RU

Özəlləşdirmə çekləri: hüquqşünaslardan qanuni əsaslandırma

Ayna saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Proses ciddi qanun pozuntuları ilə müşayiət olunub, çek sahiblərinin hüquqları tapdanıb, pozuntular təcili aradan qaldırılmalıdır”

Məlum olduğu kimi, SSRİ-nin dağılması ilə Azərbaycan sosialist rejimindən çıxaraq müstəqilliyini əldə etdi. Nəticədə Azərbaycan Respublikasında olan nəhəng dövlət əmlakının (mülkiyyətinin) onun həqiqi sahibi olan vətəndaşlara (xalqa) əvəzsiz qaydada verilməsi məsələsi gündəmə gəldi. Çünki SSRİ-dəki əmlak xalqın mülkiyyəti idi.

1990-cı illərin 1-ci yarısında dövlət əmlakının bir hissəsinin dövlət özəlləşdirmə payları kimi vətəndaşların mülkiyyətinə verilməsi qərara alındı. Tarixi ədalətin təmin olunması üçün qanunlar qəbul edildi və bu qanunla dövlət əmlakının, dövlət özəlləşdirmə payları kimi xalqa verilməsi mexanizmi quruldu.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında özəlləşdirmə qanunvericiliyi digər postsovet ölkələrində baş vermiş hüquqi pozuntular nəzərə alınmaqla daha yüksək hüquqi təminatlarla qəbul edildi. Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi nəticəsində Azərbaycan qanunvericiliyi daha dəqiq və hüquqi baxımdan daha güclü şəkildə formalaşdırıldı və özəlləşdirmə haqqında qanunun özündə özəlləşdirmə paylarının (çeklərinin) dövlət əmlakının özəlləşdirilməsində ödəmə vasitəsi olduğu birbaşa təsbit edildi.

Belə olan halda, qanunla vətəndaşlara verilmiş hüququn sonradan qanundan aşağı hüquqi qüvvəyə malik olan normativ aktlarla, xüsusilə icra hakimiyyəti orqanlarının fərmanları ilə faktiki olaraq ləğv edilməsi hüquqi dövlət prinsipinə ziddir. Sonradan həmin qanunvericiliyin icra olunmaması və icrasının aşağı hüquqi qüvvəli aktlarla məhdudlaşdırılması Konstitusiyanın aliliyi prinsipinin pozulmasıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə əsasən, Konstitusiya ən yüksək hüquqi qüvvəyə malikdir və qanunlar digər normativ aktlardan üstündür. İcra hakimiyyəti orqanlarının aktları qanunlara zidd ola bilməz. Dövlət Özəlləşdirmə Payları və Dövlət Özəlləşdirmə Çekləri ilə bağlı hüquqi gözləntinin kompensasiya ödənilmədən aradan qaldırılması mülkiyyət hüququnun pozulması hesab olunur və Konstitusiyanın 29-cu maddəsinə ziddir. Nəticə olaraq, dövlət tərəfindən verilmiş mülkiyyət hüququnun qanundan aşağı hüquqi aktlarla faktiki olaraq aradan qaldırılması hüquqi dövlət prinsipinin, Konstitusiyanın aliliyinin və mülkiyyət hüququnun pozulmasıdır.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin xalqa vədinə və qanunun aliliyinə inanıb özəlləşdirmə çeklərini ümidlə saxlayan vətəndaşlar (686 iddaçı və 3500-dən çox 3-cü şəxs) 2024-2025-ci illərdə Bakı İnzibati Məhkəməsinə, sonradan Bakı Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə ərizə ilə müraciət edib. Lakin məhkəmələr qanunları və Konstitusiyanı pozaraq işi araşdırmaqdan imtina edib.

Gəlin QANUNla olan normalara baxaq:

İddia ərizəsinin predmetini mülkiyyət hüququnun pozuntusu təşkil edir və bu pozuntulara iddia müddəti şamil olunmur. Məhz Mülki Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri – iddia müddətinin şamil edilmədiyi tələblərdən biridir. Bu norma imperativ normadır.

