RU

Effektiv idarəçilik və sosial ədalət paradiqması

ain.az bildirir, Reyting.az portalına istinadən.

Elçin MİRZƏBƏYLİ

Müasir dövrdə dövlət idarəçiliyinin effektivliyi, sadəcə hüquqi-normativ bazanın mövcudluğu ilə deyil, idarəetmə sisteminin hansı nəzəri və institusional prinsiplər üzərində qurulması ilə müəyyən olunur. Klassik bürokratik modeldən başlayaraq menecment yanaşmalarına və müasir idarəçilik konsepsiyalarına qədər inkişaf edən dövlət idarəetmə nəzəriyyələri bir həqiqəti təsdiqləyir: dövlət aparatının dayanıqlılığı və səmərəliliyi birbaşa insan kapitalının keyfiyyətindən və onun idarəolunma mexanizmlərindən asılıdır!

Bu kontekstdə dövlət qulluqçusunun sosial-iqtisadi təminatı sadəcə sosial siyasət məsələsi deyil, dövlətin strateji idarəetmə aləti kimi çıxış edir. Müasir idarəetmə nəzəriyyələrində, xüsusilə də “Yeni dövlət menecmenti”, “Neo-veberian dövlət modeli” və digər modern idarəçilik konsepsiyalarında əməkhaqqı siyasəti peşəkar kadr potensialının formalaşdırılması, motivasiya mühitinin gücləndirilməsi və institusional dayanıqlılığın təmin olunmasının əsas mexanizmlərindən biri kimi qiymətləndirilir.

Təsadüfi deyil ki, inkişaf etmiş ölkələrdə dövlət qulluğunda əməkhaqqı sisteminin sadələşdirilməsi, vahid və şəffaf model əsasında qurulması idarəetmə islahatlarının mərkəzi istiqamətlərindən birinə çevrilib.

Dövlət qulluğunda əməkhaqqı sisteminin modernləşdirilməsi və vahid, sabit, proqnozlaşdırılan modelə keçirilməsi müasir dövlət idarəçiliyinin əsas struktur komponentlərindən biridir. Bu istiqamətdə qəbul edilən yeni qanunvericilik aktları bütövlükdə dövlət idarəçiliyinin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş konseptual, sistemli və ardıcıl institusional islahatların tərkib hissəsi kimi qəbul olunmalıdır.

Müasir dövrdə dövlət idarəçiliyinin effektivliyi, hüquqi-normativ bazanın davamlı olaraq təkmilləşdirilməsi ilə yanaşı idarəçilik sisteminin insan kapitalı üzərində qurulması ilə müəyyən olunur. Dövlət qulluqçusu isə bu sistemin əsas daşıyıcısıdır. Bu baxımdan, dövlət idarəçiliyində əməkhaqqı siyasəti, sosial təminat mexanizmindən daha çox dövlətin strateji idarəetmə aləti funksiyasını yerinə yetirir.

Yeni yanaşmalnın mahiyyəti ondan ibarətdir ki, dövlət qulluğunda əməkhaqqı sistemi vahid struktur əsasında formalaşdırılır, müxtəlif və bəzən subyektiv amillərdən qaynaqlanan əlavələr aradan qaldırılaraq vəzifə maaşının tərkibinə inteqrasiya olunur. Bu yanaşma əməkhaqqının daha aydın, sabit və ölçülə bilən xarakter almasına zəmin yaradır. Nəticədə isə dövlət qulluqçuları üçün həm maddi təminat, həm də karyera planlaşdırması baxımından daha proqnozlaşdırılan mühit formalaşdırılır.

Qeyd edim ki, əvvəlki dövrlərdə əməkhaqqının əhəmiyyətli hissəsinin müxtəlif əlavələr hesabına formalaşması bir çox hallarda disproporsiyalara səbəb olur, eyni vəzifə kateqoriyalarında çalışan şəxslər arasında fərqli gəlir səviyyələri müşahidə edilirdi. Bu isə həm sosial ədalət prinsipini zəiflədirdi, həm də daxili motivasiya mühitinə mənfi təsir göstərirdi.

