RU

Aqrar sığorta zərfinə yeni bitkilərin əlavə ediləcək – MÜSAHİBƏ

Yaz ayları təbiətin oyanması ilə yanaşı, müxtəlif təbiət hadisələrinin sayının artması dövrüdür. Xüsusilə də mart ayında respublikanın müxtəlif yerlərində hava şəraitinin dəyişməsi, qeyri-sabit hava müşahidə edilir. Belə hallardan ən çox təsirlənən sahələrdən biri də kənd təsərrüfatıdır. Azərbaycanda da mart ayının qeyri-sabit keçməsi, şaxtavurma və fırtınalar artıq yüzlərlə hektar əkin sahəsinə zərər vurub. Əvvəllər bu sahədə fermerləri qoruyan mexanizm olmasa da, 2020-ci ildən etibarən tətbiq olunan aqrar sığorta sistemi belə hallarda əkin sahələrinə dəyən zərərləri qarşılamağa imkan verir.

Təbiət hadisələri nəticəsində təsərrüfatlara dəymiş zərərlərin qarşılanması və aqrar sığortada gözlənilən yeniliklər, o cümlədən sığorta zərfinə əlavə ediləcək yeni bitkilər və gələcəkdə quraqlıq hallarından sığorta ilə bağlı sualları Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin müşaviri Rəvan Səmədli cavablandırır.  

— Rəvan müəllim, yaz ayları təbiətin şıltaqlığı müşahidə olunan dövrdür. Bu hallar kənd təsərrüfatına necə təsir edir?  

— Çox aktual bir mövzuya toxunursunuz. Bilirsiniz ki, artıq son bir neçə ildir beynəlxalq müstəvidə iqlim dəyişiklikləri ilə bağlı geniş müzakirələr gedir və bu mövzuda böyük tədbirlərdən biri də Azərbaycanda keçirildi. Təbiətin şıltaqlığı, hava şəraitinin qeyri-stabil keçməsi digər sahələrdə olduğu kimi, kənd təsərrüfatında da mənfi tərəfdən öz ciddi təsirini göstərir. Aqrar sığorta mexanizmi də məhz belə hallarda təsərrüfatlara dəyən zərərləri qarşılamaq üçün yaradılıb.

Son dövrlər ölkədə müəyyən regionlarda havaların şaxtalı keçməsi, normadan artıq qarın yağması, yağıntıların olması və fırtına hadisəsi ilə bağlı fermerlərdən kifayət qədər müraciət daxil olub. Həmin müraciətlərə baxdığımız zaman görürük ki, martın ilk 10 günlüyündə 38 fermer tərəfindən ümumilikdə 670 hektar kənd təsərrüfatı sahəsində zərər dəyməsi barədə müraciət daxil olub.  

— Daha ətraflı məlumat varmı, daha çox hansı bölgələrdə fermerlər və kənd təsərrüfatı obyektləri zərər görüb?  

— Əlbəttə, dediyimiz kimi, 38 fermerdən müraciət daxil olub. Bunlardan 31 müraciət, yəni ortalama 82%-i kənd təsərrüfatının taxıl sahələrinə — əsasən arpa və buğda sahələrinə dəymiş zərərlərdir. Müraciətlərin 18 faizi isə meyvə bağları və tingçilik sahəsinə aiddir. Daxil olan müraciətləri analiz etdikdə, Şəmkir rayonunda meyvəçilik sahəsində fırtınadan çox ciddi zərərlərin olması ilə bağlı müraciətlər daxil olub. Şimal bölgəsi üzrə, yəni Quba və Qusarda şaxtavurma hadisələri baş verib. Ümumilikdə 38 müraciətdən 14-ü yalnız Qobustan rayonundan daxil olub. Burada taxıl sahəsində qum fırtınasının olması ilə bağlı müraciətlər var.  

— Aqrar Sığorta Fonduna fermerlərin müraciətləri daxil olduqdan sonra nə baş verir?

