iqtisadiyyat, energetika, nəqliyyat və humanitar sahə daxil olmaqla əsas istiqamətlər üzrə fəal şəkildə inkişaf edib. Yaxın illər üçün prioritetlər arasında ikitərəfli siyasi dialoqun dərinləşdirilməsi, birgə investisiya və infrastruktur layihələrinin həyata keçirilməsi, "yaşıl enerji"nin inkişafı və mədəni-humanitar əlaqələrin möhkəmləndirilməsi yer alır.

Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmət Elyasov "Report"a müsahibəsində ötən ilin yekunları, iqtisadi və enerji əməkdaşlığının perspektivləri, Türkmənistanın Azərbaycandakı beynəlxalq forumlarda və mədəni layihələrdə iştirakı barədə danışıb.

- Azərbaycan və Türkmənistan arasında 2025-ci ildəki siyasi və iqtisadi münasibətləri necə xarakterizə edərdiniz?

- 2025-ci ildə Türkmənistan və Azərbaycan arasında münasibətlər fəal siyasi dialoq və strateji əməkdaşlığın genişləndirilməsi ilə xarakterizə olunub. İkitərəfli qarşılıqlı əlaqə dostluq, qarşılıqlı hörmət və regional sabitliyin möhkəmləndirilməsinə can atma prinsipləri üzərində qurulub.

İl ərzində ali və yüksək səviyyədə fəal siyasi dialoq davam etdirilib. Əsas sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş qarşılıqlı səfərlər və danışıqlar həyata keçirilib. Xüsusilə, 2025-ci ilin iyulunda Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Bakıya səfər edib və burada Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparıb. Diqqət mərkəzində ikitərəfli əlaqələrin genişləndirilməsi perspektivləri, ticari-iqtisadi qarşılıqlı əlaqənin inkişafı və aktual regional məsələlər üzrə mövqelərin əlaqələndirilməsi olub.

Mütəmadi əlaqələr hökumətlər və xarici siyasət idarələri səviyyəsində də davam etdirilib. İqtisadi və humanitar əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ticarətin, energetikanın, nəqliyyatın, investisiya qarşılıqlı əlaqəsinin və humanitar mübadilələrin inkişafı məsələlərini nəzərdən keçirib, tərəfdaşlığın artırılmasında qarşılıqlı marağı təsdiqləyib.

2025-ci il Türkmənistan üçün xüsusi əhəmiyyət daşıyıb: həmin il ölkənin daimi neytrallığının 30 illiyi tamam olub, həmçinin BMT Baş Assambleyasının qərarı ilə "Beynəlxalq sülh və etimad ili" elan edilmişdi. Bu baxımdan Türkmənistanda ölkənin neytrallığının 30 illiyinə həsr olunmuş beynəlxalq forum keçirilib ki, bu da sülhün möhkəmləndirilməsi, dialoqun inkişafı, preventiv diplomatiya və beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirəsi üçün mühüm platforma olub. Forum müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirərək Türkmənistanın neytrallıq siyasətinin regional və qlobal səviyyələrdə sabitlik və etibar amili kimi əhəmiyyətini təsdiqləyib.

"Beynəlxalq sülh və etimad ili"nə həsr olunmuş beynəlxalq forum çərçivəsində Azərbaycan nümayəndələri BMT tərəfindən tanınmış Türkmənistanın neytrallığı siyasətinə hörməti təsdiqləyiblər. Ümumilikdə, 2025-ci ilin yekunlarına görə Türkmənistan-Azərbaycan münasibətləri fasiləsiz inkişaf və hərtərəfli strateji əməkdaşlığın uzunmüddətli modelinin formalaşdırılması ilə xarakterizə olunur.

- Azərbaycan və Türkmənistan arasında ikitərəfli ticarətin genişləndirilməsi üçün hansı işlər görülür?

- Azərbaycan və Türkmənistan arasında ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi ikitərəfli münasibətlərin prioritet istiqamətlərindən biridir. Son illərdə qarşılıqlı ticarət həcminin artırılmasına, iqtisadi əlaqələrin gücləndirilməsinə və qarşılıqlı faydalı tərəfdaşlığın yeni formalarının inkişafına yönəlmiş kompleks işlər aparılır.

Bu prosesdə hökumətlərarası iqtisadi əməkdaşlığın inkişafı mühüm rol oynayır. İqtisadi və humanitar əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın müntəzəm olaraq iclasları keçirilir ki, onların çərçivəsində ticarət, investisiya, nəqliyyat və sənaye kooperasiyası məsələlərinə baxılır. Belə görüşlər iki ölkənin iqtisadi siyasətinin əlaqələndirilməsinə kömək edir və gələcək qarşılıqlı fəaliyyətin perspektivli istiqamətlərini müəyyənləşdirməyə imkan verir.

