RU

Arif Əsədov: Futbolçu "Neftçi"dən keçməyibsə, o, yarımçıq futbolçu sayılırdı - MÜSAHİBƏ

Bakı,19 mart, Cavid Əliyev, AZƏRTAC

“Neftçi”nin 89 illiyi münasibətilə klubun keçmiş futbolçusu və məşqçisi Arif Əsədov AZƏRTAC-ın suallarını cavablandırıb. Veteran müdafiəçi “ağ-qaralar”ın Azərbaycan futbolundakı yeri, komanda ilə bağlı xatirələri, SSRİ dövrü ilə müasir “Neftçi”ni müqayisəsi və klubun gələcək hədəfləri barədə fikirlərini bölüşüb.

- Arif müəllim, martın 18-də Azərbaycan futbolunun flaqmanı olan “Neftçi”nin 89 yaşı tamam oldu. Bir “Neftçi”li kimi bu rəqəm sizin üçün nəyi ifadə edir?

- İlk öncə bütün “Neftçi” camiəsini, həm indiki dövrdə olanları, həm də keçmişdə bu klubda oynamış, işləmiş və əziyyəti olmuş bütün insanları təbrik etmək istəyirəm. “Neftçi” Azərbaycan futbolunun flaqmanıdır. Burada oynamaq və ya işləmək hər bir futbolçunun və məşqçinin arzusu olub. Bu baxımdan “Neftçi” böyük klubdur və bu ənənə bu gün də davam edir. Təbii ki, bu illər ərzində komandanın qazandığı uğurlar olub, müxtəlif dövrlərdə həm qələbələr, həm də məğlubiyyətlər yaşanıb. Amma bütün bunlara baxmayaraq, “Neftçi” hər zaman orada oynamış hər bir futbolçu və işləmiş hər bir məşqçi üçün yadda qalan, unudulmaz xatirələrlə dolu olub. Bu klub ilə keçirdiyi illər hər kəs üçün xüsusi və dəyərlidir.

- Siz bu klubda həm futbolçu, həm də məşqçi kimi böyük uğurlar qazanmısınız. “Neftçi” forması ilə yaddaşınıza həkk olunan ən özəl an hansıdır?

- Düzdür, futbolçu kimi yetişməyimdə Neftçi”nin böyük payı olub, həmçinin məşqçi kimi də eyni sözləri demək olar. Yəni, həm futbolçu kimi peşəkar addımlarımı “Neftçi”də atmışam, həm də məşqçi kimi ilk klub səviyyəsində fəaliyyətimi burada başlamışam və uğurlarım da olub. Bu baxımdan, yadda qalan uğurlar bunlardır: futbolçu kimi üç dəfə çempionluq və iki dəfə kubok qazanmışam. Məşqçi kimi də həm əvəzedici heyət, həm də əsas komandanı çempion etmişəm. Bütün bunlar təbii ki, nəticə etibarilə yaddaşlarda qalacaq xatirələrdir. Bu illər ərzində çoxlu yaxşı və yadda qalan hadisələr olub. Zaman-zaman “Neftçi”də oynamışam, sonra başqa klubda, Rusiyada çıxış etmişəm, amma futbolçu karyeramın böyük hissəsi bu komandada keçdiyi üçün çoxlu xatirələr var. Burada bir yerdə oynadığım dahi futbolçular da olub. Bu baxımdan “Neftçi” futbol həyatımın ayrılmaz bir parçasıdır.

- Klubun SSRİ çempionatındakı o möhtəşəm ab-havası ilə müstəqillik illərindəki “Neftçi”ni müqayisə etsəniz, nələr deyərdiniz? O ruhu qorumaq bu gün nə dərəcədə mümkündür?

- Təbii ki, SSRİ dövründə “Neftçi” yeganə klub idi ki, Azərbaycanı SSRİ çempionatında təmsil edirdi. Bütün Azərbaycan futbol camiəsinin gözü “Neftçi”də idi. O vaxt “Neftçi”də çıxış etmək çox çətin idi. Azərbaycanda həmişə çoxlu istedadlı futbolçular olub, amma “ağ-qaralar”da oynamaq hər kəsə nəsib olmurdu. Belə deyirdilər ki, futbolçu “Neftçi”dən keçməyibsə, o, yarımçıq futbolçu sayılırdı. Yəni, o dönəmdə “Neftçi”yə xüsusi hörmətlə baxılırdı. Ona görə də orada oynamaq hər bir futbolçu üçün böyük şərəf idi və çoxlarına bu nəsib olmurdu. İndiki dövrdə vəziyyət bir az fərqlidir, çünki hazırda Premyer Liqada 12 klubumuz var və hər birinin öz azarkeşləri mövcuddur. Amma o zaman bütün Azərbaycan “Neftçi”yə azarkeşlik edirdi. Hazırda “Neftçi”yə yanaşma bir az fərqlidir. Bu dönəmlərdə həm uğursuzluqlar, həm də uğurlar olub. Düşünürəm ki, hazırda bir qədər “Neftçi ruhu” zəifləyib, amma yaxın illərdə bunun yenidən canlanmasına şahid olacağıq. İstərdim ki, hazırda komandaya dəvət olunan legionerlər, istər məşqçilər, istərsə də futbolçular bu ruhu yaxşı dərk etsinlər. Onlara izah etmək lazımdır ki, “Neftçi” Azərbaycanın böyük klubudur və burada oynamaq hər adama nəsib olmur. Ona görə də qələbə ruhunu daim qoruyub saxlamaq lazımdır.

- Gələn il klubun 90 illik böyük yubileyidir. Sizcə, “Neftçi” 90 yaşını hansı zirvədə qarşılamalıdır?

- “Neftçi” üçün uğur həmişə çempionluq və kubok qazanmaq deməkdir. Mənim dünyagörüşümdə ikinci, üçüncü və ya dördüncü yerlər uğur kimi qiymətləndirilməməlidir. Bu komanda həmişə zirvədə olmalıdır. Sovet dövründə də, müstəqil dövrdə də əsas prioritet bu olub. Ona görə də arzulayıram ki, gələn il “Neftçi” çempion olsun və ya kuboku qazansın, beləliklə 90 illik yubiley möhtəşəm əhval-ruhiyyədə keçsin. Bu, bütün “Neftçi”sevərlərin ürəyində olan arzudur.

 

Избранный
33
2
azertag.az

3Источники