RU

Sloveniya İsrail kəşfiyyat şirkətini seçkilərə müdaxilədə ittiham edir

Baş nazir Robert Qolob Avropa Komissiyasından araşdırma aparılmasını tələb edib...

Sloveniyanın baş naziri Robert Qolob İsrailə bağlı olduğu bildirilən “Black Cube” adlı özəl kəşfiyyat şirkətinin ölkədə seçki prosesinə müdaxilə etdiyi iddiaları ilə bağlı Avropa Komissiyasına müraciət edib.

Poliqon xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.

Qolob Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə ünvanladığı məktubda bildirib ki, xarici özəl şirkətin belə fəaliyyəti Avropa İttifaqı və üzv dövlətlər üçün açıq hibrid təhlükə yaradır.

“Belə müdaxilə ümumi dəyərlərimizə, prosedurlarımıza və siyasi proseslərimizə mənfi təsir göstərir və ya potensial təhlükə yaradır. Xüsusilə narahatedicidir ki, bu cür koordinasiyalı dezinformasiya və qeyri-qanuni fəaliyyət milli parlament seçkilərinə bir neçə gün qalmış yenidən baş verib”, deyə Qolob vurğulayıb.

Məlumata görə, Sloveniyada bazar günü keçiriləcək parlament seçkiləri ərəfəsində bu məsələ daha da aktuallaşıb. Seçkilərdə liberal mövqeli Robert Qolob sağ populist siyasətçi Yanez Yanşa ilə rəqabət aparır. Sorğulara əsasən, Yanşa hazırda cüzi üstünlüyə malikdir.

Sloveniya hakimiyyət orqanları bu həftə açıqlayıb ki, İsrail Müdafiə Ordusunun keçmiş əməkdaşları tərəfindən yaradılmış “Black Cube” şirkətinin dörd əməkdaşı ölkəyə səfər edib və burada “qanunsuz izləmə” və “telefon danışıqlarının dinlənilməsi” ilə məşğul olub.

Qolob məktubunda qeyd edib ki, “Black Cube” şirkəti son onillikdə Rumıniya və Macarıstan da daxil olmaqla bir sıra ölkələrdə oxşar əməliyyatlarda iştirak edib.

Ekspertlər hesab edirlər ki, bu cür iddialar təsdiqlənərsə, Avropa İttifaqı daxilində seçki təhlükəsizliyi ilə bağlı ciddi müzakirələrə səbəb ola bilər və xarici müdaxilələrə qarşı tədbirlərin sərtləşdirilməsini gündəmə gətirə bilər.

Poliqon.info

Избранный
15
poliqon.info

1Источники