ain.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu yaz Azərbaycanda iki bayramın ab-havası eyni anda hiss olunacaq. Belə ki, evlərdə həm Ramazan, həm də Novruz süfrələri qurulacaq. Bayram süfrələri hər il olduğu kimi, bu ildə bir-birindən zəngin təamlarla bəzənəcək. 30 gün ərzində oruca uyğunlaşmış orqanizm isə birdən-birə zəngin kalorili yemək və şirniyyatlarla yüklənəcək.
Ramazan ayından sonra ağır yeməklərin, şirniyyatların və yüksək kalorili qidaların həddindən artıq qəbulu həzm sisteminə əlavə yük yarada, eyni zamanda ümumi sağlamlıq üçün müəyyən risklər yarada bilər.
Maraqlıdır, orucluqdan Novruz süfrəsinə keçid dövründə düzgün qidalanma necə olmalıdır?
Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, iftar zamanı uzun müddət ac qalan orqanizmi birdən-birə ağır qidalarla yükləmək sağlamlıq problemlərinə səbəb ola bilər.
“Buna görə iftara yarım stəkan ilıq su və vitamin-mineral baxımından zəngin olan bir ədəd xurma ilə başlamaq daha məqsədəuyğundur. Bir qədər fasilə verdikdən sonra mövsümə uyğun, tez həzm olunan, az yağlı şorba qəbul etmək, daha sonra isə digər yeməklərə keçmək tövsiyə olunur. Yeməklər arasında təxminən 10 dəqiqə fasilə vermək qidanın daha yaxşı həzm olunmasına kömək edir.
Əsas yeməklər zamanı az yağlı, qızardılmamış, xüsusilə manqalda və ya buxarda bişmiş ət məhsullarına üstünlük verilməlidir. Qida rasionunda paxlalılar, taxıl bitkiləri və lifli qidaların yer alması da vacibdir. Mövsümi tərəvəzlərdən hazırlanmış salatlar həzmi asanlaşdırır. Əvəzində, çox qızardılmış, bir neçə növ ətdən hazırlanmış ağır və qarışıq yeməklərdən uzaq durmaq lazımdır. Belə qidalar mədədə ağırlıq, köp və şişkinlik yarada bilər”.
Mütəxəssisin fikrincə, maye qəbulu da düzgün tənzimlənməlidir:
“Su, ayran və az şirin kompot daha uyğun seçimlərdir. Şəkərli və qazlı içkilər isə həm həzm problemlərinə, həm də qarın boşluğunda ağırlıq və ağrı hissinə səbəb ola bilər. Şirniyyat qəbul ediləcəksə, daha çox südlü desertlərə üstünlük verilməli, ənənəvi şirniyyatlar isə az miqdarda və yeməkdən 45-50 dəqiqə sonra yeyilməlidir.
Qidaların yaxşı həzm olunması üçün onların yaxşı çeynənməsi də vacibdir. Həzm prosesi ağızda başladığı üçün yeməklərin tələsik və yaxşı çeynənmədən udulması mədədə ağrı və həzm pozğunluğu yarada bilər”.

M.Hüseynova onu da əlavə edib ki, Ramazandan dərhal sonra Novruz bayramının başlaması da qidalanma rejiminin pozulmasına səbəb ola bilər:
“Xüsusilə xroniki xəstəliyi olanlar, azyaşlılar və yaşlı insanlar bu dövrdə daha diqqətli olmalıdırlar. Bir ay oruc tutduqdan sonra mədənin həcmi kiçildiyi üçün orqanizm daha az qida qəbuluna uyğunlaşır. Lakin bayram süfrələrinin zənginliyi insanları həddindən artıq yeməyə sövq edə bilər. Halbuki bayram günlərində də orqanizmin ehtiyacı qədər kalori qəbul edilməlidir”.
Mütəxəssis eyni zamanda Novruz zamanı yol verilən əsas səhvlərdən birinin səhər yeməyini birbaşa şirniyyat və çayla əvəz etmək olmasına da diqqət çəkib:
“Bu cür qidalanma qanda şəkərin sürətlə artıb-azalmasına, nəticədə isə daha tez acmağa və artıq qida qəbuluna səbəb olur. Buna görə səhər yeməyində yumurta, pendir, kəsmik, xama kimi süd məhsulları, eləcə də tərəvəzli salatlar kimi lifli qidalardan istifadə olunmalıdır. Bu qidalar müddət tox saxlayan qidalar olmaqla yanaşı, eləcə də daha sağlam seçim sayılır.
Novruz şirniyyatlarını günün birinci yarısında, yeməkdən sonra 1-2 ədəd qəbul etmək daha faydalıdır. Axşam saatlarında şirniyyat yemək isə həm həzmə mənfi təsir edir, həm də hərəkətsiz dövrə təsadüf etdiyi üçün artıq çəki və piylənmə riskini artırır”.
O həmçinin vurğulayıb ki, bayram günlərində qidaların təzə hazırlanmasına diqqət yetirilməlidir:
“Bir neçə günlük saxlanılan yeməkləri qəbul etməkdənsə, hər gün yeni bişirilmiş qidalardan istifadə daha məqsədəuyğundur. Su qəbulu da unudulmamalıdır. Hər kiloqram bədən çəkisinə təxminən 30 millilitr maye hesablanaraq gündəlik norma müəyyənləşdirilə bilər. Kifayət qədər maye qəbul edilmədikdə isə yorğunluq, baş ağrısı, halsızlıq, görmədə müvəqqəti pozuntu və narahatlıq kimi hallar yarana bilər”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.