RU

ABŞ və Rusiya arasında gizli anlaşma?

ABŞ və İsrailin İrana hücumları intensivləşdiyi bir zamanda Rusiyanın sakit mövqe sərgiləməsi və ciddi bir reaksiya verməməsi, daha doğrusu, Tehrana real dəstəkdən imtina bir çox qlobal siyasi analitik dairələrdə ciddi suallar yaradıb.

Bu məsələ ətrafında geniş müzakirələr aparılmaqdadır. Belə hesab olunur ki, Moskva bütün diqqətini Ukrayna ilə müharibəyə yönəltdiyindən İran hakimiyyətinə hərbi dəstək vermək imkanları məhduddur. Bəzi iddialara görə, İrana qarşı hücum əməliyyatları başlamazdan öncə Ağ Ev ilə Kreml arasında bir çox məsələlərdə anlaşma əldə olunub, yəni Vaşinqton Ukraynaya tam dəstəyi dayandırmaq, Moskva isə öz növbəsində İrana qarşı hücum əməliyyatlarına müdaxilə etməmək barədə öhdəlik götürüb. 

Eyni zamanda, Rusiya-İran münasibətləri ilə bağlı maraqlı fikirlər səsləndirilməkdədir. Pentaqonun keçmiş əməkdaşı, polkovnik Col Laurens Uilkerson öz sosial şəbəkə hesabında qeyd edib ki, Rusiya İrana dəstək olsa da, onun nüvə silahı əldə etməsinə maraqlı deyil. Onun sözlərinə görə, Moskva Yaxın Şərqdə İsrailin yeganə nüvə statuslu dövlət kimi qalmasını dəstəkləyir.

“Ruslar hazırda Yaxın Şərqdə hər hansısa müsəlman dövlətin başlıq əldə etməsini istəmir. Xüsusilə İranın başlıq əldə etməsi sonradan Türkiyə və Səudiyyə Ərəbistanı da buna məcbur edə bilər. Rusiya hesab edir ki, nüvə silahlı Türkiyənin postsovet məkanında, ən əsası Orta Asiya və Qafqazda daha fəal siyasət yürütməsinə səbəb ola bilər", – deyə o vurğulayıb.

Amerikalı polkovnik, həmçinin əlavə edib ki, Rusiya İranın ekspansionist siyasətinə də qarşıdır:

“Buna görə də Rusiya İranın ayaqda qalmasına maraqlıdır, amma onun mütləq qalib gəlməsinə və nüvə silahı əldə etməsinə maraqlı deyil. Əks halda Rusiya çoxdan İrana İR5 və İR6 sentrifuqalarını verməklə onun başlıq əldə etməsini sürətləndirə bilərdi. Mənbələr qeyd edir ki, ruslar hətta Şimali Koreyanın belə İran yardım etməsinə mane olublar".

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cümhuriyət” qəzetinə şərhində qeyd edib ki, Rusiyanın İranla bağlı siyasəti zahirdə müttəfiqlik təsiri bağışlasa da, mahiyyət etibarilə daha çox praqmatik və balanslaşdırılmış xarakter daşıyır:


“Moskva Tehranı Qərbə qarşı mühüm tərəfdaş kimi görsə də, onun həddindən artıq güclənməsində də maraqlı deyil. Xüsusilə İranın nüvə silahı əldə etməsi perspektivi Rusiyada ciddi strateji narahatlıq doğurur.

İndiki mərhələdə Rusiyanın İran ətrafında baş verən proseslərə nisbətən səssiz yanaşmasının əsas səbəblərindən biri isə prioritetlərin dəyişməsi ilə bağlıdır. Ukrayna müharibəsi Moskvanın siyasi, hərbi və iqtisadi resurslarını böyük ölçüdə cəmləşdirdiyi əsas istiqamətə çevrilib. Bu şəraitdə Kremlin Yaxın Şərqdə yeni eskalasiya ocağı yaratmaqda maraqlı olmaması və İrana hərbi dəstək verməməsi anlaşılandır. Digər tərəfdən, Rusiya İsrail ilə münasibətlərini də pozmaq istəmir". 

R. Bayramov deyib ki, Moskva üçün ideal olan İranın nə zəifləməsi, nə də həddindən artıq güclənməsidir: 

“Yəni Rusiya daha çox “idarəolunan İran” modelinə üstünlük verir. Bu yanaşma ona regionda təsir rıçaqlarını qorumağa imkan verir. Güclü və müstəqil qərarlar verən İran isə Rusiyanın təsir imkanlarını məhdudlaşdıra bilər. İranın nüvə silahı əldə etməsi ehtimalı isə Rusiyanı bir neçə istiqamətdə narahat edir. İlk növbədə, bu, regionda domino effekti yarada bilər.

Türkiyə və Səudiyyə Ərəbistanı kimi ölkələrin də nüvə silahına yönəlməsi ehtimalı artır. Belə bir ssenari Rusiyanın cənub sərhədləri boyunca yeni təhlükəsizlik riskləri formalaşdırar. Xüsusilə Türkiyənin nüvə dövlətə çevrilməsi Moskva üçün əlavə geosiyasi çağırış deməkdir. Bu, Ankaranın Cənubi Qafqaz və Orta Asiya üzərində təsirini artıraraq Rusiyanın ənənəvi nüfuz zonasını daha da zəiflədə bilər”. 

Ekspert, həmçinin vurğulayıb ki, Moskva Tehranı özünün rəqibi kimi görmək istəmir:

“Digər mühüm faktor enerji rəqabətidir. İran böyük enerji ehtiyatlarına malikdir və sanksiyaların aradan qalxacağı halda beynəlxalq bazarlara aktiv şəkildə qayıda bilər. Bu isə Rusiyanın enerji dominantlığına ciddi alternativ yaradar. Bundan əlavə, İranın regionda təsirinin artması Moskva ilə Tehran arasında rəqabət elementlərini gücləndirə bilər”. 

ABŞ və Rusiya arasında İran məsələsində gizli anlaşmanın olub-olmaması məsələsinə gəlincə, R. Bayramov bildirib ki, bu məsələdə hər iki tərəfin maraqları qismən üst-üstə düşür:

“ABŞ da, Rusiya da İranın nüvə silahı əldə etməsində maraqlı deyil və regionda nəzarətsiz eskalasiyadan çəkinir. Lakin bu, tammiqyaslı razılaşma deyil, daha çox paralel strateji maraqların mövcudluğudur. Odur ki, Rusiya üçün İran nə tam müttəfiq, nə də açıq rəqibdir desək daha düzgün olar. Moskva üçün Tehran daha çox situativ tərəfdaşdır”.

Избранный
78
1
cebheinfo.az

2Источники