İnvestisiya əməkdaşlığının və iki dövlətin sahibkarları arasında işgüzar əlaqələrin inkişafı ikitərəfli ticarətin genişləndirilməsinə mühüm töhfə verir. Azərbaycanda sənaye, nəqliyyat, tikinti, ticarət və xidmət sahələri də daxil olmaqla, iqtisadiyyatın müxtəlif sahələrində çalışan Türkmənistan kapitallı şirkətlər fəaliyyət göstərir. Onların fəaliyyəti sahibkarlıq əlaqələrinin möhkəmlənməsinə və qarşılıqlı ticarət dövriyyəsinin artmasına kömək edir.

Energetika sahəsi iqtisadi tərəfdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır. Tərəflər Xəzər dənizinin resurslarının mənimsənilməsi sahəsində, o cümlədən "Dostluq" kimi yataqların işlənməsi üzrə birgə layihələr daxil olmaqla əməkdaşlığı inkişaf etdirirlər.

Ticarətin inkişafı üçün nəqliyyat-logistika infrastrukturunun təkmilləşdirilməsi də mühüm əhəmiyyət kəsb edir. Xəzər dənizi vasitəsilə nəqliyyat marşrutlarının inkişafına, eləcə də Şərq-Qərb və Orta Dəhliz beynəlxalq nəqliyyat dəhlizlərinin möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir. Bu marşrutların inkişafı daşımaların asanlaşdırılmasına, logistik xərclərin azaldılmasına və ölkələr arasında ticarət həcminin artmasına təkan verir.

- Türkmənistan və Azərbaycanın Hökumətlərarası Komissiyasının 9-cu iclasının keçirilməsi nə vaxta planlaşdırılır?

- 2007-ci ildə Azərbaycan və Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya yaradılıb. Bu günə qədər komissiyanın 8 iclası keçirilib ki, onlardan sonuncusu 2025-ci ilin iyul ayında baş tutub. İclas həmsədrlər tərəfindən hərtərəfli protokolun imzalanması ilə başa çatıb. Protokol iqtisadi tərəfdaşlığın genişləndirilməsi, ticarət əlaqələrinin gücləndirilməsi, energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi, nəqliyyat əlaqəliliyinin artırılması, kənd təsərrüfatı sektorunun inkişafı və humanitar əməkdaşlığın aktivləşdirilməsi daxil olmaqla, qarşılıqlı fəaliyyətin strateji istiqamətlərini təsbit edir. Sənəd ikitərəfli münasibətlərin kompleks şəkildə dərinləşdirilməsi və iki ölkənin tərəfdaşlığının daha da genişləndirilməsi üçün möhkəm əsas yaradır. Cari ildə Aşqabadda Türkmənistan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti, 9-cu iclasının keçirilməsi planlaşdırılır.

- Türkmənistan 2026-cı ilin may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etməyi planlaşdırırmı və əgər iştirak edəcəksə, nümayəndə heyəti hansı səviyyədə təmsil olunacaq?

- 2026-cı ildə Bakıda keçiriləcək WUF13 davamlı şəhər inkişafının qlobal gündəliyinin irəlilədilməsində və müasir urbanistika sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsində mühüm mərhələ olacaq.

Türkmənistan bu forumda ən yüksək səviyyədə iştirak etməyi planlaşdırır. Türkmənistanda mənzil tikintisi və modernizasiyası, həmçinin əhalinin rahat yaşayış şəraitinin yaradılması məsələlərinə prioritet diqqət yetirilir. Dövlət şəhərsalma siyasətinin əsas istiqaməti əlverişli, müasir və təhlükəsiz şəhər mühitinin formalaşdırılmasıdır. Bu kursun parlaq təsdiqi ölkənin paytaxtı Aşqabad, həmçinin dinamik inkişafı və şəhər infrastrukturunun planlaşdırılmasına kompleks yanaşmanı nümayiş etdirən Arxadağ şəhəridir.

- Türkmənistan tərəfindən Füzuli şəhərində inşa ediləcək məscidin tikintisi layihəsinin icrası hansı mərhələdədir?

Füzuli şəhərində qardaş Azərbaycan xalqına hədiyyə olaraq Türkmənistan tərəfindən inşa ediləcək məscidin tikintisi layihəsi həyata keçirilir. Tikinti təşəbbüsü türkmən xalqının milli lideri Qurbanqulu Berdiməhəmmədov tərəfindən irəli sürülüb və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəstəklənib.

Layihə sahəsi 1 hektardan çox olacaq məscid kompleksinin inşasını nəzərdə tutur. Əsas günbəzin hündürlüyü 30 metr təşkil edəcək. Binanı həmçinin kompleksin əzəmətli görünüşünü formalaşdıran, hər birinin hündürlüyü 40 metr olan 2 minarə bəzəyəcək. Burada eyni vaxtda 500 nəfər ibadət edə biləcək.

Məscid Füzulinin şəhər infrastrukturunun mühüm elementinə çevriləcək və regionun mənəvi, eləcə də mədəni dirçəlişinə töhfə verəcək. Məscid layihəsi Türkmənistan və Azərbaycan xalqları arasında tarixi birliyin, mənəvi yaxınlığın və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinin rəmzi kimi nəzərdən keçirilir. Füzulidə dini kompleksin inşası tərəflərin humanitar əməkdaşlığın inkişafına və Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına dəstək verilməsinə sadiqliyini əks etdirir.

