RU

Baş Prokurorluğun əməkdaşları Qlobal Sammitdə - FOTOLAR

Martın 16-17-si Avstriya Respublikasının Vyana şəhərində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və İNTERPOL-un birgə təşkilatçılığı ilə Qlobal Dələduzluq Sammiti keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

İlk dəfə keçirilən Qlobal Dələduzluq Sammiti dələduzluqla mübarizə sahəsində keçirilən ən geniş beynəlxalq platformalardan biri olmuş, tədbir dövlət qurumları, hüquq-mühafizə orqanları, beynəlxalq təşkilatlar, maliyyə institutları, texnologiya şirkətləri və vətəndaş cəmiyyəti nümayəndələri daxil olmaqla 100-dən artıq yurisdiksiyanı təmsil edən şəxsləri bir araya gətirib.

Sammitdə Azərbaycan Respublikasının Baş Prokurorluğunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəis müavini Vüqar Məmmədzadə və Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Orxan Şirinli təmsil edib.

İki gün davam edən müzakirələr zamanı mürəkkəb və transmilli maliyyə cinayətləri və geniş dələduzluq sxemləri, kiberdələduzluq, təşkilatlanmış “scam centre” şəbəkələri, cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması, maliyyə axınlarının gizlədilməsi, bu tip vəsaitlərin izlənilməsi və dondurulması, eləcə də qanunsuz əldə edilən vəsaitlərin kriptovalyuta bazarlarına axımı sahəsində müzakirələr aparılmış, həmin cinayətlərin yaratdığı ciddi təhdidlər qeyd edilib.

Sammitdə, həmçinin, süni intellekt alətləri, deepfake texnologiyaları, səs və görüntünün saxtalaşdırılması, sosial mühəndislik üsulları və rəqəmsal platformalardan sui-istifadə halları nəticəsində dələduzluğun daha mürəkkəb və təhlükəli xarakter alması xüsusi vurğulanmış, həmin hallarla mübarizədə istifadə edilən metodlar barədə məlumat verilib.

Bununla yanaşı, sammitdə transmilli maliyyə cinayətlərinin araşdırılmasında və təşkilatlanmış cinayətkar şəbəkələrlə mübarizədə beynəlxalq əməkdaşlığın rolu qeyd edilmiş, həmin şəbəkələrə qarşı birgə aparılan əməliyyatların müsbət nəticələri barədə məlumat verilib və yeni, eləcə də yayılmaqda olan bu tip cinayətlərin təkbaşına öhdəsindən gəlinməsinin mümkünsüzlüyü vurğulayıb.

Xüsusilə, milli anti-scam mərkəzlərinin yaradılması, qarşılıqlı hüquqi yardımın operativ şəkildə həyata keçirilməsi, rəqəmsal sübutların toplanması və real vaxt rejimində məlumat mübadiləsinin aparılması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin zəruriliyi qeyd edilib.

"Cebheinfo.az"

Избранный
1
5
cebheinfo.az

6Источники