RU

Müharibənin alovu Xəzərə çatdı – Azərbaycan üçün TƏHLÜKƏ

Xəzər dənizinin nisbi sakitliyi qlobal geosiyasi qarşıdurmanın yeni və ən təhlükəli poliqonuna çevrilmək üzrədir.

İsrail Hərbi Hava Qüvvələrinin İranın Xəzər sahilindəki strateji Bəndər-Ənzəli liman şəhərinə endirdiyi zərbələr və burada yerləşən raket gəmilərinin hədəf alınması müharibənin coğrafi hüdudlarının görünməmiş dərəcədə genişləndiyini göstərir. İndiyədək əsasən Yaxın Şərq və Fars körfəzi hövzəsində cərəyan edən İsrail-İran qarşıdurmasının ilk dəfə olaraq Xəzər sularına sıçraması regionun bütün sahilboyu dövlətləri, xüsusilə Azərbaycan üçün yeni təhlükəsizlik çağırışları formalaşdırır. Bəndər-Ənzəli limanında baş verən güclü partlayışlar təkcə hərbi itki deyil, həm də İsrailin kəşfiyyat və hava zərbəsi imkanlarının İranın ən şimal nöqtələrinə, yəni Xəzər hövzəsinə qədər çatdığının nümayişidir. Bu hadisə Xəzərin hüquqi statusu və dənizdə hərbi fəaliyyətlərin məhdudlaşdırılması ilə bağlı mövcud beynəlxalq razılaşmaları sınağa çəkir, bölgənin enerji və nəqliyyat dəhlizləri üçün ciddi risklər yaradır.

Qədir Aslan

Siyasi şərhçi Qədir Aslan məsələni NOCOMMENT.az-a şərh edərkən bildirib ki, İsrailin Xəzər dənizindəki İran gəmilərini vurması hərbi əməliyyatlar teatrının radikal şəkildə dəyişməsindən xəbər verir:

“Bu, artıq lokallaşdırılmış bir münaqişə deyil, birbaşa olaraq regional təhlükəsizlik arxitekturasına vurulan zərbədir. İsrailin İranın şimalındakı hərbi infrastrukturunu hədəf alması o deməkdir ki, İranın heç bir bölgəsi, o cümlədən Xəzər sahili “təhlükəsiz zona” deyil.

Azərbaycan üçün bu vəziyyət son dərəcə həssasdır.

Birincisi, hərbi əməliyyatların bizim su sərhədlərimizə bu qədər yaxın məsafədə baş verməsi birbaşa təhlükəsizlik riskidir.

İkincisi, Xəzər dənizi Azərbaycanın əsas iqtisadi arteriyasıdır – burada nəhəng neft və qaz platformalarımız, ixrac kəmərlərimiz yerləşir. Müharibə alovunun bu sulara sıçraması enerji infrastrukturunun təhlükəsizliyi məsələsini gündəmə gətirir.

Üçüncüsü isə, İran daxilindəki gərginlik və kəşfiyyat zəifliyi rəsmi Tehranın aqressiv reaksiyasını tətikləyə bilər ki, bu da regiondakı qonşu dövlətlərin istəmədən də olsa, bu proseslərə cəlb olunması riskini yaradır.

O bildirib ki, İsrailin bu addımı İranın Xəzərdəki hərbi gücünü neytrallaşdırmaqla yanaşı, həm də Rusiyaya bir mesaj ola bilər: “Çünki Xəzər həm də Rusiya və İranın logistik və hərbi əməkdaşlıq etdiyi qapalı bir hövzədir”.

“Azərbaycan bu vəziyyətdə maksimum dərəcədə neytrallığını qorumalı və hava məkanının, su sərhədlərinin müdafiəsini gücləndirməlidir. Bu zərbə göstərdi ki, müasir müharibədə “uzaq region” anlayışı artıq yoxdur və Xəzər dənizi böyük güclərin hesablaşma meydanına çevrilə bilər”, – Qədir Aslan qeyd edib.

Tunar
NOCOMMENT.az

Избранный
47
nocomment.az

1Источники