— Qaydalara görə, müraciət daxil olandan dərhal sonra həmin təsərrüfata baxış keçirilməsi və hadisənin araşdırılması məqsədilə müstəqil aqrar sığorta eksperti təyin olunur. Hazırda qeyd etdiyim müraciətlər üzrə müstəqil ekspertlər tərəfindən sahədə ekspertiza və ilkin qiymətləndirmə aparılır. Qiymətləndirmə nəticəsi bitdikdən sonra fermerlərlə əlaqə saxlanılıb məlumat veriləcəkdir.

Fürsətdən istifadə edib fermerlərimizə bildirmək istəyirəm ki, baş verən hadisələr barədə Aqrar Sığorta Fonduna vaxtında müraciət edib məlumat versinlər. Çünki təbiət hadisələri ilə bağlı vaxtında müraciət etməyəndə, müəyyən bir dövr keçəndən sonra müstəqil ekspertlər tərəfindən zərərin tam olaraq qeydə alınması və hesablanması çətinləşir. Ona görə də biz fermerlərə müraciət edirik ki, ən çoxu 10 gün ərzində hadisə ilə bağlı mütləq şəkildə 1651 qaynar xəttimizə məlumat versinlər.  

— Rəvan müəllim, bu hadisələrin araşdırılması və fermerlərə ödənişin verilməsi nə qədər vaxt çəkəcək?  

— Qaydalara görə, əkin sahəsində hadisə baş verdikdə, ekspert tərəfindən iki dəfə – ilkin və yekun qiymətləndirmə aparılır. İndiki dövrdə, yəni hazırda payızlıq əkinlər və meyvə bağları fenoloji dövr olaraq yetişmə mərhələsindədir. Yəni hazırda baş vermiş hadisəyə görə dəymiş zərərlər üzrə dəqiq hesablamalar aparmaq mümkün deyil, çünki bu, hələ ilkin ekspertizadır. Adətən bu baxış zamanı əsasən zərərin səbəbi, yeri və əhatəsi müəyyən olunur.

Yekun qiymətləndirmə isə (hansı ki, dəqiq hesablamalar aparılır və fermerlərə onun əsasında ödəniş edilir) taxılın və ya meyvənin yığım dövrünə 10 gün qalmış həyata keçirilir. Biz buna görə fermerlərə bildiririk ki, məhsul yığımından 10 gün əvvəl bizə məlumat versinlər. Yekun ekspertiza may ayının son 10 günündən başlayaraq iyun ayı ərzində aparılacaq. Bu zaman dəymiş yekun zərər, yəni fermerin gözlədiyi məhsuldarlıq ilə zərərdən sonra qalan məhsuldarlıq arasındakı fərq zərər kimi hesablanacaq.  

— Daha aydın anlaşılsın deyə, misal üzərindən izah edə bilərsiniz?

— Əlbəttə, nümunə üçün desək, 10 hektar taxıl sahəsinin, tutaq ki, 4 hektarında sel-subasma hadisəsi baş verib. İndiki dövrdə (taxıllarda kollanma dövrüdür) ekspert sahəyə gəlir, zərər dəymiş həmin 4 hektarın koordinatlarını və ölçüsünü dəqiqləşdirir. Müvafiq proqram vasitəsilə zərər hesablanır və tutaq ki, ilkin olaraq 40 faiz zərər müəyyən edilir. Amma dəymiş zərərin daha dəqiq həcmi və məbləği məhsulun tam yetişmə dövründə məlum olur. Məhz buna görə həmin vaxt yekun qiymətləndirmə həyata keçirilir.  

— Fermerlərin bu proses və ümumilikdə aqrar sığorta haqqında məlumatları nə qədərdir? Onlar aqrar sığortadan faydalanırlarmı?

