Cəmiyyətdə iqtisadi sabitliyin sütunu hesab olunan orta təbəqə kütləvi ixtisarlar və artan işsizlik fonunda ciddi zəifləmə təhlükəsi ilə üzləşib. İş yerlərinin məhdudlaşması insanların gəlir səviyyəsini aşağı salmaqla yanaşı sosial bərabərsizliyi də dərinləşdirir. Uzunmüddətli ixtisar dalğası xüsusilə orta gəlirli ailələrin maddi rifahına sarsıdıcı zərbə vurur.
KONKRET.az xəbər verir ki, məsələnin görünməyən tərəflərinə aydınlıq gətirən iqtisadçı ekspert Razi Abasbəyli Demokrat.az-a bildirib ki, idarəetmədə islahat adı ilə aparılan ixtisarlar əsasən aşağı təbəqəni hədəf alır.

“Əsasən aşağı təbəqə, yəni minimum əməkhaqqı alanların ixtisarı həyata keçirilir. Daha çox az gəlirli və sabit maaşla çalışan büdcə təşkilatı işçiləri ixtisara düşür. Bu isə aşağı təbəqənin sayının daha da artmasına səbəb olur. Bütövlükdə ixtisarların davam etməsi və iş yerlərinin azalması iqtisadiyyatda, xüsusilə də böhranlı vəziyyət kimi qiymətləndirilir. Çünki orta təbəqənin formalaşması üçün rəqabətli və azad biznes mühiti vacibdir. Azərbaycanda iri biznes subyektləri sərbəst investisiyalar hesabına formalaşmır. Onlar çox az sayda, iri investorlar tərəfindən yaradılır. İqtisadiyyatda əsas paya sahib olan bu iri investorlar isə əksər hallarda fərqli mövqe tutur. Orta təbəqənin zəifləməsinə səbəb olan əsas amillərdən biri məhz inhisarçılıqdır. İqtisadiyyatda və ticarətdə sağlam rəqabət mühiti olmadıqda, rəqabət imkanları məhdudlaşır və nəticədə orta təbəqə, orta sahibkarlıq və orta biznes subyektləri sıradan çıxır”
Sağlam rəqabət mühitinin olmadığı bir şəraitdə cəmiyyət iki kəskin qütbə bölünür. Bir tərəfdə yüksək gəlirli azlıq, digər tərəfdə isə aşağı gəlirli kütlə formalaşır. Bu iki qrup arasındakı dərin iqtisadi uçurum sosial gərginliyi artırır. İxtisarlar aşağı təbəqəni daha da genişləndirdiyi halda orta təbəqənin yaşamaq uğrunda mübarizəsi çətinləşir.
“Buna yüksək gəlirli və aşağı gəlirli əhali qrupları aiddir. Bu iki qrup arasında isə ciddi sosial-iqtisadi uçurum yaranır ki, bu da arzuolunmaz nəticələrə gətirib çıxarır. İxtisarların aparılması daha çox aşağı təbəqənin genişlənməsinə, az gəlirli insanların sayının artmasına və işsizliyin yüksəlməsinə səbəb olur. Orta təbəqənin formalaşması və güclənməsi üçün isə özəl sektorda sağlam rəqabət mühiti yaradılmalıdır. Hazırda Azərbaycandakı iqtisadi münasibətlərə nəzər saldıqda görünür ki, orta təbəqə mövcud olsa da, çətin şəraitdə fəaliyyət göstərir. Bunun səbəbləri müxtəlifdir. Nəticədə bəzi amillər orta təbəqənin və orta sahibkarlığın ümumi iqtisadiyyatda payının getdikcə azalmasına gətirib çıxarır”.