RU

İsrailin təhlükəsizlik elitasında “İran çatlağı”: Mossad və ÇAXAL qarşı-qarşıya

İsrailin təhlükəsizlik sistemində gərginlik pik həddə çatıb. Söhbət İsrail Müdafiə Ordusu (ÇAXAL) və kəşfiyyat xidməti “Mossad” arasındakı ciddi ixtilaflardan gedir. Mənbələrin verdiyi məlumata görə, hərbçilərin bir hissəsi kəşfiyyatı kəskin tənqid edir.

KONKRET.az xəbər verir ki, ordu rəsmiləri “Mossad”ın İran rejiminin dayanıqlılığını düzgün qiymətləndirmədiyini iddia edirlər. Onların versiyasına görə, kəşfiyyat Ali Rəhbər Əli Xameneyi və digər əsas fiqurların zərərsizləşdirilməsi, həmçinin idarəetmə sistemlərinə silsilə zərbələrdən sonra Tehrandakı hakimiyyətin sürətlə süqut edəcəyini proqnozlaşdırıb. Lakin hərbçilər bildirirlər ki, bu gözləntilər doğrulmayıb – İran ciddi itkilər versə də, rejim öz varlığını qoruyub saxlayıb. “Walla” nəşrinin yazdığına görə, məhz bu fon kəşfiyyatın ünvanına “səhv qiymətləndirmə” ittihamlarının səslənməsinə səbəb olub.

“Mossad” isə öz növbəsində bu tənqidləri rədd edir. Əməliyyatın hazırlanmasında iştirak edənlər bildirirlər ki, kəşfiyyat heç vaxt hakimiyyətin sürətlə devriləcəyinə dair vəd verməyib və proqnozlar kifayət qədər ehtiyatlı olub. Qeyd olunur ki, xidmətin rəhbəri David Barnea bu hesabatları hələ əvvəlcədən İsrail və ABŞ rəhbərliyinə, o cümlədən müdafiə naziri İsrael Katsa təqdim edib. “Mossad”ın mövqeyinə görə, söhbət aylarla, bəlkə də bir ildən çox çəkəcək uzunmüddətli prosesdən gedir və ölkə daxilində sürətli üsyan ehtimalı aşağı qiymətləndirilib.

Mənbələrin bir qismi hesab edir ki, bu tənqidlərin bir ucu da ABŞ-a dayanır, çünki orada əməliyyatın əleyhinə olan müəyyən qüvvələr var. Bununla belə, İsrail daxilində ordu və kəşfiyyat arasındakı rəqabət yeni deyil. Hələ ötən kampaniyalar zamanı kəşfiyyat agentlərinin videolarının yayılması orduda narazılıq yaratmışdı; hərbçilər hesab edirdi ki, “Mossad” aviasiyanın uğurlarını öz adına çıxarmağa çalışır.

Hazırda tərəflər qarşılıqlı ittihamları davam etdirsələr də, “Mossad”ın əməliyyatları Baş nazir Benyamin Netanyahu ilə sıx koordinasiyada davam edir. Bütün addımlar siyasi rəhbərlik tərəfindən təsdiqlənir və kabinet mütəmadi hesabatlar alır. İran ətrafındakı qarşıdurmanın isə hələ başa çatmadığı vurğulanır.

Natiq Səlim,
KONKRET.az

Избранный
7
1
konkret.az

2Источники