ABŞ Maliyyə Nazirliyi İran neftinin alqı-satqısına bir ay müddətinə müvəqqəti olaraq icazə verib.
Bu barədə məlumatı ABŞ maliyyə naziri Skott Bessent sosial şəbəkə hesabında açıqlayıb.
Bildirilir ki, bu addım ABŞ və İsrailin İranla münaqişəsi səbəbindən Tehranın Hörmüz boğazında gəmiçiliyi blokada etməsi nəticəsində yüksələn enerji qiymətlərini aşağı salmaq üçün atılıb.
Nazirin sözlərinə görə, Çin hazırda sanksiyalı İran neftini aşağı qiymətlərlə alır. Bu tədbirlə Vaşinqton qlobal bazara təxminən 140 milyon barel neft çıxarmağı planlaşdırır ki, bu da qlobal enerji təchizatını artıracaq və İranın yaratdığı müvəqqəti təchizat təzyiqini azaltmağa kömək edəcək.
“Əslində, “Epik qəzəb” əməliyyatı davam etdiyi müddətdə qiymətləri aşağı saxlamaq üçün Tehrana qarşı İran barellərindən istifadə edəcəyik”, - Bessent əlavə edib.
Bu açıqlamaya cavab olaraq, İran Neft Nazirliyinin adı açıqlanmayan nümayəndəsi qeyd edib ki, ölkənin dənizdə və ya beynəlxalq bazarları təchiz etmək üçün ehtiyatları yoxdur. O, Vaşinqtonun elan etdiyi tədbirlərin sadəcə alıcılarda ümid yaratmaq məqsədi daşıdığını deyib.
Ekspertlərin fikrincə isə, Vaşinqton bununla Tehranın ABŞ ilə müharibəni davam etdirməkdən qazanc əldə etməsinə imkan verəcək.