RU

Tramp İranı dünyanın ən böyük qaz yatağını partlatmaqla hədələdi

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Tehran Qətərin obyektlərinə hücumlarını davam etdirərsə, Vaşinqton İranın "Cənubi Pars" qaz yatağını kütləvi şəkildə partlada bilər. 

HİT.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazır.

Hədələr İsrailin "Cənubi Pars"a endirdiyi zərbələrdən sonra vəziyyətin kəskinləşməsi fonunda səsləndirilib. Buna cavab olaraq İran regiondakı enerji infrastrukturuna, o cümlədən Qətərdəki mayeləşdirilmiş qaz obyektlərinə hücum edib.

Tramp bildirib ki, ABŞ İsrailin hücumu barədə heç nə bilməyib. Lakin vurğulayıb ki, İran zərbələri davam etdirsə, cavab görünməmiş olacaq: "ABŞ İranın heç vaxt görmədiyi güclə "Cənubi Pars" qaz yatağını kütləvi şəkildə partladacaq".

Gərginlik artıq qlobal bazarlara təsir göstərib: Brent markalı neftin qiyməti bir barel üçün 114 dollara yüksəlib, qaz isə 20%-dən çox bahalaşıb. Regiondakı əsas enerji obyektləri, o cümlədən Qətərdəki ən böyük LNG mərkəzi zərbə altına düşüb.

Həmçinin hücumlar səbəbindən BƏƏ-də bəzi infrastruktur obyektlərinin fəaliyyətinin dayandırıldığı bildirilir. Dünyada enerji daşıyıcılarının böyük hissəsinin daşındığı Hörmüz boğazı isə faktiki olaraq bloklanmış vəziyyətdə qalır.

Beynəlxalq liderlər tərəfləri təmkinli olmağa çağırır. Fransa prezidenti Emmanuel Makron enerji infrastrukturuna zərbələrə moratorium tətbiq edilməsinin tərəfdarı olduğunu bildirib və bunun qlobal enerji təhlükəsizliyi üçün risk yaratdığını vurğulayıb.

Eyni zamanda, Səudiyyə Ərəbistanı da daxil olmaqla Fars körfəzi ölkələri İranın addımlarına hərbi cavab ehtimalını istisna etmirlər.

Samir
 

Избранный
5
hit.az

1Источники