RU

Qafqaz regionunda və MDB məkanında ən böyük heyvandarlıq kompleksi “Şirvan Aqro”

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Müəssisədə Azərbaycanın və Cənubi Qafqazın ən böyük “Karusel” tipli süd sağımı, həmçinin “Paralel” sağım sistemləri yaradılıb

Şamaxı, 24 mart, AZƏRTAC

Şamaxıdakı “Şirvan Aqro” heyvandarlıq kompleksi ölkəmizdə alternativ və yaşıl enerjidən istifadə olunan ilk belə təsərrüfatdır.

Kompleksin məhsul istehsalı və realizasiya üzrə məsləhətçi Ələsgər Abbasov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, təxminən 100 hektar ərazini əhatə edən kompleksin yaradılmasında əsas məqsəd əhalinin yüksək keyfiyyətli süd və ət məhsulları ilə təmin olunması, bu məhsulların ixrac imkanlarının genişləndirilməsi, eləcə də regionun inkişafına, xüsusən Şamaxı və ətraf rayonlarda məşğulluğun artırılmasına töhfə verməkdir. Kompleksdə ümumilikdə 9000 baş heyvanın saxlanılması üçün şərait yaradılıb. Bunlardan 3200 başı südlük, 3000 başı ətlik mal-qara, 2800 başı isə buzovlardır. Hazırda burada Holşteyn-Friz, Limuzin, Aberdin-Anqus və digər cins heyvanlar bəslənilir.

Mütəxəssis bildirib ki, ən son texnologiyalarla təchiz edilən və süni intellekt vasitələri ilə idarə olunan bu kompleks Qafqaz regionunda və MDB məkanında ən böyük heyvandarlıq müəssisələrindən biridir. Kompleksdə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün dünyanın qabaqcıl texnologiyalarının tətbiqini öyrədəcək Təlim-Tədris Mərkəzi də fəaliyyət göstərəcək.

Müəssisədə Azərbaycanın və Cənubi Qafqazın ən böyük “Karusel” tipli süd sağımı, həmçinin “Paralel” sağım sistemləri yaradılıb. Hər bir sağım nöqtəsində süd keyfiyyətinin onlayn analizatoru quraşdırılıb. Ölkədə südün 32 dərəcədən 4 dərəcəyədək sürətli soyudulması üçün qabaqcıl sistem, həmçinin dünyadakı ən son genetik materiallar əsasında fəaliyyət göstərən, süd həcminin artırılmasını təmin edən ilk Reproduksiya Mərkəzi yaradılıb.

Saxlanılan heyvanlar arasında xəstəliklərin erkən diaqnozu və tez bir zamanda müalicəsi üçün tətbiq olunan innovativ sürü idarəetmə sistemi mövcuddur. Burada real vaxtda sürü inkişafı monitorinqinin həyata keçirilməsi, kökəltmənin səmərəli idarə edilməsi və çəkinin elektron hesablanması üçün xüsusi tərəzi sistemi tətbiq olunur.

Heyvanların identifikasiya və sağlamlıq vəziyyətinin qeydiyyatı, eyni zamanda, mayalanmanın dəqiq vaxtının müəyyən edilməsi üçün elektron boyunbağılardan istifadə olunur.

Kompleksdə innovativ və xüsusi stasionar avadanlıqlarla təchiz edilən yem mərkəzi də fəaliyyət göstərir. Burada, həmçinin innovativ sistemlərlə təchiz olunan, “Dry Age” otağına malik ət kəsimi məntəqəsi yaradılıb.

Müəssisədə Şamaxı və ətraf rayonların 200-dən çox sakini işlə təmin olunub. Kompleksin ərazisində digər rayonlardan buraya işləməyə gələnlər və xarici mütəxəssislərin qalması üçün yaşayış binası da var.

Qeyd edək ki, bu cür müasir kompleksin istifadəyə verilməsi, ilk növbədə, kənd təsərrüfatının mühüm sahələrindən olan heyvandarlığın inkişafına və ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verir. Layihənin icrası, həmçinin ümumilikdə regionun kənd təsərrüfatı potensialının artırılmasında böyük rol oynayır. Bu cür təsərrüfatlarda müasir texnologiyaların tətbiqi isə məhsuldarlığın artırılmasına, heyvanların sağlam şəraitdə saxlanmasına və istehsal xərclərinin azaldılmasına zəmin yaradır. Bu kompleksin fəaliyyətə başlaması, eyni zamanda, ölkəmizin ixrac potensialının artırılmasına müsbət təsir edəcək.

Müxbir- Rəşad Türkoğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
10
azertag.az

10Источники