RU

Tramp sülh deyir, bombalar susmur KONKRET

ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Trampın müharibəyə son qoymağa çağıran açıqlamaları diqqət çəksə də, döyüş meydanında gərginlik azalmaq əvəzinə daha da artır. Bu kontekstdə Abbas Arakçinin sərt və aydın bəyanatları tarazlığı pozan mühüm faktor kimi önə çıxır. İran həm diplomatik, həm də hərbi baxımdan kritik bir dövr yaşayarkən, Arakçi əsas fiqurlardan birinə çevrilib. Bununla yanaşı, diplomatik dairələrdə tamamilə fərqli iddialar səsləndirilir.

Bəs bu qarşıdurmanın arxasında nə dayanır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasətçi Tural Abbaslı bildirib ki, həm İran, həm də ABŞ müharibənin tezliklə başa çatmasında maraqlıdır. Onun sözlərinə görə, hər iki tərəf qarşıdurmadan qalib kimi çıxdığını göstərməyə çalışır:

“Bu münaqişədən sonra əldə olunacaq siyasi dividendlərdən daxili siyasətdə istifadə etmək niyyəti var. İran üçün bu, rejimin möhkəmlənməsi və Müctəba Xamenei ilə bağlı yeni siyasi konfiqurasiyanın cəmiyyət tərəfindən qəbul olunmasına xidmət edir”, – deyə o qeyd edib.

Abbaslı əlavə edib ki, ABŞ-da keçiriləcək aralıq seçkilər və Donald Trampın siyasi taleyi də bu qarşıdurmanın nəticələrindən asılıdır. Bu səbəbdən tərəflər bir tərəfdən sülh mesajları versə də, digər tərəfdən sərt ritorikanı davam etdirirlər:

“Bir tərəfdən sülh istədiklərini bildirirlər, digər tərəfdən isə məğlub olmadıqlarını göstərməyə çalışırlar. Tramp müəyyən dairələrlə danışıqlar apardığını deyir, paralel olaraq İran ərazilərinə zərbələr endirilir. Digər tərəfdən, İran daxilində də bəzi şəxslərin ABŞ administrasiyası ilə təmasda olduğu iddia olunur. Lakin rəsmi Tehran bunu inkar edir və qisas çağırışları səsləndirir”, – deyə siyasətçi vurğulayıb.

Onun fikrincə, mövcud vəziyyətdən ən çox faydalanan tərəf İsraildir və məhz bu ölkə münaqişənin uzanmasında maraqlıdır.

“Bu qarşıdurma nə ABŞ-a, nə İrana, nə də region ölkələrinə sərf edir. Eyni zamanda, hər iki ölkədə daxili siyasi çəkişmələrin dərinləşməsi ehtimalı da artır. Müxtəlif siyasi qruplar belə mürəkkəb dövrlərdən öz maraqları üçün istifadə etməyə çalışır. Bu səbəbdən proseslər kənardan xaotik görünür”, – deyə Abbaslı qeyd edib.

Sonda siyasətçi əlavə edib ki, mövcud gərginliyin uzunmüddətli olacağı inandırıcı görünmür.

Dəniz Pənahova

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
21
1
konkret.az

2Источники