Böyük Britaniyada turizm sektoruna birbaşa təsir edəcək yeni bir "tətil vergisi" planı gündəmə gəlib. Hökumət tərəfindən üzərində işlənən yeni qayda ölkədə qalan turistlərdən əlavə bir haqq tutulmasını nəzərdə tutur.
"Cebheinfo.az" xəbər verir ki, layihəyə görə, bu tədbir otellər, hostellər, qısamüddətli kirayə evlər və səhər yeməyi daxil olmaqla, bütün növ yaşayış yerlərini əhatə edəcək.
Nəzərdən keçirilən variantlara, verginin ya yerləşmə dəyərinə faiz olaraq əlavə edilməsi və ya adambaşına, yaxud gecəlik otaq başına sabit bir haqq kimi tətbiq edilməsi daxildir. Nəzərdə tutulan bu tətbiqə görə, 5% əlavə haqq, adambaşına gecəlik 2 funt-sterlinq və ya gecəlik otaq başına 2 funt-sterlinq daxildir.
Plan tətbiq olunarsa, Böyük Britaniyadakı yerli hakimiyyət orqanlarına bu cür əlavə haqqlar tətbiq etmək səlahiyyətinin veriləcəyi nəzərdə tutulur. Beləliklə, həm yerli turistlər, həm də ölkəyə gələn xarici qonaqlar qaldıqları müddətdə bu əlavə xərclə üzləşəcəklər.
Hökumət və sektor nümayəndələri arasında məsləhətləşmə prosesi ötən ay başa çatsa da, tənzimləmənin əhatə dairəsi və dərəcələri ilə bağlı son qərarın qarşıdakı dövrdə aydınlaşdırılması gözlənilir.
Digər tərəfdən, plan turizm və qonaqpərvərlik sektorunda da müzakirələrə səbəb olub. "Oxford Economics"-in təhlilləri göstərir ki, müxtəlif vergi ssenariləri turizm xərclərinin azalmasına və iş yerlərinin itirilməsinə səbəb ola bilər. Məsələn, 5% verginin milyardlarla funt sterlinq xərc itkisinə və on minlərlə iş yerinin ixtisarına səbəb olacağı proqnozlaşdırılır.
Sektorun aparıcı təşkilatı olan UKHospitality hökuməti planı geri götürməyə çağırıb. Nümayəndələr iddia edirlər ki, əlavə xərclər tətil qiymətlərini artıra, xüsusən də daxili turizmi zəiflədə və ölkənin rəqabət qabiliyyətinə mənfi təsir göstərə bilər.
Müzakirələrin davam etdiyi bir vaxtda "tətil vergisi"nin tətbiq edilib-edilməyəcəyi və hansı modelin seçiləcəyi turizm sektoru üçün çox vacib olacaq.