Bundan başqa “İnzibati icraat haqqında” Qanunun 67.11-ci maddəsində deyilir ki, “maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır”.

Məhz həmin elan dərc olunandan sonra 1 illik kompensasiya tələb edilmə müddəti işləməyə başlayır. Lakin məlum olduğu kimi, bu barədə qanunla imperativ qaydada tələb edilən elan mətbuatda dərc olunmayıb. Hətta, 2017-ci ildə Qanunla özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılmasına cavabdeh dövlət orqanı olan AR Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən rəsmi olaraq bildirilib ki, 75 N-li Fərmanın 1.1 bəndinə uyğun olaraq 01.01.2011-ci ilə qədər özəlləşdirmədə ödəmə-tədiyyə vasitəsi kimi istifadə edilməyən çeklərin dövriyyədən çıxarılması qaydaları hazır olmadığı üçün gələcəkdə dövriyyədən çıxarılacaq. Və bu günə qədər bu barədə heç bir rəsmi ELAN olmayıb.

Başqa bir ifadə ilə 1 illik kompensasiya tələb edilmə müddəti işləməyə başlamadığı kimi, heç 1 illik müddət də bitməyib. Məhkəmələr tərəfindən iddiaçıların 10 və ya 1 illik iddia müddətini ötürdüklərinin qəbul edilməsi - məhkəmənin işi obyektiv və hərtərəfli araşdırmadığını, qanuni və əsaslı məhkəmə qərarı qəbul etmədiyini, ədalətli məhkəmə araşdırması hüququnun və qanunla qorunan mülkiyyət hüququnun pozulduğunu təsdiq edir.

Məhz Ali Məhkəmənin qərarının 51-ci bəndində açıq aydın yazılır ki, “Dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyədən çıxarılması” Qaydalarının hüquqi normativ akt ilə təsdiqlənməməsi halında, eləcə də, həmin çeklərin dövriyyədə olması qəbul edilsə belə, onların istifadə müddətinin bitməsi barədə maddi hüquqi norması mövcuddur”.

Ali Məhkəmə öz qərarının 51-ci bəndi ilə dövlət özəlləşdirmə çeklərinin (DÖÇ) hələ də dövriyyədə olduğunu inkar etmədi, lakin Mülki Məcəllənin 384.0.5-ci madəsinin xüsusi hüquq norması olduğunu və bu normanın ümumi normadan üstün olduğunu bilə-bilə, vətəndaşlara qarşı ədalətsiz qərar çıxardı.

Bundan başqa, ərizəçilər məhkəmələrə vəsatət ilə bildiriblər ki, 2004-cü ilə qədər heç bir qanunvericilik aktı DÖÇ-lərin tədiyyə (ödəniş) vasitəsi kimi istifadə müddətini məhdudlaşdırmayıb, lakin Ulu Öndər Heydər Əliyevin vəfatından 6 ay sonra PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev və oliqarx məmurların xəyanət və cənab Prezidentin etibarından sui-istifadəsi nəticəsində, 2004-cü ildə qəbul edilən 75 saylı fərman ilə bu müddət məhdudlaşdırıldı. Həmin vaxt və bu gün də qüvvədə olan 2000-ci il tarixli 878-IQ saylı Qanunun 10-cu maddəsinə görə, “Dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə vasitəsi Azərbaycan Respublikasının tədiyyə vasitəsi - manat və qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət özəlləşdirmə payları (çekləri) hesab olunur”.

