RU

Moldova məcburi hərbi təlim tətbiq edəcək – Rusiyadan ehtiyat edir

Moldova hakimiyyəti 18-55 yaş arası kişilər üçün məcburi hərbi təlim tətbiq etmək niyyətindədir.

Musavat.com xarici mətbuata istinadla xəbər verir ki, müdafiə naziri Anatoli Nosatıy jurnalistlərə bununla ordunun əməliyyat imkanlarının artacağını və təhdidlərə tez cavab verə bilən ehtiyat qüvvə yaranacağını bildirib.

"Milli ordu üçün müqaviləli və çağırışlı hərbçilərin cəlb edilməsinin qarışıq sisteminə əlavə olaraq, 18-55 yaş arası bütün kişilər dövlət hesabına məcburi hərbi təlim keçəcəklər. Biz bu konsepsiyanın effektiv şəkildə həyata keçirilməsi üçün ən yaxşı həll yollarını tapmağa çalışırıq", - deyə müdafiə naziri bildirib. O, təşəbbüsün silahlı qüvvələr üçün mövcud ehtiyat təlim sisteminin yenidən nəzərdən keçirilməsi planının bir hissəsi kimi həyata keçirildiyini və böhran vəziyyətlərində effektiv şəkildə cavab verə bilən təlim keçmiş ehtiyat qüvvəsinin yaradılmasını nəzərdə tutduğunu vurğulayıb. Təlim altı həftəyə qədər davam edəcək və qadınlar könüllü olaraq iştirak edə biləcəklər.

Nazirin sözlərinə görə, konsepsiyaya “Silahlı qüvvələrin ehtiyatı haqqında” qanuna, “Vətənin müdafiəsinə vətəndaşların hazırlanması haqqında” qanuna, “Hərbi qulluqçuların maddi məsuliyyəti haqqında” qanuna və “Hərbi qulluqçuların statusu haqqında” qanuna düzəlişlər daxildir.

Bundan əvvəl Moldova parlamenti prezident Maya Sandunun təklif etdiyi və Rusiyanı əsas təhlükə kimi müəyyən edən milli təhlükəsizlik strategiyasını təsdiqləyib. Başqa sözlə, Moldovanın öz hərbi qüvvələrini “həmişə hazır” vəziyyətə gətirməsinin əsas səbəbi Rusiyadan gözlədiyi aqressiyadır.

Musavat.com

Избранный
35
1
musavat.com

2Источники