Dövlətimizin başçısının imzaladığı yeni qanunvericilik aktları bu problemi aradan qaldıraraq əməkhaqqı komponentlərini şəffaflaşdırır və standartlaşdırır. Vahid strukturun tətbiqi, ilk növbədə əməkhaqqı fərqlərinin obyektiv əsaslarla müəyyən edilməsini təmin edir, qeyri-rəsmi və subyektiv yanaşmaların qarşısını alır, dövlət qulluğunda hər kəs üçün bərabər imkanlar prinsipini daha da gücləndirir.

Bu isə öz növbəsində ictimai etimadın daha da möhkəmlənməsinə xidmət edir.

Bununla yanaşı, unutmaq lazım deyil ki, müasir dövrdə əmək bazarında dövlət və özəl sektor arasında ciddi rəqabət var. Özəl sektorun daha yüksək əməkhaqqı və sosial təminat imkanları təqdim etdiyi şəraitdə dövlət qulluğunun cəlbediciliyinin qorunması üçün rəqabətqabiliyyətli əməkhaqqı siyasəti həyati əhəmiyyət daşıyır.

Yeni yanaşma, bu baxımdan iki mühüm funksiyanı yerinə yetirir, dövlət sektorunun əmək bazarında mövqeyini gücləndirir, peşəkar və ixtisaslı kadrların dövlət xidmətinə cəlb olunmasını stimullaşdırır.

Beləliklə, sabit əməkhaqqı sistemi, ilk növbədə kadr axınının qarşısının alınmasına, dövlət sektorunun özəl sektor qarşısında rəqabətqabiliyyətli olmasına zəmin yaradır, institusional yaddaşı qoruyur.

Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Sabit və proqnozlaşdırılan əməkhaqqı sistemi fərdlərin sosial təhlükəsizlik hissini artırır, uzunmüddətli maliyyə planlaşdırmasını mümkün edir, dövlət aparatında institusional sabitliyi təmin edir.

Bu isə nəticə etibarilə dövlət idarəçiliyinin dayanıqlığını gücləndirir.

Qeyd edim ki, korrupsiya ilə mübarizə yalnız hüquqi və inzibati tədbirlərlə məhdudlaşmır. Bu sahədə iqtisadi stimullaşdırma mexanizmlərinin düzgün qurulması da mühüm rol oynayır. Dövlət qulluqçularının aşağı və qeyri-sabit gəlirə malik olduğu mühitdə qeyri-rəsmi gəlir əldə etmək meylləri artır.

Yeni əməkhaqqı modeli bu baxımdan həm də önləyici mexanizm kimi çıxış edir. Dövlət qulluqçularının rifahının yüksəldilməsi isə, təcrübədə sınanmış bir mexanizm olaraq, qeyri-rəsmi gəlir axtarışının iqtisadi əhəmiyyətini azaldır, etik davranış standartlarını gücləndirir və institusional şəffaflığı artırır.

Beynəlxalq təcrübə göstərir ki, dövlət qulluqçularının əməkhaqqı siyasəti ilə korrupsiya səviyyəsi və idarəetmə keyfiyyəti arasında birbaşa əlaqə mövcuddur.

Bu baxımdan ən uğurlu nümunələrdən biri Sinqapur modelidir. Bu ölkədə 1970–1990-cı illərdə həyata keçirilmiş islahatlar çərçivəsində dövlət qulluqçularının əməkhaqları mərhələli şəkildə artırılaraq özəl sektorla müqayisə edilə bilən səviyyəyə çatdırılıb. Nəticədə isə dövlət qulluğu iqtisadi baxımdan cəlbedici sahəyə çevrilib, korrupsiya səviyyəsi kəskin şəkildə azalıb və bunun nətcəsində Sinqapur uzun illərdir ki, beynəlxalq indekslərdə ön sıralarda yer almaqdadır.