Göründüyü kimi, 75 saylı Fərman 2000-ci il tarixli 878-IQ saylı Qanunun 10-cu maddəsinə ziddir. Bunun Konstitusiya Məhkəməsi tərəfindən yoxlanılması və işin Konstitusiya Məhkəməsinə göndərilməsi tələb olundu. Lakin məhkəmələr bu ziddiyyəti və onun hüquqi nəticələrini araşdırmadığı kimi, işi Konstitusiya Məhkəməsinə də göndərmədi. Ancaq tək hakimlər deyil, bütün ziyalılar gözəl bilir ki, normativ aktların iyerarxiyası Konstitusiya ilə müəyyən olunub və bu gün qüvvədə olan Özəlləşdirmə Qanununun 10-cu maddəsi ilə çeklər ödəmə vasitəsi olmalıdır – yəni özəlləşdirmə çekləri öz hüquqi quvvəsini itirməyib.

Bu fakt birmənalıdır ki, FƏRMAN QANUNU ləğv edə bilməz!

(HÜQUQİ ƏSASLANDIRMA VƏ FAKTLARA DİQQƏT)

Özəlləşdirmə çekləri istifadə edilmədən, 2011-ci ildən sonra milyonlarla dollar dəyəri olan iri müəssisələr özəlləşdirildi. Prosesin bu işdə maraqlı olan və Ramiz Mehdiyevə yaxın oliqarx məmurlar tərəfindən aparıldığı şübhə doğurmur.

Cənab Prezident hüquqşünas deyil. Çox maraqlı haldır ki, bütün deputatlar Qanun maddəsinin Fərmanla dayandırılmasının qanunlara və Konstitusiyaya TAM ZİDD olduğunu bildirirlər – ancaq bu barədə cənab Prezidentə birbaşa Milli Məclis adından müraciət etmirlər.

Bu səbəbdən Ulu Öndər Heydər Əliyevin xalqa vədinə və qanunun aliliyinə inanıb özəlləşdirmə çeklərini ümidlə saxlayan onminlərlə ailə adından Milli Məclisə çoxsaylı müraciətlər edilir. Çek sahiblərinin deputatlara müraciətlərində bildirilir ki, yüzminlərlə vətəndaşın hüquqlarının əlindən alınmasına təcili diqqət yetirilməli və yardım olunmalıdır. Haqqı pozulan vətəndaşlar Milli Məclis üzvlərinə müraciətlərində özəlləşdirmə çeklərinin dövriyyədə ola-ola Tədiyyə-Ödəmə vasitəsi kimi istifadə müddətinin bitməsinin niyə qanunsuz olduğunu hüquqa uyğun şəkildə izah edirlər. Qeyd edilir ki, Milli Lider Heydər Əliyev dəfələrlə AzTV-dən xalqa müraciət edərək Özəlləşdirmə Çeklərini Tədavül vasitəsi kimi satmamağı - onlardan Tədiyyə-Ödəmə vasitəsi kimi istifadə edərək özəlləşdirmədə iştirak etməyi məsləhət görürdu. Hətta deyirdi ki, 10,15 -20 il kecməsindən aslı olmayaraq hər bir vətəndaş öz əmlak payını almalıdır. Deputatlardan xahiş olunur ki, Prezidentə məsələni doğru-düzgün formada çatdırsınlar, Nazirlər Kabinetindən, Konstitusiya Məhkəməsindən, bütün aidiyyəti dövlət orqanlarından vətəndaşların hüquqlarının bərpasını tələb etsinlər.

Milli Məclis üzvləri də vətəndaşların müraciətlərinə reaksiya verir, əhalinin tələbini haqlı sayır, insanların pozulan hüquqlarının bərpasının vacibliyini bəyan edirlər. İndiyədək haqq-ədaləti dəstəkləyən, hökuməti qanunun aliliyinin təmin edilməsinə çağıran və haqlı vətəndaşların mövqeyini müdafiə edən deputatların sayı 60 nəfərdən çoxdur.