- Azərbaycan qaz sektorunda və "yaşıl enerji"də Türkmənistanla tərəfdaşlığa hazır olduğunu bildirib. Bununla əlaqədar olaraq Türkmənistan Xəzər vasitəsilə "yaşıl ixrac dəhlizləri"ndə iştirak etməyi nəzərdən keçirirmi? Azərbaycan və Türkmənistan "yaşıl enerji" sahəsində hansı təşəbbüsləri həyata keçirə bilər?

Türkmənistan və Azərbaycan təbii neft və qaz ehtiyatlarına malik zəngin iri enerji dövlətləri olmalarına baxmayaraq, "yaşıl enerji"nin inkişafına maraq göstərirlər.

Müzakirə olunan istiqamətlərdən biri Xəzər dənizi vasitəsilə "yaşıl enerji dəhlizləri"nin formalaşmasında Türkmənistanın iştirakıdır. Belə layihələr bərpa olunan mənbələrdən istehsal edilən elektrik enerjisinin Cənubi Qafqaz regionu vasitəsilə Avropa ölkələrinə ötürülməsi üçün infrastrukturun yaradılmasını nəzərdə tutur. Bu kontekstdə Azərbaycan "yaşıl enerji"nin beynəlxalq bazarlara nəqlini təmin edə biləcək mühüm tranzit mərkəzi kimi nəzərdən keçirilir.

Günəş və külək enerjisi sahəsində layihələrin birgə inkişafı əməkdaşlığın perspektivli istiqaməti ola bilər. Türkmənistan günəş elektrik stansiyalarının inkişafı üçün əhəmiyyətli təbii resurslara malikdir, Azərbaycan isə külək potensialının mənimsənilməsi üzrə layihələri, o cümlədən Xəzər dənizi akvatoriyasında fəal şəkildə həyata keçirir. Bu imkanların birləşdirilməsi yeni regional enerji təşəbbüslərinin yaradılmasına kömək edə bilər.

Həmçinin, "yaşıl elektrik enerjisi"nin ötürülməsi və ixracı üçün birgə infrastrukturun inkişafı da mühüm istiqamət ola bilər. Bura Xəzər dənizi vasitəsilə sualtı kabel xətlərinin çəkilməsi, enerji sistemlərinin inteqrasiyası və Avropa istiqamətində elektrik enerjisinin ixracı üzrə regional layihələrdə iştirak daxil ola bilər.

Əməkdaşlığın digər perspektivləri "yaşıl hidrogen"in istehsalı və nəqli, enerji baxımından səmərəli texnologiyaların tətbiqi, habelə bərpa olunan enerji mənbələrinin (BOEM) inkişafına dair təcrübə və investisiya mübadiləsi sahəsində açılır. Birgə tədqiqatlar, texnoloji əməkdaşlıq və beynəlxalq enerji təşəbbüslərində iştirak iki ölkə arasındakı uzunmüddətli tərəfdaşlığın mühüm hissəsinə çevrilə bilər.

Beləliklə, Azərbaycan və Türkmənistan arasında "yaşıl enerji" sahəsində əməkdaşlığın inkişafı, o cümlədən Xəzər vasitəsilə "yaşıl ixrac dəhlizləri"ndə iştirak, enerji bazarlarının şaxələndirilməsinə, regional enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və dayanıqlı inkişafın təşviqinə töhfə verə bilər.

- Azərbaycan və Türkmənistanın əməkdaşlığı çərçivəsində yaxın vaxtlarda hansı mədəni tədbirlərin keçirilməsi planlaşdırılır?

- Mədəni-humanitar istiqamət də xeyli inkişaf edib. 2025-ci ilin oktyabrında Azərbaycanda mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi və iki ölkə xalqları arasında əlaqələrin genişləndirilməsi üçün mühüm platformaya çevrilən Türkmənistanın Mədəniyyət Günləri keçirilib. Həmçinin bu il Türkmənistanda Azərbaycanın Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır. Xalçaçılıq və atçılıq kimi ümumi mədəni dəyərlərin populyarlaşdırılmasına xüsusi diqqət yetirilir.

Hazırda Türkmənistanın beynəlxalq arenada geniş tanınan və Monte-Karlo Beynəlxalq Sirk Festivalının mükafatlarının sahibi olan "Qalkınış" milli atüstü oyunlar qrupu Azərbaycanda qastrol səfərindədir. Türkmən artistləri martın 30-dək müasir "Circus Sea Breeze" sirk kompleksinin arenasında öz çıxışları ilə tamaşaçıları sevindirəcəklər. Bu sahədə əməkdaşlığın inkişafı məqsədilə "Türkmən atları" dövlət birliyi ilə Azərbaycan Atçılıq Federasiyası arasında atçılıq idmanı və atçılıq sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsinə yönəlmiş Anlaşma Memorandumu da imzalanıb.

Избранный
62
far.az

1Источники