Eyni tendensiya Estoniya, Latviya, Sloveniya və Gürcüstan kimi ölkələrin təcrübəsində də müşahidə olunur. Bu ölkələrdə əməkhaqqı sisteminin modernləşdirilməsi dövlət xidmətinə peşəkar kadrların cəlbini artırıb, idarəetmə səmərəliliyini yüksəldib, korrupsiya risklərini azaldıb. Artıq dost və qardaş ölkələr olan Özbəkistan və Qazaxıstan da bu istiqamətdə zəruri islahatlar həyata keçirir.

Avropa Komissiyası tərəfindən aparılan təhlillər də göstərir ki, bir çox Avropa ölkələrində əməkhaqqı sistemləri məhz mürəkkəb strukturların sadələşdirilməsi, vahid təsnifat modelinin tətbiqi, idarəetmə effektivliyinin artırılması məqsədilə yenidən qurulub.

Qeyd edim ki, müasir dövlət idarəçiliyində korrupsiya ilə mübarizə yalnız hüquqi mexanizmlərin sərtləşdirilməsi ilə məhdudlaşmır. Son illərdə Avropada və Asiyanın inkişaf etmiş ölkələrində formalaşan bu yanaşma göstərir ki, mübarizənin əsas dayaqlarından biri də dövlət qulluqçularının sosial rifahı, xüsusilə isə əməkhaqqı sisteminin ədalətli və şəffaf təşkili ilə bağlıdır. Bu xüsusda əməkhaqqı islahatları, artıq sosial siyasət elementi deyil, milli təhlükəsizlik və institusional dayanıqlılıq məsələsi kimi qiymətləndirilir.

Avropa İttifaqında, xüsusilə də bərpa və dayanıqlılıq mexanizmləri çərçivəsində həyata keçirilən islahatlar bir neçə əsas xətti əhatə edir. Əvvəllər rəhbərlərin şəxsi qərarları əsasında müəyyən edilən əlavə ödənişlər sistemi vahid və aydın maaş şkalaları ilə əvəz olunur. Bu mexanizm subyektiv yanaşma risklərini əhəmiyyətli dərəcədə azaldır.

Dövlət sektorunda maaşların özəl sektorla yaxınlaşdırılması dövlət qulluqçularının xarici təsir mənbələrindən asılılığını minimuma endirməyə xidmət edir.

Standartlaşdırılmış əmsallar əsasında qurulan vahid əməkhaqqı şkalası sistemi gizli ödənişləri qaldıraraq şəffaflığın təmin edilməsinə imkan yaradır.

Avropa Komissiyası tərəfindən aparılan təhlillər də göstərir ki, bir çox Avropa ölkələrində əməkhaqqı sistemləri məhz mürəkkəb strukturların sadələşdirilməsi, vahid təsnifat modelinin tətbiqi, idarəetmə effektivliyinin artırılması məqsədilə yenidən qurulub.

Bütövlükdə isə, dövlət qulluğunda əməkhaqqı sisteminin vahid, şəffaf, sabit və proqnozlaşdırılan model əsasında qurulması yalnız sosial siyasət addımı deyil, strateji idarəetmə qərarıdır.

Bu model dövlət aparatının peşəkarlığını və davamlılığını təmin edir, sosial ədalət və şəffaflığı gücləndirir, korrupsiya ilə mübarizədə effektiv iqtisadi alət kimi çıxış edir, dövlətin əmək bazarındakı rəqabət qabiliyyətini artırır, ictimai etimadı möhkəmləndirir.

Həmçinin, nəzərə almaq lazımdır ki, sabir və proqnozlaşdırılan əməkhaqqı sistemi dövlət büdcəsinin daha düzgün planlaşdırılmasına imkan verir, kəskin və gözlənilməz xərclərin qarşısını alır, makroiqtisadi sabitliyi qoruyur.

Bütün bu amillər fonunda Azərbaycan Respublikasında dövlət qulluğunda yeni əməkhaqqı modelinə keçid uzunmüddətli institusional inkişafın əsas istiqamətlərindən biri kimi qiymətləndirilməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
37
1
reyting.az

10Источники