Ümumiyyətlə, çek sahiblərinin tələblərinin tam qanuni olması və haqlarının bərpasının vacibliyi barədə illər boyu müxtəlif sahələr üzrə tanınmış şəxslər - elm və mədəniyyət xadimləri, hüquqşünaslar, iqtisadçılar, siyasətçilər, ictimaiyyət fəalları tərəfindən fikirlər səsləndirilib, müvafiq qurumlara çağırışlar edilib. Son illər ərzində mövzuya dair mövqelərini AYNA.AZ-a açıqlayan hüquq sahəsi üzrə bir sıra ekspertlərin fikirlərindən xülasələri təkrar oxucuların diqqətinə çatdırırıq.

Tanınmış hüquqşünas Fərhad Mehdiyev:

“Keçmiş özəlləşdirmə prosesi zamanı səkkiz milyon vətəndaşın hüquqları pozulub. Bilirsiniz ki, hər biri dörd paydan ibarət olmaqla 8 milyon özəlləşdirmə çeki əvəzsiz olaraq vətəndaşlara təqdim edilib. Nəzərdə tutulurdu ki, özəlləşdirilməli olan dövlət mülkiyyətinin hamısı bu vauçerlər vasitəsilə özəlləşdirilsin. İlkin qayda beləydi və proses bu şəkildə də həyata keçirilməli idi. Sonradan Nazirlər Kabinetinin qərarları dəyişdi və bu prosesə riayət edilmədi.

Ancaq faktiki olaraq vətəndaşlara özəlləşdirmə çekləri verildiyi andan əmlak payı hesab olunur. Hüquqi olaraq bu vauçerlər bu gün də öz aktuallığını qoruyub saxlayır. Mülkiyyət hüququ elə bir şeydir ki, o, zaman aşımı ilə öz qüvvəsini itirmir. Bu, çox vacib məqamdır. Bu, kreditor hüquq deyil. Kreditor hüquqlarda müəyyən müddət qoyula bilər. Lakin mülkiyyət hüquqlarında bunu tətbiq etmək mümkün deyil.

Əgər dövlət vauçerləri dövriyyədən çıxarırsa, onların əvəzinə kompensasiya ödəməlidir. Ya da onların özəlləşdirmə prosesində iştirakını təmin etməlidir. O zaman investisiya fondları yaradılmalı və çeklərin gələcək taleyini onlar müəyyən etməli idi. Bu yolla külli miqdarda dövlət müəssisələrinin özəlləşdirilməsi həyata keçirilməli idi. Çeklər dövriyyədən çıxarıldığı andan fond onları qəbul etməli və özəlləşdirmə prosesində iştirakını təmin etməliydi.

Lakin göründüyü kimi, bu proses baş vermədi. Qanuna da riayət olunmadı. Xeyli sayda vətəndaş, o cümlədən mən də gözləyirdik ki, bu, baş tutacaq. Hesab edirəm ki, hələ də gec deyil. Özəlləşdirmə çekləri ya dövriyyəyə qaytarılmalı, ya da kompensasiya ödənilməlidir. Vauçerlərlə bağlı investisiya fondlarının yaradılması təklifi bu gün üçün də aktualdır. Çünki qarşıda subyidalarla fəaliyyət göstərən dövlət müəssisələrinin özəlləşdirməyə çıxarılması gözlənilir”.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü İradə Cavadova:

“Özəlləşdirmə prosesi zamanı əhalinin kütləvi şəkildə aldadılması halları baş verdi. Əvvəla əhaliyə doğru-düzgün məlumat vermədilər ki, bu vauçerlərin mahiyyəti nədir, onlar harada və nə zaman istifadə edilə bilər. Sadəcə elan etdilər ki, vətəndaşlara əvəzsiz özəlləşdirmə çekləri paylanılacaq. Təbii ki, bundan da əsasən işbazlar yararlandılar. Həmin işbazların da çoxu yüksək vəzifələrdə təmsil olunan məmurlar idi. Nəticədə bu proses sadəcə formal olaraq keçirildi. Çox ucuz qiymətə əhali öz vauçerlərini satışa çıxardı. Necə ki, əvvəldə heç bir məlumat verilməmişdi, sonda da hesabatlılıq olmadı. 2011-ci ildə isə tədavül müddətinin başa çatdığını bəyan etdilər.

