RU

Rüsum dövrü bitdi: Ucuzlaşma olacaq, yoxsa…

Azərbaycanın avtomobil bazarında klassik və nadir nümunələrə marağı olanlar üçün tarixi bir yenilik qüvvəyə minib. 

NOCOMMENT.az xəbər verir ki, martın 25-dən etibarən Vergi Məcəlləsinə edilən mühüm dəyişikliklər rəsmən tətbiq olunmağa başlayıb və bu gündən raritet avtonəqliyyat vasitələrinin ölkəyə idxalı ƏDV, aksiz və gömrük rüsumlarından tam azad edilib.

Qanunvericiliyə əsasən, istehsal tarixindən 40 ildən çox vaxt keçmiş, mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya ilkin halına gətirilmiş nəqliyyat vasitələri raritet (Nadir) hesab olunur. Yeni qaydalara görə, bu güzəştdən yararlanmaq üçün müvafiq dövlət qurumunun təsdiqedici sənədi tələb olunur və bir şəxs təqvim ili ərzində cəmi bir belə avtomobil gətirə bilər.

Məsələ ilə bağlı NOCOMMENT.az -a danışan iqtisadçı ekspert Əkrəm Həsənov qeyd edib ki, bu qərar ölkədə klassik avtomobil mədəniyyətinin formalaşmasına və nadir texnikaların qorunub saxlanılmasına birbaşa xidmət edir:

“Əvvəllər köhnə avtomobillərin idxalı zamanı tətbiq olunan yüksək aksiz dərəcələri və gömrük rüsumları bu cür nadir eksponatların ölkəyə gətirilməsini iqtisadi baxımdan qeyri-mümkün edirdi. Dövlət bu addımı ilə raritet avtomobilləri adi nəqliyyat vasitəsi deyil, mənəvi və tarixi dəyəri olan kolleksiya nümunəsi kimi tanıdığını nümayiş etdirdi. Bu, həm də turizm potensialı və müxtəlif sərgilərin təşkili üçün yeni perspektivlər açır”.

Əkrəm Həsənov

Ekspert bu qərarın ümumi avtomobil bazarındakı qiymətlərə təsirinə də toxunaraq bildirib ki, bu güzəştlər kütləvi ucuzlaşmaya səbəb olmayacaq:

“Vətəndaşları ən çox maraqlandıran məqam budur ki, bu qərar ölkədə avtomobillərin ucuzlaşmasına gətirib çıxaracaqmı? Xeyr, bu dəyişiklik ümumi avtomobil bazarında qiymətlərin enməsinə səbəb olmayacaq. Çünki söhbət gündəlik istifadə olunan nəqliyyat vasitələrindən deyil, yaşı 40-ı keçmiş nadir eksponatlardan gedir. Bu avtomobillər hər kəs üçün deyil, konkret kolleksionerlər və həvəskarlar üçün nəzərdə tutulub. Odur ki, bu addım sadəcə raritet seqmentində idxal xərclərini azaldacaq, lakin orta statistik avtomobil alıcısının büdcəsinə təsir etməyəcək”.

O, həmçinin vurğulayıb ki, tətbiq olunan illik kvotalar bazarda yarana biləcək sui-istifadə hallarının qarşısını almaq üçün nəzərdə tutulub:

“Qanunda nəzərdə tutulan “ildə bir nəfər üçün bir avtomobil” və “ölkə üzrə cəmi 10 ədəd” limiti çox düzgün düşünülmüş mexanizmdir. Bu, imkan verməyəcək ki, kimsə güzəştlərdən istifadə edərək ölkəyə kütləvi şəkildə istismara yararsız köhnə maşınlar doldursun. Məqsəd məhz həqiqi raritetlərin, yəni muzey eksponatı səviyyəsində olan texnikaların gətirilməsini stimullaşdırmaqdır. Beləliklə, həm dövlət büdcəsinin maraqları qorunur, həm də kolleksionerlərə real dəstək verilir”.

Tunar
NOCOMMENT.az

Избранный
30
nocomment.az

1Источники