Bakı, 23 mart, AZƏRTAC
Aparteidə qarşı dinc etiraz edən kütləyə polis tərəfindən nizamsız atəş açılması nəticəsində altmış doqquz nəfər ölüb. BMT-nin Baş katibi Antonio Quterreş İrqi ayrı-seçkiliyin ləğvi uğrunda Beynəlxalq Mübarizə Gününə həsr olunmuş çıxışını Şarpvil faciəsini xatırlamaqla başlayıb.
AZƏRTAC xəbər verir ki, BMT-nin Baş katibi bu faciə haqqında xatirənin irqçiliklə mübarizənin mühüm simvolu olaraq qaldığını vurğulayıb.
1960-cı il martın 21-də Cənubi Afrikada baş verən etiraz aksiyası silahsız nümayişçilərin kütləvi şəkildə güllələnməsi ilə nəticələnib və bu hadisə bütün dünyada geniş etiraz dalğası doğurub. BMT Təhlükəsizlik Şurası 134 saylı qətnamə ilə Cənubi Afrika Respublikasının hökumətinin hərəkətlərini pisləyib.
Antonio Quterreş qeyd edib ki, irqi ayrı-seçkilik insan hüquqlarının birbaşa pozulmasıdır. Onun sözlərinə görə, irqçilik anadangəlmə deyil, sonradan qazanılan xüsusiyyətdir. “Bu, geniş yayılmış davranış formasıdır və dağıdıcı nəticələrə gətirib çıxarır”, – deyə Baş katib bildirib.
O vurğulayıb ki, irqçiliyin nəticələri köləlik, müstəmləkəçilik və zülmün irsində bu gün də hiss olunur. Bu nəticələr iqtisadi, sosial və siyasi bərabərsizlikdə də öz əksini tapır. “İrqçilik ağdərililərin üstünlüyünü müdafiə edənlərin və digər ekstremist qrupların iyrənc əməllərinin əsasını təşkil edir. Bu, etimadsızlıq yaradır, cəmiyyətdə parçalanmaya səbəb olur və insanları ləyaqətindən məhrum edir”, – deyə BMT-nin Baş katibi bildirib.
Onun sözlərinə görə, bu gün rəqəmsal mühitdə nifrətin yayılması xüsusi narahatlıq doğurur. Yeni texnologiyalar çox vaxt real həyatda zorakılığa səbəb olan yanlış təsəvvürlərin və stereotiplərin yayılmasına şərait yaradır.
Baş katib həmçinin qeyd edib ki, ksenofobiya və irqçilik getdikcə daha çox siyasi diskursun tərkib hissəsinə çevrilir və ictimai məkanda normallaşır. “Rəqəmsal platformalarda və siyasi diskursda irqçilik və ksenofobiyanın adi hala çevrilməsi məni dərin narahat edir”, – deyə o bildirib.
Antonio Quterreş dövlətlərin, biznesin və cəmiyyətin birgə fəaliyyətinin vacibliyini vurğulayıb: “Gəlin hər bir insanın ləyaqəti, hüquqları və mənsubiyyət hissi uğrunda mübarizə aparaq. Birlikdə irqçiliyin ləkəsini dünyamızdan silməyə söz verək”, – deyə Baş katib bildirib.