Bu məsələ həll olunmalıdır. Vaxtilə Sovet dövründə əhalinin depozitləri banklarda batdı. Sonradan gec və cüzi məbləğlə də olsa, onları qaytardılar. Özəlləşdirmə çekləri məsələsində də bu qayda tətbiq olunmalıdır. Digər yandan, araşdırmalar aparılmalıdır. Bu prosesin necə və hansı formada həyata keçirildiyi məsələsinə də aydınlıq gətirilməlidir. Çünki yüzminlərlə hüququ pozulmuş vətəndaşın taleyindən söhbət gedir.

Əgər biz hüquqi dövlətdə yaşayırıqsa, kütləvi şəkildə vətəndaşların hüquqlarının pozulması hallarına yol verməməliyik. Öz haqları urğunda mübarizə aparan insanlara dəstək olmalıyıq. İnanıram ki, özəlləşdirmə çekləri əllərində qalan vətəndaşların mübarizəsi yekunda öz bəhrəsini verəcək”.

Tanınmış vəkil Osman Kazımov:

“Özəlləşdirmə prosesi bütünlüklə qüsurlu təşkil olundu. Əvvəlcə bəyan etdilər ki, vətəndaşlara hər biri dörd paydan ibarət olan əvəzsiz çeklər veriləcək. Ardınca bəyan etdilər ki, bu çeklər vətəndaşları əsas pay sahiblərinə çevirəcək. Daha sonra mülkiyyətin dəyəri elan olundu. Halbuki, həmin dövr üçün kifayət qədər ciddi rəqəmlər idi. Nəticədə isə bunların heç biri baş vermədi.

Vətəndaşlar bir də onda ayıldılar ki, çeklərin tədavül müddəti bitib. Bundan istifadə edən isə, hər zaman olduğu kimi, maraqlı qüvvələr oldu. Onlar dövlət əmlakını dəyər-dəyməzinə özəlləşdirdilər. Heç bir hesabat da olmadı. Heç kim bilmədi ki, nə baş verib. Adını da qoydular “uğurlu özəlləşdirmə prosesi”.

Bütün hallarda vətəndaşların hüquqları bərpa edilməlidir. Bir halda ki, yüzminlərlə vətəndaşın vauçerləri hələ də əllərində qalıb, ən azı, onların hüquqları bərpa edilməlidir. Onsuz da gec və ya tez - bu məsələ öz həllini tapacaq”.

Sabiq deputat, hüquq elmləri doktoru, professor Qulamhüseyn Əlibəyli:

“Özəlləşdirmə prosesində vətəndaşların hüquqları pozuldu. Fərman mahiyyət etibarilə mütərəqqi addım idi. Lakin bir çox məsələlərdə olduğu kimi, bu məsələdə də icra mexanizmi olmadı. Özəlləşdirməni həyata keçirməli olan dövlət qurumları düzgün işləmədi. Sonrakı dövrdə müəyyən fırıldaqlar həyata keçirildi. Ən dəhşətlisi odur ki, bu prosesin icrasına başlanan andan bütün bunlar həyata keçirilməyə başladı.

Bu məsələ məqsədli şəkildə unutduruldu. Bu gün yüzminlərlə vətəndaş hələ də öz çeklərini özündə saxlayır. Milyonlarla vətəndaş isə onu dəyər-dəyməzinə satıb. Özəlləşdirmə prosesi necə və hansı formada həyata keçirilib, bundan da kimsənin xəbəri olmayıb. Heç hesabat verən də olmadı. Yenidən bu məsələyə qayıtmaq labüddür”.

