Son imtahanlardan sonra bir çox abituriyent belə düşünür ki, DİM-in sualları getdikcə çətinləşir və repetitorsuz ali məktəbə qəbul demək olar ki, mümkünsüzdür.
Bəs bu doğrudanmı belədir, yoxsa abituriyentlər arasında formalaşmış bir düşüncədir?
AzEdu.az-a danışan “İlin gənc müəllimi”, repetitor Xəzri Muradov bildirib ki, hazırlığa gələn şagird artıq müəyyən məsuliyyət götürmüş olur:
“Təcrübəmdə kifayət qədər şagird olub ki, repetitorsuz da yüksək nəticə əldə edib. Bu şagirdləri fərqləndirən əsas xüsusiyyətlər intizam, məqsədyönlülük və planlı çalışma vərdişidir. Belə şagirdlərin sayı çox deyil, çünki beyin yalnız tələb olduqda işləyir, rahatlığa meyil edir. O "tələbi" yaradan isə çox vaxt repetitor olur.
DİM-in təqdim etdiyi suallar məktəb dərsliklərindəki biliklərə əsaslanır, tamamilə yad və ya kənar mənbələrdən deyil. Sadəcə, şagirdlərə tapşırıqları “tapşırıq üçün tapşırıq” yox, imtahan formatında, düşünərək və analiz edərək yerinə yetirməyi öyrətmək lazımdır. Məktəb sistemində isə hər kəs eyni səviyyədə öyrənmir; oxuyan və oxumayan şagird anlayışı var. Repetitor yanına gələn şagird isə artıq müəyyən məsuliyyət götürür və müəllim onu sistemli işləməyə vadar edir. Bu da cəmiyyətdə belə bir fikir formalaşdırır ki, uğur yalnız repetitorla mümkündür".
Muradov əlavə edib ki, repetitor anlayışı çox vaxt səhv qəbul edilir:
“Repetitor yeni bilik verən deyil, mövcud biliyi möhkəmləndirən müəllimdir. Əsas baza məktəbdə formalaşır, repetitor isə həmin bazanı möhkəmləndirir. Məktəb bazası olmayan şagird ən yaxşı repetitor yanına getsə belə, uğur əldə edə bilmir. Məktəbdə çox zaman son sinifdə həm cari proqramı çatdırmaq, həm də əvvəlki illəri təkrar etmək üçün vaxt məhduddur. Repetitor isə bu boşluğu doldurur, amma bunu ödənişsiz etməsi real deyil. Onun da gündəlik ehtiyacları var, ya əlavə işdə çalışmalı, ya da peşəkar şəkildə davam etməlidir".
Repetitor əlavə edib ki, DİM-in sualları əslində çətin deyil, sadəcə yaxşı hazırlıq tələb edir:
“Ən vacib məsələ budur ki, DİM-in sualları yüksək nəticə üçün zəhmət tələb edir. Günün böyük hissəsini telefonda keçirib sonra yüksək bal gözləmək düzgün deyil. Suallar düşüncə tələb edir, bal sistemi isə hər kəs üçün eyni şərtlərdə işləyir. Dünya inkişaf edir, elm irəliləyir, yeni biliklər yaranır. Bu şəraitdə imtahanların da düşüncə tələb etməsi təbiidir.
Uğur təsadüf deyil. Necə ki, Albert Einstein deyirdi: "Dahi olmaq 1% istedad, 99% zəhmətdir". Bu gün də dəyişən bir şey yoxdur; çalışmadan uğur qazanmaq mümkün deyil".