BAKI, 23 mart. TELEQRAF
ABŞ-də Daxili Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin dayandırılması ciddi maliyyə itkilərinə səbəb olub.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin “X” sosial şəbəkəsində yaydığı açıqlamada qeyd edilib.
Məlumata görə, nazirliyin fəaliyyətsizliyi ölkəyə artıq 2,5 milyard dollar zərər vurub. Bildirilib ki, ABŞ Nəqliyyat Təhlükəsizliyi İdarəsinin 400-dən çox əməkdaşı işdən çıxarılıb və hava limanlarında xaotik vəziyyət yaranıb.
Ağ Ev baş verənlərə görə Demokratlar Partiyasını ittiham edib və Konqresdəki siyasi rəqiblərini nazirliyin maliyyələşdirilməsini dərhal dəstəkləməyə çağırıb.
ABŞ Prezidenti Donald Tramp isə bildirib ki, martın 23-dən etibarən hava limanlarında təhlükəsizliyin təmin olunmasına ABŞ-nin İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətinin əməkdaşları cəlb ediləcək.
Qeyd edək ki, Daxili Təhlükəsizlik Nazirliyi fevralın 14-də maliyyə çatışmazlığı səbəbindən fəaliyyətini qismən dayandırıb. Demokratlar isə Minneapolis şəhərində qeyri-qanuni miqrantlara qarşı əməliyyat zamanı iki ABŞ vətəndaşının öldürülməsindən sonra nazirliyin büdcəsinə yenidən baxılmasını tələb edirlər.