Peşəkar hüquqşünas Fuad Ağayev:

“Ötən əsrin 90-cı illərinin sonlarında tədavülə buraxılan özələşdirmə çekləri vətəndaşların mülkiyyətinə qarşılıq olaraq verilən qiymətli kağızlar idi. Çünki Sovet dövlətinin iqtisadiyyatında onların özlərinin, valideynlərinin, ata-babalarının payları var idi. Bu baxımdan hökumətin borcu idi ki, onların bu prosesdə iştirakına şərait yaratsın. Nəzəri baxımdan şərait yaratsalar da, faktiki olaraq ölkə vətəndaşları bu prosesdə iştirak etmədilər. Vauçerlərini satanlar da, bu günə qədər qoruyub saxlayanlar da - hamısı zərərçəkənlərdir. Çünki hökumət bu prosesin şəffaf aparılmasına imkan verməyib.

Bu məsələyə mütləq qayıdılmalıdır. Çünki ölkəboyu böyük bir proses həyata keçirilib. Lakin bu proses şəffaf şəkildə aparılmayıb. Əllərində çekləri qalan vətəndaşlar var. Məhz bu səbəbdən yenidən tədavül müddəti artırılmalıdır. Əslində, hüquqi yol məhkəmələrdən keçir. Əllərində vauçerləri qalan vətəndaşlar ya birləşərək, ya da ayrı-ayrılıqda məhkəməyə müraciət etməlidirlər. Çox təəssüf ki, bu gün Azərbaycanda məhkəmələr müstəqil deyil. Mövcud Azərbaycan reallığında adətən bu cür məsələlər siyasi qərarla həll olunur. Siyasi qərarla da olsa, bu məsələ mütləq öz həllini tapmalıdır”.

Vəkillər Kollegiyasının üzvü Ayazbəy Əhmədov:

“Özəlləşdirmə çeklərinin tədavül müddəti başa çatsa da, bəzi vətəndaşlar öz çeklərindən istifadə etməyiblər. Onlar zamanında bu vauçerlərdən istifadə edə bilərdilər, amma etməyiblərsə belə, öz çeklərini qoruyub-saxlamaq da vətəndaşın hüququdur və buna da hörmətlə yanaşmaq lazımdır. Bir halda ki, yüzminlərlə vətəndaşın çekləri əlində qalıb və bu gün də istifadə olunmayıb, bu məsələyə yenidən qayıtmaq olar. Hətta deyərdim ki, zəruridir. Bu, dövlətin həmin vətəndaşların maraqlarını qoruması demək olacaq.

Çeklərin tədavülü zamanı çoxsaylı nöqsanlar yaşanıb və bunun yenidən baş verməməsi üçün ilk növbədə prosesin özü üçün zəmin hazırlanmalıdır. Təxminən, 15 ilə yaxın müddət ərzində vauçerlər tədavüldə olub. Bu müddətdə xeyli sayda hüquq pozuntuları, bəzi işbazların kütləvi şəkildə vətəndaşları aldatması, onlara çatmalı olan haqların mənimsənilməsi halları baş verib.

Tədavül müddəti yenidən artırılarsa, təkrar sui-istifadə hallarının baş verməməsi üçün, yaxşı olar ki, müvafiq araşdırma aparılsın, konkret say müəyyən olunsun və çekləri əllərində qalan vətəndaşlara kompensasiya ödənilsin”.

Peşəkar vəkil Elçin Sadıqov:

Yüzminlərlə vətəndaşın hüquqlarının pozulması ilə müşayiət olunan prosesə yenidən baxılmalıdır. Məlumdur ki, bu halda qanunvericiliyin geriyə qüvvəsi mövcuddur. Müddətin məhdudlaşdırılması ilə bağlı qərar geriyə şamil oluna bilməzdi. Digər yandan özəlləşdirmə çekləri ilə bağlı qanunvericilikdə konkret müddət nəzərdə tutulmayıb. Bu baxımdan ona hər hansı məhdudiyyət də qoyula bilməzdi.

