Voleybol üzrə Azərbaycan Yüksək Liqasında 18-ci turunda qadınlardan ibarət “DH Volley” komandası “Milli Aviasiya Akademiyası”nı 3:1 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, bununla da sözügedən komanda pley-off mərhələsinə vəsiqə qazanıb.
Yeni yaradılmış “DH Volley” ilk oyunlarından etibarən ardıcıl yüksək nəticələr göstərərək özünü güclü rəqib kimi təsdiqləyib. “DH Volley” qısa zaman ərzində formalaşmasına baxmayaraq, komanda ruhu və mübarizə əzmi nümayiş etdirib. Bu faktorlar komandanın mövsüm boyu uğurla irəliləməsinə və növbəti mərhələyə yüksəlməsinə şərait yaradıb.
Komanda rəhbərliyi bu nəticəni böyük bir başlanğıc kimi qiymətləndirərək əsas məqsədin komandanın potensialını daha da artırmaq və pley-off mərhələsində maksimum nəticə əldə etmək olduğunu vurğulayıb.
Hədəfi yerli və beynəlxalq arenalarda uğurlu çıxışlarla Azərbaycan voleybolunu təmsil etmək olan klub “Azərlotereya”nın sponsorluğu ilə yaradılıb. “Azərlotereya” gənclərin idmana və sağlam həyat tərzinə təşviqi, idman klublarının dəstəklənməsi, eləcə də müxtəlif idman növlərinin inkişafı istiqamətində bir sıra təşəbbüsləri dəstəkləyir. Bu çərçivədə şirkət ölkə voleyboluna da böyük töhfə verir.
“DH Volley”in bu uğuru yeni yaradılmış bir komanda olaraq gələcək üçün böyük perspektivlər vəd edir. Komanda növbəti oyunlarda da eyni əzmkarlıq və motivasiya ilə çıxış etməyi hədəfləyir.