— Düşünürəm ki, fermerlərin artıq aqrar sığorta ilə bağlı məlumatları kifayət qədər genişdir. Aqrar Sığorta Fondu olaraq 2020-ci ildən fəaliyyətə başlamışıq. Bu dövr ərzində zərər çəkmiş fermer və təsərrüfatlara təkcə bitkiçilik sahəsində 22 milyon manatdan çox ödəniş edilib. Təkcə 2025-ci ildə zərərlə üzləşən fermerlərə 8.8 milyon manat ödəniş aparılıb. Aqrar sığorta və onun faydaları barədə ölkənin bütün ərazilərində mütəmadi olaraq fermerlərlə görüşlər keçirilir. Bu görüşlər yerli icra orqanlarının və DAİM-lərin dəstəyi ilə təşkil olunur. Eləcə də sosial şəbəkələrdə, Aqrar Sığorta Fondunun və Kənd Təsərrüfatı Nazirliyinin saytında fasiləsiz məlumatlandırma işləri aparılır. 1651 qaynar xəttimiz 24 saat aktivdir. Sığorta təminatları, şərtləri öyrənmək və ya aqrar sığorta haqlarını hesablamaq üçün isə Fondun saytındakı sığorta kalkulyatorundan istifadə edə bilərlər.  

— Rəvan bəy, bir qədər Aqrar Sığorta Fondunun gələcək planları barədə danışaq. Yeni məhsulların əlavə edilməsi və ya risklərin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulurmu?  

— İlk fəaliyyətə başlayanda biz 14 bitki növünü sığorta edirdik, indi (2026-cı ildə) 41 növ bitki sığortalayırıq və hazırda yeni layihə üzərində çalışırıq. Layihəyə əsasən sığortalanan bitki növlərinin sayını 59-a qaldırmağı planlaşdırırıq. Bu planlar fermerlərin Fonda olan müraciətlərinə əsaslanır. Daha 18 bitkinin sığorta zərfinə salınması gözlənilir, buraya həm tərəvəzçilik, həm meyvəçilik istiqamətindəki bitkilər aiddir. Nümunə olaraq xiyar, badımcan, bibər, həmçinin püstə, innab, feyxoa kimi bitkiləri qeyd edə bilərəm.  

— Fermerlər öz məhsullarının da sığorta zərfinə salınmasını istəyirlərsə, deməli, onların məlumatlılıq dərəcəsi artır, elədirmi?  

— Təbii ki, artıq onlar da öz məhsullarını, gəlirlərini qorumağa çalışırlar. Əlavə olaraq, dənli bitki əkinçiliyində quraqlıq riski var. Bu, kənd təsərrüfatının ən böyük risklərindən hesab olunur və düşünürəm ki, biz yaxın zamanda o riski artıq təminat altına ala biləcəyik. Bu layihə artıq hazırlanma prosesindədir. Beynəlxalq şirkətlərlə əməkdaşlıq edirik və yaxın zamanda həm bitki növlərinin sayının artırılması, həm də yeni təminat paketinin əlavə edilməsi həyata keçiriləcək.  

— Deməli, gələcəkdə quraqlıq riski də sığortalana bilər? — Bəli, quraqlıq böyük bir riskdir, onun təminata götürülməsi ciddi araşdırma tələb edir. Misal üçün, Türkiyənin TARSİM modeli 2006-cı ildə fəaliyyətə başlayıb, quraqlıq riski isə yalnız 2019-cu ildə — 13 il sonra təminata alınıb. Biz isə 6-cı ildir fəaliyyətə başlamışıq və artıq quraqlıq riskini təminata almağa çalışırıq. Əsas məqsədimiz fermerlərin yanında olmaq, onların gəlirlərini qorumaqdır.  

— Ümid edək ki, nəticələr də çox uğurlu olacaq. Rəvan müəllim, müsahibəyə və geniş məlumata görə təşəkkür edirik.

— Siz sağ olun.

Избранный
9
2
marja.az

3Источники