Nəzərə alanda ki, özəlləşdirmə çekləri ilə bağlı əhali arasında ciddi maarifləndirmə işləri aparılmayıb və onlara müfəssəl məlumatlar verilməyib, prosesi başa çatmış elan etmək olmazdı. Vauçerlər qiymətli kağızdır və onlar paylanan zaman əhəmiyyəti barədə payçılar məlumatlandırılmalıydı. Göründüyü kimi, bütün bunlar baş verməyib. Ortada ciddi nöqsanların olduğuna dair əsaslı iddialar var. Bu baxımdan məsələyə yenidən baxılmalıdır.

Nazirlər Kabineti bununla bağlı qərar verməlidir: ya tədavül müddəti yenidən artırılmalı, çekləri əllərində qalan vətəndaşların prosesdə iştirakı təmin edilməli, ya da dəymiş ziyana əvəz olaraq kompensasiya ödənilməlidir. Bunun üçün Nazirlər Kabineti qərar verə bilər. Bütün hallarda müvafiq qərar olmalıdır ki, vətəndaşlar bu prosesdə iştirak edə bilsinlər. Yox əgər bunu etməyəcəklərsə, konkret olaraq bu məsələyə nöqtə qoyulmalıdır. Çekləri əllərində qalan vətəndaşlara dövlət kompensasiya ödəməlidir. Ortada hüquqları pozulmuş yüzminlərlə vətəndaş var və onları çarəsiz durumda buraxmaqla məsuliyyətdən boyun qaçırmaq olmaz”.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Mirismayıl Hadı:

“Özəlləşdirmə çeklərinin qiymətləndirilməsi düzgün aparılmayıb. O zaman bu fərman cəmiyyətdə ruh yüksəkliyi ilə qarşılandı. Çünki Azərbaycan bir sistemdən digər sistemə keçid edirdi. Sovetdən qalma dövlət əmlakları müstəqil Azərbaycan Respublikasının vətəndaşlarının, onların ata-babalarını əmlakı idi. Sovetlər dövründə kollektiv təsərrüfatçılıq deyilən anlayış vardı.

Təbii ki, o zaman bununla bağlı fərman və təsdiq edilən əsasnamə yüksək səviyyədə tərtib olunmuşdu. Həm də dövrün tələblərinə uyğun idi. Lakin sonradan bu proses dayandı və milyonlarla vətəndaşın hüquqları pozuldu. Açıq şəkildə söyləmək olar ki, özəlləşdirmə prosesi çox ciddi pozuntularla müşayiət olundu.

Hökumət bu məsələyə yenidən qayıtmalıdır. Əslində, bu məsələ çoxdan öz həllini tapmalı idi. Yüzminlərlə vətəndaş çekləri əllərində tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Vətəndaşlar çekləri cırıb tullayası deyil ki?! Hökumət bu istiqamətdə konkret addımlar atmalıdır. Vətəndaş mülkiyyət sahibidirsə, imkan yaratmaq lazımdır ki, öz hüququndan istifadə etsin”.

Təcrübəli hüquqşünas Namizəd Səfərov:

“Özəlləşdirmə prosesi məmurların SSRİ-dən miras qalan dövlət mülkiyyətini oğurlaması ilə başa çatdı. Bu fərmanda qeyd olunurdu ki, özəlləşdirmə prosesində əsas payçılar vətəndaşlar olacaq. Lakin nəticədə nə baş verdi? Müəllimlər, həkimlər, kəndlilər, sadə vətəndaşlar bu prosesdən kənarda qaldılar.

Ümumiyyətlə, hökumət açıqlama veribmi ki, özəlləşdirməyə çıxarılan müəssisələr hansılar idi və sonradan onların aqibəti necə oldu? Heç kimin heç nədən xəbəri olmadı. Bir də onda ayıldıq ki, “lələ köçüb, yurdu qalıb”. Milyonlarla insan hüquqsuz duruma düşdü. Müəyyən bir qismi əllərində olan çekləri dəyər-dəyməzinə satışa çıxarsa da, bəzi vətəndaşlarımız sona qədər prinsipiallıq nümayiş etdirdilər və oğru işbazların “oyununda” alət olmadılar.

