Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə “Roblox” qlobal platforması arasında onlayn görüş keçirilib.
Hafta.az xəbər verir ki, bu barədə Dövlət Komitəsinin məlumatında bildirilib. Qeyd edilib ki, görüşdə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanda uşaq hüquqlarının qorunması və təhlükəsiz mühitdə inkişafının təmin olunmasının dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. O, Rəqəmsal mühitin sürətli inkişafının bu mühitdə uşaqların qorunmasını aktuallaşdırdığını və aparılan təhlillərə əsasən bəzi platformalarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqinin vacibliyini qeyd edib. Eyni zamanda, bu kontekstdə əsas risk istiqamətləri kimi azyaşlıların naməlum şəxslərlə ünsiyyətə cəlb olunması, bullinq və kiberbullinqə məruz qalması, manipulyasiya yolu ilə nəzarətsiz mühitlərə yönləndirmə hallarını diqqətə çatdırıb. Platforma tərəfindən risklərin azaldılması istiqamətində müəyyən addımların atıldığına diqqət çəkən B.Muradova bu yanaşmanı əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından müsbət hal kimi qiymətləndirib.
“Roblox” nümayəndələri platformanın fəaliyyəti haqqında təqdimatla çıxış edərək, platformanın təhsil və tədrisyönümlü qlobal imkanlarını, eyni zamanda, istifadəçi təhlükəsizliyinin prioritet olduğunu vurğulayıblar. Yaş yoxlama sistemləri, valideyn nəzarəti alətləri və moderasiya mexanizmləri barədə məlumat veriblər. Bildirilib ki, hazırda platformada azyaşlıların qorunması, uyğun olmayan məzmunun qarşısının alınması və təhlükəsiz rəqəmsal mühitin formalaşdırılması istiqamətində tədbirlər həyata keçirilir.
Lakin bütün bu tədbirlərlə yanaşı, getdikcə daha çox müşahidə olunan risklərin də mövcudluğunun uşaqların rəqəmsal mühitdə müdafiəsinin gücləndirilməsi, valideyn nəzarət mexanizmləri, eləcə də beynəlxalq təcrübə və dövlətlərlə qlobal platformalar arasında əməkdaşlığın da artırılmasının əhəmiyyəti vurğulanıb.
Dövlət Komitəsi tərəfindən “Roblox”un uşaqlar üçün potensial öyrənmə və əyləncə mühiti olmaqdan çıxaraq, ciddi sosial problemlərin mənbəyinə çevrilə biləcəyi, oyunlarda uşaqların təhlükəsizliyi baxımından hüquqa və ailə dəyərlərinə zidd məzmunların mövcudluğu ilə bağlı narahatlıq ifadə edilib, xüsusilə 16 yaşadək uşaqların təhlükəsizliyinin təmin olunması üçün müdafiə mexanizmlərinin gücləndirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunan məsələlərin aradan qaldırılmadığı təqdirdə platformanın fəaliyyətinin Azərbaycanda məhdudlaşdırılacağı diqqətə çatdırılıb.
“Roblox” nümayəndələri qeyd edilən məsələlərə münasibət bildirərkən, səsləndirilən iradları qəbul etdiklərini və yaxın zamanda risklərin aradan qaldırılması istiqamətində əməli tədbirlərin görüləcəyini, ilkin nəticələrin artıq aprel ayından müşahidə ediləcəyini bildiriblər. Platformanın Azərbaycanla əməkdaşlıqda maraqlı olduğu ifadə edilib.