Bu gün də həmin vətəndaşlar vauçerləri əllərində gözləyirlər. Əvvəla, bir məsələyə aydınlıq gətirilməlidir: əgər vətəndaşlar bu hüquqdan istifadə edə bilməyəcəkdilərsə, o zaman bu boyda həngaməyə nə ehtiyac vardı?! Bir halda ki, elan etmisiniz, yüzminlərlə insan bu gün də çekləri əllərində gözləyir, buyurun, onların hüquqlarını bərpa edin. Daha neçə il keçməlidir ki, bu məsələyə ədalətli şəkildə yekun vurulsun?

Baş verənlər dövlət və hüquq anlayışına uyğun gəlmir və nə qədər ki, yüzminlərlə əhalinin hüququ bərpa edilməyib, hökumət-vətəndaş münasibətlərinin inkişafından danışmaq olmaz. Dövlət vətəndaşın təminatçısı olmalıdır ki, vətəndaş da dövlətini sevsin, ona etimad göstərsin. Bəzi işbazların üzündən bu balans pozulub və təcili sürətdə bərpa olunmasına ehtiyac var”.

Vəkillər Kollegiyasının üzvü Mübariz Yolçiyev:

“Özəlləşdirmə çekləri tədavüldə olmasa da, qiymətli kağız olaraq əhəmiyyətini qoruyur. Özəlləşdirmə payı üzərində vətəndaşın hüququ mövcuddur. Vətəndaş yalnız öz istəyi ilə öz payını digərinə sata və ya bağışlaya bilər. Bunun üçün hüquqi sənədləşməyə də ehtiyac yoxdur.

Əgər çek tədavüldən çıxarılırsa, bu halda özəlləşdirmə payının dəyəri sahibinə ödənilməlidir. Çünki burada mülkiyyət hüququ var və bu hüquq ortadan qaldırılırsa, bu halda mülkiyyət hüququnun ödənilməsi vacibdir.

Özəlləşdirmə çeklərinin tədavüldən çıxarılması proseduru Mülki Məcəllənin tələb etdiyi çərçivədə həyata keçirilməyib. “Özəlləşdirmə payı” deyilən anlayışın dəyər olaraq ortadan qaldırılması üçün kompensasiya ödənilməsi vacibdir”.

QEYD

Ötən əsrin sonunda - Özəlləşdirmə Payları (çekləri) 29 sentyabr 1995-ci il 1120 nömrəli Qanunla qəbul olunmuş Dövlət  Proqramı ilə verilmişdir və Qanunun icrasını təmin etmək ücün  AR Prezidentinin 25 mart 1996-cı il tarixli 450 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə"yə uyğun olaraq (verilmişdir) paylanmışdır. Qanunla vətəndaşlara mülkiyyət sahibi olmaq üçün verilmiş qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Eyni zamanda dövriyyədə Tədiyyə-Özəlləşdirmə vasitəsi kimi istifadəsi də Qanuna və Konstitusiyaya zidd olaraq Fərmanla məhdudlaşdırılıb. Əllərində qiymətli kağız olan çekləri qalmış yüzminlərlə vətəndaş Tədiyyə-Ödəmə müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir. Çünki vətəndaşlar üçün çeklərin dövriyyədə tədavül vasitəsi ( alqı-satqı, banka girov və s.) olması vacib deyil. 100 minlərlə vətəndaş Heydər Əliyevin məsləhətinə uyğun olaraq öz çeklərindən dövriyyədə Tədiyyə-Ödəmə vasitəsi kimi istifadə edərək özəlləşdiriləcək iri müəsisələrdə pay sahibi olmaq və divident almaq ümüdi ilə öz çeklərini satmayıb – saxlayıblar.

Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.

Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.

Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.

Əlavə qeyd

Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!

Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 15 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.

Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.

Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
121
2
ayna.az

10Источники